Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:05

'İskander'ə qarşı Bakının 'sehrli çubuq'u


Roma Papası və Şeyxulislam Hacı Allahşükür Paşazadə
Roma Papası və Şeyxulislam Hacı Allahşükür Paşazadə

Roma Papasının Bakıya səfərinin dəyərləndirilməsi, ölkənin valyuta ehtiyatlarının tükənməsi, Azərbaycan-Qərb münasibətləri və Rusiyanın bölgəni sürətlə silahlandırması bu gün medianın aparıcı mövzusudur.

TOLERANTLIĞIN AZƏRBAYCAN MODELİ

«Azərbaycan» qəzetində dərc edilən «İlham Əliyev «Tolerantlığın Azərbaycan modeli»ni dünyanın ən mükəmməl nümunəsinə çevirdi» sərlövhəli məqalədə Poma Papası Francis-in Azərbaycana səfəri ilə bağlı dəyərləndirmələrə davam edilir.

Müəllifin fikrincə, bütün dövrələrdə mütəfəkkirlər qlobal kataklizmlərin səbəbi kimi dinlərarası çatışmaları və məzhəb ayrılıqlarını göstəriblər. Bunu aradan qaldırmaqdan ötrü «xilas reseptləri» hazırlansa da, real nəticələr əldə olunmayıb: «Tanrıya bir olan inancı üç dinə bölüb, sonra isə süni yolla təriqətlərə parçalayan təfəkkürü aradan qaldırmaq əvəzinə, bu yanaşmaları, ruhani-fəlsəfi dünyagörüşləri səmərəli əməkdaşlıq və qarşılıqlı anlaşma formatında bir araya gətirmək, onlar arasında etimad mühiti formalaşdırmaq mümkündür. Buna nail olmaq sülhün, təhlükəsizliyin, rifahın bərqərar edildiyi dünyanın quruculuğuna böyük töhfə olar. Azərbaycan artıq bunu bacarıb!».

Müəllif bu il oktyabrın 2-də Poma Papasının Azərbaycana səfərini bu faktın ali səviyyədə qəbul olunması kimi dəyərləndirir.

Müəllifə görə, Azərbaycanda yəhudi, xristian, islam icma rəhbərlərinin əməkdaşlığı dünyaya nümunə ola bilər. Məqalədə qeyd edilən fikirlərin sübutu kimi Poma Papasından sitat da gətirilir: «Sizin ölkədə dini azadlıqlar tam təmin edilib... Mən Azərbaycana bu torpağın zənginliyinə qəlbimdəki vurğunluqla gəlmişəm».

Eldəniz Quliyev
Eldəniz Quliyev

AMERİKA İLƏ HÖCƏTLƏŞMƏYİN NƏ MƏNASI VAR AXI?

Azadliq.info saytı «Konfrontasiya: Qərblə qəribə oyun» sərlövhəli məqalədə () Azərbaycan-Qərb münasibətlərinə dair Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevin fikirlərinə yer verir.

Yazıda qeyd edilir ki, Azərbaycan hakimiyyətinin Avropa Birliyinə cəbhə açmaq cəhdləri absurd görünür və mütərəqqi fikirli hər bir vətəndaşda acı təəssüf doğurur. «Bu məsələyə son dərəcə ciddi yanaşmalı, nəyi və nələri itirəcəyimizin fərqində olmalıyıq»-deyə Eldəniz Quliyev qeyd edib.

Eldəniz Quliyev hakimiyyətin xarici siyasətini qüsurlu sayır. Onun fikrincə, Avropaya inteqrasiya və Qərblə əməkdaşlıq proseslərindən səmərəli, pozitiv üstünlüklər əldə etmək lazımdır: «Hakimiyyət Qərbə qarşı «söz snayperliyi» ilə məşğul olmaqdan, ambisiyalardan əl çəkib, yaxşı olardı ki, ölkəyə utanc gətirən siyasi məhbuslar məsələsini həll etsin».

Yazıda deyilir ki, hakimiyyət siyasi opponentlərini təqib-təhqir etmək, şərləmək, sındırıb satın almaq ənənəsinə son qoymalıdır. Ölkədə dini etiqad azadlığı təmin edilməli və mənəviyyat daşıyıcılarına münasibət dəyişməlidir: «Bu kimi mühüm işləri kənara qoyub qoca Avropa ilə və o qədər də qoca olmayan Amerika ilə höcətləşməyin nə mənası var axı?».

Mərkəzi Bank
Mərkəzi Bank

VALYUTA EHTİYATLARI AZALIR

«Novoye Vremya» qəzetində «Mərkəzi Bankın ehtiyatları güclü şəkildə azalıb» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazının əvvəlində xatırladır ki, Mərkəzi Bankın (MB) rəhbəri lap yaxınlarda manatın sabitliyi, növbəti devalvasiyanın olmayacağı barədə danışıb. Yazıda MB rəhbərinin bu deyimləri inandırıcı sayılmır: «Aydın idi ki, manatın dəyərinin süni şəkildə saxlanması siyasəti acı bir sonluğa səbəb olacaq. Çünki, MB-ın maliyyə ehtiyatları hüdudsuz deyildi».

Yazıda bildirir ki, bu il sentyabrın 30-na olan məlumata görə, MB-nın 4 milyard dollardan bir qədər artıq ehtiyatı qalıb. Müəllif qeyd edir ki, bir neçə il əvvəl bu ehtiyatlar bundan 3 dəfə çox idi.

Müəllif vurğulayır ki, MB və Dövlət Neft Fondunun valyuta ehtiyatları ölkənin maliyyə təhlükəsizliyinin qarantıdır: «Amma indiki halda, ciddi maliyyə itkilərinə yol verildiyi zamanda heç kim manatın sabitliyinə zəmanət verə bilməz. Odur ki, MB-ın növbəti devalvasiya olmayacağı haqda bəyanatı tələsik verilib».

Daha sonra yazıda problemli kreditlər məsələsinə toxunulur. Müəllif qeyd edir ki, problemli kreditlərin artması Maliyyə Nazirliyi və MB-ın məsələyə laqeyd yanaşmasının nəticəsidir. Müəllifin fikrincə, nə qədər ki, problemli kreditlər həllini tapmayıb, maliyyə bazarında sabitlikdən danışmaq olmaz.

Müəllif sonda da vurğulayır ki, Azərbaycanın bank sektoruna dair reytinqlər təsəlliverici deyil. Bu sahədə neqativ proseslər davam etməkdədir.

«İskander» raket kompleksi
«İskander» raket kompleksi

RUSİYANIN SİLAH ALVERİ...

«Bizim Yol» qəzetində isə «Moskvanın Ermənistana ağır silahlar verməsi Azərbaycanın müdafiə xərclərini kəskin artırır» sərlövhəli məqalə oxumaq olar.

Müəllif qeyd edir ki, Rusiyanın Ermənistana «İskander» raket kompleksi verməsinə cavab olaraq Azərbaycan da İsraildən «Dəmir günbəz» müdafiə sistemi almaq istəyir.

Politoloq Zərdüşt Əlizadə qəzetə bildirib ki, bu prosesi Rusiya idarə edir. Ancaq vəziyyət heç də şişirdildiyi qədər qorxulu deyil: «Rusiyanın Ermənistana «İskander» raketləri verməsi, bunun bəyan edilməsi və doğurduğu şərtlər göstərir ki, media, analitiklər hadisənin mahiyyətini tam dərk etmir. Çünki o raketlərdə nüvə başlığı yoxdursa, adi raketdən başqa bir şey deyil».

Politoloqun fikrincə, hətta Ermənistan ondan istifadə edərək Bakıya zərbə endirsə belə, Naxçıvandan birbaşa Yerevana zərbə endiriləcək: «Yəni ,onlar üçün strateji hədəf 300 kilometrdədirsə, bizim üçün 70 kilometrdir. Vəziyyət ondan ibarətdir ki, Qarabağ məsələsində nə Ermənistan, nə də Azərbaycan müstəqil deyillər. Müharibəni, münaqişəni də onlar aparmırlar. Münaqişəni yaradan da, inkişaf etdirib bu mərhələyə çatdıran da, donduran da, idarə edən də Rusiyadır».

Digər ekspert Telman Əbilov da hesab edir ki, bölgədəki sürətli silahlanma planlı şəkildə Rusiyanın maraqlarına xidmət edir: «Məsələnin nəzarətdən çıxma ehtimalı, hələlik, yoxdur. Çünki, həm Ermənistan, həm də Azərbaycan Rusiyanın güclü nəzarəti altındadır. Həmçinin, Qərbin sanksiyaları ilə iqtisadi vəziyyəti pisləşən Rusiya silah alveri ilə vəziyyətini qismən yaxşılaşdırmaq istəyir».

XS
SM
MD
LG