Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:39

Məsələ prezidentə çatacaq


 Ildar Dadin 2014-cü ildə Moskva polisi onu həbs edərkən
Ildar Dadin 2014-cü ildə Moskva polisi onu həbs edərkən

Kütləvi aksiyaların keçirilməsi qaydalarını dəfələrlə pozmaqda ittiham olunaraq 2 il yarım həbs cəzası almış ictimai fəal İldar Dadin həbsxanada mütəmadi döyülməsi barədə məlumat verib.

İldar Dadinin sözlərinə görə, həbsxana işçiləri ona işgəncə verirlər, onu qətllə də hədələyirlər.

Dadinin həbs cəzasını çəkdiyi kolon məşhurdur. Vaxtilə YUKOS şirkətinin keçmiş prezidenti Mikhail Khodorkovski də

Kareliyanın Seqeja şəhərinin 7 saylı bu həbsxanasında yatırdı. Yeri gəlmişkən, o da vaxtilə yazırdı ki, gecə yatdığı yerdə ona sui-qəsd cəhdi olub.

GÜNDƏ BİR NEÇƏ DƏFƏ DÖYÜRLƏR

Noyabrın 1-də Meduza nəşri Dadinin öz vəkili vasitəsilə ötürdüyü məktubu dərc etdi. Məktubda deyilir ki, o, Kareliyadakı bu kolona sentyabrda gətirilib və “gələn kimi onu guya qadağan olunmuş üzqırxan saxladığına və həbsxana işçisinə “sən” deyə müraciət etdiyinə görə cərimə təcridxanasına salıblar”.

Dadin buna aclıqla etiraz edəndə isə onu döyməyə başlayıblar.

Dadin yazır ki, onu gün ərzində təxminən 10 nəfər adam bir neçə dəfə döyürdü. Dadinin iddiasına görə, onu döyənlər arasında kolonun rəisi Sergey Kossiyev də var.

Məktubda yazılana görə, Dadina həbsxana işçiləri xəbərdarlıq ediblər ki, şikayət etsə və ya məlumat versə, “onu öldürəcəklər və hasarın dibində basdırcaqlar.”

Dadin məktubunda həyat yoldaşına müraciət edir ki, “mənimlə baş verənləri çap etmək istəsən, bunu mümkün qədər geniş yaymağa çalış. Bu, mənim sağ qalmaq şansımı artırar. İK-7 kolonunda mafiya fəaliyyət göstərir. Bu mafiyada kolon rəisi Kossiyev daxil, bütün müəssisə rəhbərliyi, kolon həkimləri, əksər işçiləri iştirak edir.”

HƏBSXANA HƏLƏLİK ARXAYINDIR

Dadinin məktubu böyük ictimai əks-səda doğurub.

Cəzaların İcrası Federal Xidmətinin Kareliya bölməsindən “Novaya Qazeta”ya gücdən istifadəni etiraf ediblər, ancaq deyiblər ki, rejimə əməl etmədiyinə görə Dadinə qarşı gücdən və xüsusi vasitələrdən istifadə olunub. Onlar iddia edirlər ki, “Dadin kameradan çıxmaqdan kobud şəkildə imtina edib, həbsxana işçilərinin formasından yapışıb”.

Cəzaların İcrası Federal Xidmətinin direktor müavini Valeriy Maksimenko isə noyabrın 1-də İnterfaks agentliyinə deyib ki, tibbi yoxlama Dadində bir dənə də olsun bədən xəsarəti aşkar etməyib.

Moskva
Moskva

İctimai Müşahidə Komissiyasının Kareliya üzrə sədri Aleksandr Ruzanov isə Azadlıq Radiosunun Rusiya xidmətinə deyib ki, komissiya vəziyyəti diqqətlə izləyir. Kolondan ona deyiblər ki, onların Dadinə hazırda heç bir sualları yoxdur, çünki “Dadin hara düşdüyünü anladı”.

PUTİNƏ DƏ ÇATDIRILACAQ

Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov jurnalistlərə deyib ki, Dadinin şikayəti Putinə çatdırılacaq. Peskov əlavə edib ki, “bu məsələ ən ciddi diqqət tələb edir”

Rusiyanın İnsan Haqları üzr Müvəkkili Tatyana Moskalkova məsələni şəxsi nəzarətə götürüb.

İnterfaksın məlumatına görə, Rusiya İstintaq İdarəsi Dadinə qarşı zorakılığı, işgəncəni araşdırır.

Sonda qeyd edək ki, Dadin ictimai tədbirlərin keçirilməsi qaydasını pozmağa görə, məhkum olunan ilk və yeganə ictimai fəaldır.

Memorial insan haqları təşkilatı onu siyasi məhbus sayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG