Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:28

Steve Bannon ABŞ prezidentinin baş strateqi olarsa…


Stephen Bannon
Stephen Bannon

ABŞ-da prezident seçilmiş Donald Trump bu həftə Steve Bannon-u özünün baş strateqi və məsləhətçisi təyin etmək qərarına gəlib. Steve Bannon bəzi antimüsəlman ekstremistlərin, əslində, İslam üzrə mütəxəssis olduğunu iddia etməsi ilə tanınır.

AĞDƏRİLİLƏRİN MİLLƏTÇİ BAXIŞLARI...

Bannon «Breitbart News» saytının icraçı direktorudur. «The Huffington Post» yazır ki, bu sayt ardıcıl şəkildə ağdərili millətçi baxışlarını yayır. «Mother Jones» müstəqil xəbər qurumu və Millət İnstitutunun Araşdırma Fonduna görə, Bannon ötən il boyunca öz şousunda antimüsəlman ekstremistlərdən onlarla müsahibə alıb. Onun qonaqları proqramda müsəlmanlarla bağlı paranoyya dolu ittihamlar və yanlış konspirasiya nəzəriyyələri səsləndiriblər. Bannon bu fikirlərin heç birini sorğulamayıb.

Bannon bu müsahibələrdə çox zaman qonaqlarını tərifləyib və onların nifrət etdikləri din üzrə ekspert olduqlarını deyib.

Bu şəxslərdən biri Bannon-un «radikal İslam, şəriət hüququ və İslam süprematizmi üzrə əsas mütəxəssislərdən» («süprematizm» rus rəssamlığında heç bir təbii şeyə eyham vurmadan mücərrəd həndəsi formalardan yararlanmağı hədəf götürən anlayışdır. Bu halda həmin anlayışdan İslam dəyərlərini andırmadan istifadə nəzərdə tutulur –red.) və «Amerikanın ən böyük vətənpərvərlərindən» biri kimi tanıtdığı Pamela Geller-dir.

«ƏN ÇILĞIN ANTİMÜSƏLMAN İDEOLOQU»

Nifrət qruplarının monitorinqini aparan «The Southern Poverty Law Center» (SPLC) təşkilatı Geller-i «ABŞ-da ən çox tanınan və ən çılğın antimüsəlman ideoloqu» adlandırır.

Amerika Azadlığı Müdafiə Təşəbbüsünün (SPLC bu qurumu nifrət qrupu kimi təsnif edir) həmtəsisçisi olan Geller İslamı «yer üzündə ən radikal və ifrat ideologiya» adlandırıb.

O, prezident Barack Obama-nın gizli müsəlman olduğunu, «düşmən»in federal hökumətin hər küncünə sızdığını iddia edib. Geller deyib ki, Dövlət Departamenti «mahiyyətcə İslam süprematistləri (İslamın üstünlüyünü təmin etmək istəyənlər) tərəfindən yönəldilir».

Müsəlman qadın hicab gəzdirmək üçün «Disney» şirkətini məhkəməyə verəndə, Geller bunu «mədəni cihad» adlandırmışdı.

Pamela Geller
Pamela Geller

«Avropanın islamlaşması»nda günahkar saydığı 177 adamı öldürmüş Norveç terrorçusu Anders Breivik-in öz manifestində Geller-in yazılarından 12 dəfə sitat gətirdiyi bildirilir.

RƏSMİ TƏHSİLİ YOXDUR?

Antimüsəlman «Jihad Watch» saytının rəhbəri və Geller-lə birgə Amerika Azadlığı Müdafiə Təşəbbüsünün həmtəsisçisi olan Robert Spencer iki dəfə Bannon-un proqramına qatılıb. Bannon Spencer-i «dünyada fundamental islamla apardığımız bu böyük müharibə üzrə iki-üç ən yaxşı ekspertdən biri» adlandırıb.

SPLC Spencer-in İslam sahəsində heç bir rəsmi təhsili olmadığını bildirir.

Spencer ötən il «Fox News»a demişdi ki, İslamın əsas prinsipi «yeni yerə mühacirət edib, oranı tutmaq və islamlaşdırmaqdır». O əlavə edib ki, «Şəriət anklavları [dünyada] onlardan başqa heç nə qalmayacağı vaxtadək böyüyəcək».

Spencer-in fikrincə, din azadlığı heç də həmişə İslama şamil edilmir, çünki İslam «bizim azadlığımıza qəsd edir».

O, Birləşmiş Ştatlarda məscidlərin 80 faizinə ekstremistlərin nəzarət etdiyini də söyləyib.

Norveç antimüsəlman terrorçusu Breivik Spencer-in yazılarından 162 dəfə sitat gətirib.

SİVİLİZASİYA CİHADI?

Bannon Təhlükəsizlik Siyasəti Mərkəzinin yaradıcısı Frank Gaffney-i 29 dəfə öz proqramına dəvət edib. O, Gaffney-i «radikal İslam cihadı ilə savaşda fəal olan… aparıcı mütəfəkkir» adlandırıb və onu «Allah yolunda» çalışdığına görə tərifləyib.

SPLC Gaffney-i «Reagan administrasiyasının keçmiş müdafiə rəsmisi, müsəlmanların Qərbi içindən məhv edəcəyi barədə paranoid fantaziyaların hakim olduğu, Barack Obama-nın, əslində, Keniyada doğulmasından şübhələnən» şəxs kimi təsvir edir.

Frank Gaffney
Frank Gaffney

Gaffney çox sayda siyasi fiquru, o cümlədən Hillary Clinton-un köməkçisi Huma Abedin-i, mühafizəkar fəallar Grover Norquist və Suhail Khan-ı Müsəlman Qardaşlığı adından ABŞ hökumətinə nüfuz etməkdə suçlayıb.

O, «sivilizasiya cihadı» kimi tanınan konspirasiya nəzəriyyəsinin aparıcı tərəfdarlarındandır. Bu nəzəriyyəyə görə, Amerika müsəlmanları gizlincə ABŞ hökumətini ələ keçirməyə çalışırlar.

BREIVIK, GÖR, KİMLƏRDƏN SİTAT GƏTİRİB…

Gaffney əksər tanınan Amerika müsəlman qruplarının Birləşmiş Ştatlar Konstitusiyasına düşmən münasibətdə olduğunu da iddia edib.

ABŞ-da ət emalı müəssisələrində çalışan somalililər barədə suala Gaffney belə cavab verib: «Sizi bilmirəm, ancaq onların Birləşmiş Ştatların qida sənayesində işləməsi məni çox qorxudur».

Breivik öz manifestində Gaffney-dən də sitat gətirib.

Hər üç şəxs indən belə də Bannon-a həvəslə məsləhət verəcəyini deyib.

«Konspirasiya nəzəriyyəçilərinin hökumətin ən yüksək səviyyələrinə gedib çıxması Amerikada azadlıqlar üçün yalnız pis nəticələr verə bilər», - Amerika-İslam Münasibətləri Şurasının sözçüsü Corey Saylor-un sözləridir.

Bundan başqa, İslamı xərçəng xəstəliyinə bənzədən, istefada olan general-leytenant Michael Flynn Trump-ın milli təhlükəsizlik müşaviri vəzifəsinə gətirilə bilər.

Təhlükəsizlik Siyasəti Mərkəzində çalışan başqa bir antimüsəlman konspirasiya nəzəriyyəçisi, Clare Lopez-in milli təhlükəsizlik müşavirinin müavini olacağı deyilir.

NYU-YORKUN KEÇMİŞ MERİ…

Şəriətə inanan Amerika müsəlmanlarının yoxlanıb deportasiya edilməsini təklif edən Nümayəndələr Palatasının keçmiş spikeri Newt Gingrich də Trump administrasiyasında müşavir postuna gətirilə bilər.

Müsəlmanların xüsusi terrorönləyici siyahıya salınmasını və məscidlərə gizli agentlərin yerləşdirilməsini təklif edən Nyu-Yorkun keçmiş meri Rudy Giuliani-nin dövlət katibi postuna birinci namizəd olduğu bildirilir.

«Bütün bu şəxslər müsəlmanların ölkəyə girişinin yasaqlanmasını təklif edən prezidentin komandasında çalışacaq»,- «The Huffington Post»un yazısındandır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG