Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:20

Ekspert: 'Hökumət kəmərləri sıxır'


Referendum
Referendum

Konstitusiyaya edilən dəyişikliklərlə bağlı referendumun nəticələri, 2017-ci ilin dövlət büdcəsi layihəsi, dollara tələbatın azalmasının səbəbləri və ölkəyə investisiya cəlb etməyin yolları bu gün medianın aparıcı mövzusudur.

AZAD, ŞƏFFAF VƏ ƏDALƏTLİ REFERENDUM

«Azərbaycan» qəzetində «Azərbaycanda referendum azad, ədalətli və şəffaf keçirildi» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, referendumun azad, ədalətli və şəffaf olmasını beynəlxalq müşahidəçilərin verdikləri müsbət rəylər bir daha təsdiqləyir.

Yazıda qeyd edilir ki, ölkədə 1993-ü ildən bu yana keçirilən seçkilərdə mühüm irəliləyişlər baş verib və son referendum da bunun bariz nümunəsidir: «Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum azad, demokratik, şəffaf şəraitdə yekunlaşdı. Bu, eyni zamanda demokratik inkişafda keyfiyyətcə yeni mərhələ açaraq, Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsində mühüm rol oynayacaq».

Müəllifin fikrincə Konstitusiyaya edilən dəyişikliklərin başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdırmaqdır.

Məqalədə həmçinin vurğulanır ki, Konstitusiyaya edilən dəyişikliklər vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsinə, qanuni mənafelərinin səmərəli təminatına xidmət edir. Müəllif qeyd edir ki, bu, həm də dövlətin insan və vətəndaş amilinə böyük həssaslıqla yanaşdığını və yüksək dəyər verdiyini bir daha təsdiqləyir.

Büdcə
Büdcə

SON 5 İLİN ƏN KİÇİK DÖVLƏT BÜDCƏSİ

«Bizim Yol» qəzetində dərc edilən «Bu, son 5 ilin ən kiçik büdcəsidir» sərlövhəli məqalədə ölkənin 2017-ci il dövlət büdcəsi layihəsi ekspertlərlə dəyərləndirilir.

Ekspert Nazim Bəydəmirli büdcə layihəsini «kəmərlərin sıxılması»nın davam edəcəyi kimi dəyərləndirir: «Ümumi baxımdan gəlirlər və xərclərin azalması istənilən dövlətin əhalisinin durumuna mənfi təsir edir. Bu ilin büdcəsinə uyğun olaraq xərclərin 10 faizdən çox, gəlirlərin də 5.2 faiz azalması müşahidə olunur».

İqtisadçı deyir ki, əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılmasından ötrü başqa mənbələr tapılmalıdır. Bundan ötrü də hökumət daha dərin islahatlar aparmalı və iqtisadi fəaliyyəti stimullaşdırmalıdır.

Yazıda qeyd edilir ki, büdcə gəlirlərinin 62 faizinin gömrük, əmlak və vergi yığımından formalaşması göstərir ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Müəllif ehtimal edir ki, büdcənin formalaşmasında ödəmələrin həcmini artırmaq yaxın illərdə mümkün olmayacaq.

İqtisadçı Rövşən Ağayev də deyir ki, bu büdcə «kəmərləri sıxmaq» büdcəsidir. Hökumət bunu demir, amma praktik olaraq gerçəkləşdirir: «Gələn ilin büdcə xərcləri bu ilə nisbətən 1.895 milyard manat azaldılıb. Bu, 10 faizdən bir qədər çox azalmadı. Manat ifadəsində, bu, son 5 ilin ən kiçik büdcəsidir - yalnız 2011-ci ildə büdcə xərcləri 15.4 milyard manat səviyyəsində olmuşdu. Sonrakı 3 ildə 17.4-19.1 milyard manat intervalında, 2015-2016-cı illərdə isə 18 milyard manatdan çox olub».

Ekspertlər vurğulayırlar ki, dollarla götürülərsə, onda büdcənin daha çox kiçildiyi bəlli olacaq.

Dollar
Dollar

DOLLARA TƏLƏBAT AZALIB

Azadliq.info saytında «Hərraca çıxarılan dolların həcminin azalması manata nə vəd edir» sualına cavab axtarılır.

Yazıda qeyd edilir ki, son vaxtlar valyuta hərraclarına əvvəlki aylarla müqayisədə ümumən çox vəsait çıxarılır. Hərracda təklif tələbi üstələyir. Müəllif buna nümunə olaraq yazır ki, sentyabrın 29-da hərraca 150 milyon dollar çıxarılıb. Bundan yalnız 22 bank 48.9 milyon dollar alıb.

Ekspert Məhəmməd Talıblının fikrincə, problem təkcə dollar qıtlığında deyil. Dollara tələbatda bir elə güclü deyil. O, buna səbəbi ölkə iqtisadiyyatının ümumiləşmiş tendensiyalarında axtarır: «Əgər istehlak bazarında 37 faizlik bir azalmalar varsa, idxalda ötən ilin müvafiq dövrü ilə müqayisədə ciddi düşüş qeydə alınırsa, demək, həmin məhsulları ölkəyə gətirən sahibkarın da dollar tələbi olmayacaq».

Ekspertə görə, problemin başlıca səbəbi əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir: «İqtisadiyyatda hər hansı bir neqativ tendensiyanı bir sektorun əlahiddə götürülmüş durumu ilə əlaqələndirmək diletantlıq olardı. Orada kompleks amillər çıxış edir. Sektorların biri-birinə qarşılıqlı olaraq birbaşa və dolayı təsir kanalları mövcuddur».

Məhəmməd Talıblı qeyd edir ki, dollara tələb azaldıqca, hərraca çıxarılan vəsaitin də həcimi azalır. Bu isə iqtisadiyyata yaxşı heç nə vəd etmir. İqtisadçı-ekspert deyir ki, indi bir sahəyə diqqəti artırmaqdansa, ölkə iqtisadiyyatında bütünlükdə köklü islahatlara getmək lazımdır.

Biznes
Biznes

ÖNCƏ ƏLVERİŞLİ BİZNES MÜHİTİ, SONRA FORUM

«Novoye Vremya» qəzetində isə «İnvestorları necə cəlb edək?» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, indiki dərin böhrandan çıxmaqdan ötrü iqtisadiyyata xarici investisiya cəlb edilməsinin vacibliyi heç kimə sirr deyil. Yazıda qeyd edilir ki, ölkədəki iqtisadi vəziyyət isə bunun heç də asan olmayacağını göstərir: «Bir çox beynəlxalq şirkətlər ölkəni tərk edib, investisiya qoyuluşu kəskin azalıb. Korrupsiyanın, inhisarın hakim olduğu ölkə iqtisadiyyatına investisiya qoymağa çox az adam qərar verə bilər».

Müəllif belə olan halda müxtəlif konfrans, forum və seminarların ciddi nəticə verəcəyinə şübhə ilə yanaşır.

Yazıda bildirilir ki, bu il oktyabrın 28-də Bakıda dünya Azərbaycan sahibkarlarının forumunun keçirilməsi nəzərdə tutulur. Forumda dünyadakı azərbaycanlı iş adamlarının ölkəyə investisiya yatırımlarının müzakirə ediləcəyi gözlənilir.

Amma müəllif hesab edir ki, sahibkarlar praqmatik olduqlarından öz biznes və vəsaitlərini risk altına qoymayacaqlar: «Başqa sözlə, iqtisadiyyatda elə bir şərait olmalıdır ki, bu və ya digər layihəni maliyyələşdirmək işadamı üçün faydalı olsun».

Müəllifin fikrincə, öncə xaricdə yaşayan sahibkarda Azərbaycanda biznesinin təhlükəsizliyinə inam yaranmalıdır. Belə inam olsaydı, onlar çoxdan, dəvətsiz Azərbaycana gələrdilər: «Dəfələrlə olub ki, Azərbaycanda biznes quran xarici işadamı iqtisadi vəziyyətin qüsurları, qanunvericiliyin işləməməsi üzündən buna peşman olub, çoxları isə müflis olmaqla üzbəüz qalıblar».

Müəllifə görə, bu sahədə vəziyyətin dəyişməsindən ötrü isə hamının bildiyi addımlar atılmalıdır. Məhkəmələrin icra hakimiyyətlərindən asılılığına son qoyulmalı, inhisarçılıq ləğv edilməlidir.

XS
SM
MD
LG