Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:52

Əsərlərinin qəhrəmanlarına uduzanlar...


Hikmət Orhun.
Hikmət Orhun.

"Bir vaxt güldüklərinə indi mədhiyyələr yazır, min bir bulaqdan su gətirib əl-üzünü yuyur, gündən-günə tənqid etdikləri cahilliyə, xurafata yuvarlanır, öz əsərlərinin qəhrəmanlarına çevrilir, uduzurlar. Məcburdurlar, qınamıram. Bəlkə də məcburdurlar, amma münafiq kimi ölmək asan gəlməsin sizə..."

Hikmət Orhun

Əsərlərinin qəhrəmanlarına uduzanlar...

Elə düşünmürəm ki, hamıdan çox bilirəm. Bu fikri Sokratın "mən bir şeyi bilirəm ki, heç nə bilmirəm" tezisinin davamı kimi düşünək. Bəlkə də yersiz ifadədir, bəlkə də sizə dəxlisiz gələcək, amma istədim, yazıma öz cümləmlə başlayım. Bəlkə də özümü hamıdan ağıllı bildiyim üçün: Hamıdan çox bilən adamlar yalan danışır, hətta, ən çox bilənlər də...

Bəlanın böyüyü - o ən çox bilənlərindir. Hər gün oxuyur, hər gün nəsə öyrənir, amma danışanda, yazanda fikirlərini bir araya toplaya bilmirlər. Çox yerdə rast gəlmişəm, siz də qarşılaşmısınız, əminəm.

Bir tanışım var, belələri haqqında danışanda "oxuduğunun özünə də xeyri dəyməyən adamlar" deyir. Məncə, düz deyir. Belələri sadəcə beyinlərini "informasiya zibilliyi" kimi istifadə edirlər. Dırnaqdakı ifadəni kompüterin "korzina"sı kimi düşünə bilərik.

Buna da bax: "Elçinlə mehriban olsaydım, bu saat hansısa nazirlikdə işləyirdim"

Hərdən düşünürəm, onlar ona görə mövcuddurlar ki, dünyanı "fikir zibilliyi" başına almasın. Mənasız, boş fikirləri yığır və zaman-zaman dağınıq şəkildə kimlərəsə ötürürlər. Ağlı olanlar onlardan aldıqları bilgiləri yazıb, suya, ağaca, işığa danışıb canını qurtarır, ağlı olmayanlar isə bu azmış kimi, əlavə kitablar oxuyur, daha da çıxılmaza sürüyür özünü...

Qazaxda var idi bir beləsi. Ağzını açanda göyün yeddinci qatından dəm vururdu. Nurlu adam idi, o söhbət edəndə camaat dizinin dibini kəsdirib qulaq asırdı. Çox şeydən danışırdı, çox şeydən. Birini qoyub o birinə keçirdi, danışdıqlarının hamısı düz idi, amma ümumilikdə dünya və dünyanın düzəni haqqında səhv qənaətdə idi.

Yəni analizi düz deyildi. Bir azca da irəli getsən, qayıdıb sənə deyəcəkdi, bu "demokratiya" söhbətini Amerika özü ortaya atıb. Atıb ki, dünya biri-birini qırsın, özləri isə yaşasın kef-damaq içində. Bildiyiniz AzTv modeli və yaxud yumruqla işləyən televizor...

...Ömrünü yeyib-içməkdə keçirmişdi. Axır illər qocalıb dayanmışdı. Bir neçə dəfə bizimlə çay süfrəsində söhbət etdiyi yerdə mürgüləyib yatmışdı. Bir sözlə, yaman əldən düşmüşdü, heyi qalmamışdı, amma çənəsi saz idi, ayıq olanda ağlına nə gəldi danışırdı, yorulmamaq əldə deyildi.

O da tanışım dediyi kimi, qazandığı savadın, oxuduğu kitabların özünə belə xeyri (nə maddi, nə mənəvi) olmayan adamlardan olduğu üçün evi yox idi. Ömrü boyu evlənməmişdi, yersiz, yiyəsiz idi. Məsciddə sığınacaq vermişdilər, imana gəlmişdi.

Öləndə də nəşini rayon camaatı götürdü yerdən. Düzü, çox adamın xəbəri olmadı. Hər gün şəhərə gedib-gələn, gündə əlli dəfə məscidin qarşısından keçən mənim belə... Beş-on dost-tanış, bir də beş-üç məscid əhli... bilib.

Buna da bax: "Kitab ağzı açanda anam işarə eləyir ki, evdə pesok yoxdur"

Mən ona yanmıram. Ona yanmıram ki, kişini torpağa tapşırmağa az adam gəlib, dəfn mərasimi urvatsız olub. Yandığım odur ki, o, cavanlığında qatı ateist olmuşdu. Hər halda, tanıyan adamlar belə danışırlar. Hətta, içki içib xurafat əhlini, yüz yolun yolçusu olan mollaları ifşa etdiyi üçün haqqında "müasir Kefli İskəndər" də deyirmişlər.

Din haqqında hədsiz çox oxumuşdu, rayondakı dindarları da tanıyırdı, onların özlərindən də yaxşı. İçki haqqında da çox oxumuşdu, həm də onun fəsadlarını, xarakteristikasını biləcək qədər çox. Amma bildiklərini bir yerə cəm eləyib düşünə bilmədi. Gün-güzəranını gözünün qabağına gətirmədi.

Belə danışmağı sevmirəm, amma burada pafos hökmən olmalıdır: uzağı görə bilmədi. Bilmədi ki, içki onu içib güldüyü xurafatın ayağına salacaq. Yox, buna "İlahi ədalət" donu geyindirməyin. Hərçənd, o özü də "İlahi ədalət" olduğunu düşünürdü. Dünüşürdü ki, tanrı onu cəzalandırıb. Amma məsələnin çox bəsit bir izahı var: serroz.

Bəli, onun canını qocalıqdan da çox serroz əymişdi. Yaşıdlarının yaşadığını, yaşadıqları bir yana yeyib-içib cavan oğlan kimi hərəkət etdiklərini nəzərə alsaq, yanılmıram. Bəlkə özü də mənim kimi düşünürdü, amma nə edəsən ki, məsciddə yaşamağa məcbur idi.

Bu gün ədəbi və ictimai cameədə də o adamın taleyini yaşayan şair və yazarlar var. Bir vaxt güldüklərinə indi mədhiyyələr yazır, min bir bulaqdan su gətirib əl-üzünü yuyur, gündən-günə tənqid etdikləri cahilliyə, xurafata yuvarlanır, öz əsərlərinin qəhrəmanlarına çevrilir, uduzurlar. Məcburdurlar, qınamıram. Bəlkə də məcburdurlar, amma münafiq kimi ölmək asan gəlməsin sizə...

Buna da bax: Rasim Qaraca: “Ay şair, eşqə dair...”

...Elə düşünmürəm ki, hamıdan çox bilirəm. Bu fikri Sokratın "mən bir şeyi bilirəm ki, heç nə bilmirəm" tezisinin davamı kimi düşünək. Bəlkə də yersiz ifadədir, bəlkə də sizə dəxlisiz gələcək, amma istədim, yazıma öz cümləmlə başlayım. Bəlkə də özümü hamıdan ağıllı bildiyim üçün.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG