Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:53

'Bahalıqla yoxsulluq qonşudur'


Azərbaycan əsgəri
Azərbaycan əsgəri

Qarabağ münaqişəsi, özəlləşdirmə, enerjidaşıyıcıların qiymətinin artması və bunun mümkün təsirləri bu gün medianın aparıcı mövzusudur...

QARABAĞ DANIŞIQLARI…

«Azərbaycan» qəzetində «Uğurlu diplomatiya real nəticələr verir» sərlövhəli məqalədə Qarabağ münaqişəsi müzakirə edilir.

Məqalədə deyilir ki, dünyada baş verən geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi siyasi mənzərəyə mənfi təsir göstərir. Müəllifin fikrincə, artıq Qarabağ münaqişənin həlli məsələsi regional müstəvidən çıxaraq beynəlxalq səciyyə daşımağa başlayıb: «Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər».

Məqalədə vurğulanır ki, danışıqlarda vasitəçi olan Minsk qrupu həmsədrlərinin Ermənistana zəruri təzyiqlər etməməsi bu ölkəni destruktiv mövqedən çıxış etməyə şirnikləndirən başlıca səbəblərdən biridir.

Müəllif yazır ki, bu ilin aprelində Qarabağ cəbhəsində Ermənistanın təxribat törətməsi də ona təzyiqlərin olmamasının nəticəsi idi.

Məqalədə qeyd edilir ki, həmin dördgünlük müharibədə Ermənistana dərs verilib və onlar yenidən danışıqlarda iştirak ediblər.

Müəllif yazır ki, Azərbaycanın artan qüdrəti qarşısında Ermənistan son dərəcə dərin sosial-iqtisadi böhran keçirir.

Məqalədə vurğulanır ki, Azərbaycanın qüdrəti qarşısında xaricdən gələn ianələrin ümidinə qalan Ermənistan uzun müddət duruş gətirə bilməz.

Nemət Əliyev
Nemət Əliyev

ZƏNCİRVARI BAHALAŞAMA

Azadliq.info-da «Əhalini var-yoxdan çıxaracaq bahalaşmaya start verilib» sərlövhəli məqalə oxumaq olar. Yazıda iqtisadçı Nemət Əliyevin ölkədə baş verən son qiymət artımına dair fikirlərinə yer verilib.

Müəllif yazır ki, Tarif Şurasının noyabrın 28-də enerjidaşıyıcıların və bəzi dərmanların qiymətlərinin artırılması ilə bağlı qərarı manatın get-gedə dəyərdən düşməsinin nəticəsidir.

Yazıda vurğulanır ki, bahalaşma bununla bitmir. Müəllifin fikrincə, bahalaşma zəncirvarı qaydada bundan sonra da davam edəcək.

Nemət Əliyev qəzetə deyib ki, növbəti bahalaşma dalğasından artıq qaçmaq mümkün deyil: «Bu qərarın təsiri ilə elektrik enerjisindən, təbii qazdan, reaktiv yanacaqdan, soba mazutundan istifadə edən bütün istehsal, xidmət, iaşə sahələrində məhsulun maya dəyəri yüksələcək və qiymətlər bahalaşacaq. Qida məhsullarının, içkilərin, tütün məmulatlarının, tikiş, geyim, toxuculuq, kimya və metallurgiya sənayesi məhsullarının qiymətlərində gözəgəlimli bahalaşma baş verəcək».

İqtisadçının fikrincə, enerjidaşıyıcıların bahalaşdırılması əhalinin alıcılıq qabiliyyətini bir az da aşağı salacaq. Nəticədə istehsal və xidmət sahələrində iqtisadi fəallıq aşağı düşəcək: «Maya dəyərinin yüksəlməsi daxili və xarici bazarlarda yerli malların rəqabət qabiliyyətini zəiflədəcək. Deməli, yerli mallar həm daxili, həm də xarici bazarlardan sıxışdırılacaq. Yəni, qeyri-neft sektorunda itkilərimiz böyüyəcək. Odur ki, iş yerlərinin ixtisarı, yoxsulluğun artması qaçılmazdır».

İqtisadçı vurğulayıb ki, bahalıq işsizlik və yoxsulluqla qonşudur.

Alış-veriş
Alış-veriş

QƏNAƏT, QƏNAƏT, QƏNAƏT

«Exo» qəzetində isə «Azərbaycanın əhalisinin 25%-i qənaət etmir» sərlövhəli məqalə diqqət çəkir.

Ekspert Nəriman Ağayev sərlövhədə qoyulan mövzunu oxuculara belə şərh edir: «Bu gün Azərbaycan əhalisinin əksəriyyəti böhran şəraitində məsrəf xərclərini azaldıb. Yalnız 25 faiz əhali ümumiyyətlə qənaət etmir».

Yazıda qeyd edilir ki, insanlar indi ən zəruri mal və məhsulları alır. Əvvəlki illərdə olan bədxərcliyə bir elə də rast gəlmək mümkün deyil.

Ekspertin müşahidələrinə görə, indi alış-verişə də daha çox kişilər gedir: «Kişilər bu gün bu məsələyə diqqətlə yanaşırlar. Onlar başa düşürlər ki, ancaq ən zəruri olanı almaq lazımdır».

N.Ağayev bildirir ki, artıq ölkədə insanların əksəriyyəti malın keyfiyyətinə yox, qiymətinə daha çox diqqət yetirir.

Ekspert 2015-ci il ilə müqayisədə bu il geyimə, kosmetika və aksessuarlara qənaət edən xanımların da sayının əhəmiyyətli dərəcədə artdığını nəzərə çatdırır: «Məsələ bundadır ki, çoxları gəlir mənbələrinə şübhə ilə yanaşırlar. Gənc ailələr ərzağa qənaət edirlər, daha az ət, meyvə, süd məhsulları alırlar. Əhalinin əksəriyyəti məhz əlavə xərclərə yol verməmək üçün və qənaət məqsədilə kinoteatrlara, restoranlara gec-gec gedirlər».

Hərrac
Hərrac

ÖZƏLLƏŞDİRMƏ VƏ SEYRÇİ XALQ

«Bizim Yol» qəzetində «Əhali kütləvi özəlləşdirmədən kənarda qalacaq» sərlövhəli məqalədə ölkədəki yeni özəlləşdirmə prosesi dəyərləndirilir.

Yazıda qeyd edilir ki, indi özəlləşməyə çıxarılan müəssisələrə müxtəlif dövlət qurumları, istirahət zonaları, xəstəxanalar, ambulatoriyalar, poliklinikalar, zavodlar və qeyri-yaşayış sahələri aiddir.

Müəllifin fikrincə, bu qədər müəssisələrin özəlləşdirilməsində başlıca məqsəd dövlət büdcəsinin üzərinə düşən yükün azaldılmasıdır.

Yazıda vurğulanır ki, bu müəssisələrin çoxu büdcənin bir xeyli hissəsini «yeyir», amma əvəzində gəlir vermir. Odur ki, onların büdcədən asılılığını aradan qaldırmaqdan ötrü özəlləşdirilməsi yeganə çıxış yoludur.

Ancaq müəllif yazır ki, xalqın geniş hissəsi bu prosesdən kənarda qalıb: «Hərrac və ya investisiya qaydasında özəlləşdirmələrdə kollektiv iştirak etmir. Beləliklə də əhalinin böyük bir qismi özəlləşdirmədən kənarda qalmaqla bərabər, «yağlı tikələr» bir qrupun əlində cəmləşir. İndi də belə olacaq…».

XS
SM
MD
LG