Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:18

İlk debatı kim qazandı?


Donald Trump-la Hillary Clinton-un debatı, New York, 26 Sentyabr, 2016
Donald Trump-la Hillary Clinton-un debatı, New York, 26 Sentyabr, 2016

Vəkillə tacirin söz savaşından kim qalib çıxdı?

Xanım Clinton dövlət katibi, senator, ya da “birinci ledi” olmazdan öncə istedadlı vəkil idi. Üstündən bu qədər zaman ötsə də, o, öz kampaniyasını yenə hüquqşünas kimi aparır – ölçü-biçili, ehtiyatlı, diqqətli. Burası da var ki, məhkəmə zalı ilə siyasi debatlar bir-birindən fərqlənə bilər.

Cənab Trump-sa əla satıcıdır. Ondan ötrü qayda, ənənə və hətta həqiqətin özü yalnız sövdələşmək kontekstində mövcuddur.

Nəticə etibarilə, vəkillik təcrübəsi öz işini gördü: xanım Clinton debat gecəsini məhkəmə dəqiqliyi ilə öz nəzarətində saxlaya bildi.

Buna da bax:​ Klinton ilk debatda Trampı uddu- Reuters

Vergi mövzusu ortaya gəlincə...

Clinton Trump-dan vergi gəlirlərini niyə açıqlamadığını soruşdu. Axı ənənəyə görə, prezidentliyə namizədlər vergi gəlirlərini bəyan etməlidirlər (ABŞ-da vergi gəlirləri bütün vergi ödəyicilərinə aid bir prosedurdur. Dövlət hər il 15 yanvar - 15 aprel arasında təhvil verilən ayrıca forma – vergi bəyannaməsi əsasında ödədiyiniz vergilərin bir hissəsini sizə qaytarır - tərc.).

Respublikaçı namizəd cavabında bunu edə bilməyəcəyini söyləyib. O, Daxili Gəlirlər Xidmətinin (IRS) hazırda onun gəlirlərinin auditini aparmasını bəhanə göstərib. “BBC” yazır ki, o, artıq 15 ildir ki, belə deyir. Bu zaman xanım Clinton hücuma keçib: "Məncə o, ölkənin... gerçək səbəbləri görməsini heç istəmir. Yəqin, çox önəmli, hətta dəhşətli bir şeyi gizlətmək istəyir".

İrqi ayrıseçkilik də dartışıldı...

Daha sonra, söhbət ABŞ-da dərinin rəngi məsələsinə gəlincə, Clinton belə deyib: "O (yəni Trump), öz siyasi fəaliyyətinə bizim ilk qaradərili prezidentimizin Amerika vətəndaşı olmaması haqqında irqçi yalanla başlayıb. Bunun heç bir dəlili yox idi. Ancaq o, ildən-ilə inadla bu fikrində dayanırdı...".

Buna da bax:​ Trump-Clinton debatını izləməyə televizor lazım deyil

Trump-ın taktikası...

Debat boyunca Clinton-un incəliklə hazırladığı sualları cavablamağa çox da həvəsli görünməyən Trump özünü işin içində olmayan adam kimi aparıb. Beləcə, Clinton-un isteblişmentə çox yaxın olması təsəvvürünü yaratmaq istəyirdi.

ABŞ-da sorğular göstərir ki, cəmiyyət üzvlərinin 70 faizindən çoxu ölkənin indiki inkişaf yönünü bəyənmir. Eyni partiyadan olan prezidentin ard-arda 8 il Ağ Evdə olması da nəzərə alınsa, bunu Trump-ın çox yaxşı gedişi saymaq olardı.

Başqa sözlə, yaxşı satıcı daim alıcının nə vaxt yeni məhsul istədiyini bilir.

Debatın sonuna yaxın “prezidentin xarakteri və gücü” mövzusu dartışılıb. Trump bu məqamda, fürsət gözləyirmiş kimi, Clinton-un mühakimə qabiliyyətini, zahiri görkəm və dözümünü kəskin tənqid atəşinə tutub.

Buna da bax:​ ABŞ-da prezident debatları: Kennedy-Nixon-dan Clinton-Trump-a qədər…

“Bu o şəxsdir ki...”

Xanım Clinton əvvəlcə dövlət katibi kimi daim xarici səfərlərdə olmasını, diplomatik danışıqlar zamanı göstərdiyi səyləri, Konqresmenlər önündə ifadə verməsini misal göstərərək, prezidentliyə yetərli qədər dözümlü olduğunu deyib. Daha sonra bildirib ki, cənab Trump-ın hücumları onun seksist davranışının təzahürüdür:

"Baxın, o, zahiri görkəmdən dözümə keçdi. Bu o şəxsdir ki, qadınları “donuz”, “pinti” və it adlandırıb. Bu o şəxsdir ki, hamiləliyin işçiləri rahatsız etdiyini və qadınların kişilər qədər yaxşı iş ortaya çıxarmayanadək, eyni maaşa layiq olmadığını deyib".

Və... debatın aparıcısı

“BBC” debatın aparıcısı, NBC kanalının əməkdaşı Lester Holt-u da gecənin mühüm amili kimi görür. Debat başlayınca, Trump-ın vergiləri məsələsini ilk dəfə o qaldırıb. Obama-nın "doğum şəhadətnaməsi" barədə sualı da o verib. O, Trump-ı İraq müharibəsi barədə danışmağa vadar edib. O, xanım Clinton-un "zahiri görkəmi" barədə deyilənləri qabardıb. Bu da prezidentin xarakterinə dair müzakirəni uzadıb.

Xanım Clinton-un zəif tərəfləri, özəlliklə onun şəxsi elektron poçt serverindən istifadə məsələsinə isə, demək olar, toxunulmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG