Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:59

Amerikalıların Trump-dan sağlıq gözləntiləri


Donald Trump
Donald Trump

Amerikalılar Donald Trump-ın hər şeydən öncə səhiyyənin qeydinə qalmasını istəyirlər. «Reuters/Ipsos»un apardığı sorğunun nəticələri göstərib ki, ABŞ sakinlərinin 21%-nin fikrincə, yeni seçilmiş prezident D.Trump Ağ evə daxil olan kimi səhiyyə sistemini gözdən keçirməlidir. D.Trump prezidentlik fəaliyyətinə 2017-ci il yanvarın 20-də başlayacaq.

Amerikalıları maraqlandıran ikinci məsələ işsizlikdir. Sorğuda iştirak edənlərin 16%-i işsizliyin aradan qaldırılmasının prezidentin gündəliyində öndə durmasını istəyir. Respondentlərin 14%-i D.Trump-ın miqrasiya məsələsinə hər şeydən öncə baxmalı olduğunu deyib.

AYA 300 DOLLAR XƏRCLƏYİR

Amma sorğular əhalinin prezidentdən gözlədiklərini deyil, prezidentin gündəliyində görmək istədiyi məsələləri üzə çıxarır. Oktyabrda «Kaiser Family» fondunun apardığı xüsusi sorğu nəticəsində bəlli olub ki, ABŞ əhalisinin çox böyük hissəsi dərmanların ucuzlaşmasının, həkim və xəstəxana şəbəkələrinin genişlənməsinin tərəfdarıdır. O vaxt respondentlərin 37%-i B.Obama-nın səhiyyə sığortası islahatlarının ləğvini və D.Trump-ın vədlərinin icrasına başlanmasına tərəfdar olduğunu bildirib.

«Biz buna imkan verə bilmərik», - Tennessi ştatından 50 yaşlı Daphne Saunders səhiyyənin ondan ötrü önəmini izah edərkən belə deyib. İşini 2011-ci ildə itirmiş D.Saunders o vaxtdan tibbi sığortadan da məhrum edildiyini, ürəyindəki problem və şəkərlə mübarizəyə ayda 300 dollar xərclədiyini söyləyib. Onun sözlərinə görə, B.Obama-nın səhiyyə sığortası planı onun səhiyyə xərclərinin, ən yaxşı halda, ayda 450 dollara qalxması, üstəlik, 50 dollarlıq həkim müayinəsiylə sonuclana bilər. «Sığorta pulları daha yaxşı idarə olunmalıdır, mən ayda 100 dollardan artıq xərcləmək istəməzdim», - D.Saunders belə deyib.

D.Trump və B.Obama
D.Trump və B.Obama

25 MİLYON ADAMI ƏHATƏ ETSƏ...

B.Obama-nın 2010-cu ildə imzaladığı qanun 25 milyon adama səhiyyə xidməti göstərilməsini nəzərdə tuturdu. Amma ölkənin bəzi iri sığorta şirkətlərinin müflis olması və sığorta birjalarını tərk etməsi hökumətdən subsidiya almayanların sığorta xərclərinin artmasına səbəb oldu. Yeni seçilmiş prezident D.Trump seçki kampaniyası zamanı bu planı ləğv edəcəyinə, əvəzinə «işə yarayan» başqa bir planı gerçəkləşdirəcəyinə söz verdi.

B.Obama bu həftə jurnalistlərlə söhbətində deyib ki, D.Trump-ın yeni planı özünü doğrultsa və yenə 25 milyon adamı əhatə etsə, o da bu planı dəstəkləyəcək.

«Reuters/Ipsos»un apardığı sorğu həm də amerikalıların əksərinin prezident seçkilərinin nəticələrini qəbul etdiyini göstərib. Respondentlərin 85%-i səsvermənin nəticələrinin qanuni olduğunu, 65%-i yeni prezidenti dəstəkləyəcəyini bildirib.

45% SƏSVERMƏYƏ HƏVƏSLİDİR

«Reuters» agentliyi yazır ki, 2016-ci ilin seçki kampaniyası ABŞ əhalisində xeyli canlanma yaradıb. Sorğu iştirakçılarının 45%-i gələcəkdə də səsvermələrdə iştiraka həvəsli olduğunu, 42%-i siyasi xəbərləri oxumağa daha çox marağı yarandığını deyib.

Bununla belə, sorğu amerikalıların çoxunun ölkənin səhv yöndə getdiyinə hələ də əmin olduğunu göstərib. Əksər respondentlər D.Trump-ın biznesə, korporasiyalara, istehsal sənayesində çalışanlara, hərbi veteranlara, orta və yuxarı təbəqəyə xeyir gətirəcəyinə inanır, seksual azlıqlara, qadınlara, qaralara, latınamerikalılara və kasıblara ziyan verəcəyini güman edir.

Amma partiya üzvlərinin gözləntiləri fərqlidir. Respublikaçıların çoxu D.Trump-ın prezidentliyinə nikbin yanaşır, demokratların əksəriyyəti bədbindir.

«Reuters/Ipsos» 50 ştatın hamısında onlayn sorğu aparıb, sorğuda 1800-ə yaxın yetkin amerikalı iştirak edib.

XS
SM
MD
LG