Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:28

'39 il qadağadan sonra İranda Azərbaycan dili tədris olunur'


İran Azərbaycanından olan mədəni fəal və insan haqqları müdafiəçisi Afşin Şahbazi.
İran Azərbaycanından olan mədəni fəal və insan haqqları müdafiəçisi Afşin Şahbazi.

-

*Youtube Kanalımıza abunə ol - hər gün yeni video izlə

Bu ilin sentyabr ayından başlayaraq İranın Təbriz Univerisitetində Türk dili və Ədəbiyyatı bölümündə Azərbaycan dilində tədris başlayacaq. Təbriz Universitetində təsis edilmiş Türk Dili və Ədəbiyatı bölümünün başqanı Əhməd Fərşbafiyan jurnalistlərlə verdiyi açıqlamasında deyib ki, bölümdə dərslər “milli əlifba və Təbriz ləhcəsi” əsasında tədris ediləcək. Bu hadisə ilə bağlı İran azərbaycanlısı mədəni fəal və insan hüquqları müdafiəçisi Afşin Şahbazi Oxu Zalına danışıb.

- Afşin bəy, lütfən özünüzü təqdim edin, İranda hansı şəhərdə yaşayırsınız və mədəni fəal kimi fəaliyyətiniz nədən ibarətdir?


- İranın Muğan əyalətində doğulub boya-başa çatmışam. İllərdir Təbriz şəhrində yaşayıram. Təbriz Universitetində təhsil almışam eyni zamanda azərbaycan dili- tarixi və ədəbiyyatını tədris etməklə məşğul olmuşam. Son zamanlar dilimizə bədii tərcümələr etməklə məşğulam.

- Bu il ərzində bir neçə dəfə İrandan Azərbaycan dilində tədrislə bağlı zidiyyətli xəbərlər yayıldı. Əvvəl orta məktəblərdə azərbaycanca tədris olacağı haqda danışıqlar vardı, sonra bu xəbərlər yalan çıxdı. İndi isə Təbriz Univerisitetində azərbaycan dili və ədəbiyyat bölümü açıldığı haqda xəbər var, siz İranda yaşayan birisi kimi bu haqda nələr bilirsiniz?

Afşin Şahbazinin İranda tərtib etdiyi müasr Azərbaycan ədəbiyyatı haqda kitab.
Afşin Şahbazinin İranda tərtib etdiyi müasr Azərbaycan ədəbiyyatı haqda kitab.

- Neçə ildir azərbaycan türkcəsinin tədrisi haqda müzakirələr gedir – sözlər verilir. Ancaq nəticə bu olub ki, bu ildən dilimizin tədrisi Təbriz Universitetində həyata keçiriləcək. Artıq Azərbaycan türkcəsi akademik şəkildə öyrədiləcək.

Buna da bax: "İranda modern Azərbaycan ədəbiyyatı haqda kitab çıxıb"

- Afşin bəy, bizə İranda Azərbaycan dilinin qadağası tarixçəsindən danışın. Bu nə vaxtdan başladı, nələrlə müşayət olundu?

- Demək olar 95-96 il öncədən İranda fars irqçiliyi ortaya çıxdı. Bu Şeyx Məhəmməd Xiyabaninin hərəkatındən sonra vüsət alır. Bu irqçi fikirlərin körüklənməsində Seyid Həsən Tağızadə, Təqi Ərani, Kazımzadə İranşəhr kimi şəxslər xeyli iş görürlər. O zamanlar Almaniyada farspərəst “Kavə” adlı bir qəzetə də çıxırmış. Doğrusu bu fikirlər, yənı İranda digər millətlərin varlığını şübhə altına qoymaq və farslaşdırmaq siyasəti Xiyabaninin azərbaycanda “Azadistan” hərəkatindən sonra qızışdı. Məhəmməd Əmin Rəsulzadənin o tayda qurduğu Azərbaycan Cumhuriyyəti və onun ardınca bu tayda Şeyx Məhəmməd Xiyabaninin Azadistan hərəkatı İranda böyük bir qorxu yaratmışdı. Bunun ardıca İranda assimlyasiya və qeyri fars millətləri farslaşdırmaq siyasəti başlayır. Ötüb keçən bir neçə ildən sonra Pəhləvi hökuməti iqtidara gəldikdən sonra həmin siyasət daha daha genişlənir, təşkilatlanır və dövlətin ideologiyasına çevrilir. Təxminən 90 il öncədən assimlyasiya siyasəti sistematik şəkildə başlayır. Pəhləvi dövründə azərbaycanlılar böyük zülmlərə məruz qalırlar. Fars millətçilərinin bir tərəfdən Almaniyadakı faşist rejiminə simpatiya duyur, onlarla əlqələr saxlayırdılar – faşizmin dünyada tüğyan etdiyi dönəmdə bu ideologiya İranda o qədər gücləndi ki, azərbaycanlıların xanımları və uşaqlarını fars bölgələrinə köçürdüb orada yaşatmaq istəyirdilər ki dünyaya gələn uşaqlar fars dilli olsunlar - azərbaycan dilində olan kitablar yandırılırdı, yazarlarımız ya farsca yazmaq məcburiyyətində qoyulurdu, ya da Şəhriyar kimi əsərlərinin çoxunu farsca, azını türkcə yazırdılar, bəziləri də azərbaycanca yazıb onları gizlədirdilər, çoxları ana dilində yazdığına görə həbslər çəkdi. İranda İslami İnqilab baş verəndən sonra da inqilabın rəhbəri azərbaycanlıları özünə tərəf çəkmək üçün İyaləti-Vilayəti əncümənlərin qurulmasını ortaya atırdı və türklərin öz dillərində təshsil ala biləcəyini söyləyirdi ancaq bunların heç biri həyata keçirilmədi. sonralar yenə həmən pəhləvi dövründəki asimilasiyon siyasətləri davam etdi- türk dilinə qadağa qoyuldu- azərbaycan dilində yazılar kitablar çətinliklə nəşr olmaq imkanı tapırdı və s.

- Maraqlıdır tarixi mənbələrdə türk adlandırlan Qacarlar dövründə İranda azərbaycan türkcəsində tədris ya da saraylarda azərbaycanca məktublaşma, danışıq və s. varıydımı?

- Baxın Qacarlar dövründə demək olar heç də dil məsələsi - kimlik məsələləri bu qədər qabarıq deyildi - o zamanlar hökumət Qacar türklərinin əlində olduğuna görə saraylarda türkcə danışılırdı. Bu səfəvilərdə də belə imiş - hətta səfəvilər Osmanlılara məktub yazanda türkcə yazarmışlar - Məşrutə inqilabı dövründə həm farsca həmi də türkcə bildirişlər yazılırdı.

Ancaq o dövrdə rəsmi yazılar daha çox farsca yazılırmış - məktəblərdə farscanı Sədinin Gülüstanı, Bustanı ilə tədris edirmişlər. Fars dilini şeirlə tədris edirmişlər. O zamanlar hələ fars dilinə qrammatika yazılmamışdı və dili şeirlə öyrədirmişlər - fars dilinin qrammatikası demək olar ki, Qacarların son illərində yazılıb - ancaq o zamanlar azərbaycan dilinin qrammatikası var imiş – azərbaycan dilinin qrammatikası miladi 14-cü yüz ildə, yəni təxminən Nizamidən bir əsr sonra “Kitab-i Əl idrak fi lisanil türk” kitabının sonunda yazılmışdı. Qacarlar dövründə bir sıra Azərbaycan dilli məktəblər də qurulmuşdu - o zamanlar Mirzə Həsən Rüşdiyyə Təbrizdə azərbaycanca “Vətən dili” adlı kitabını tədris edirmiş, ancaq bu heç də başqa xalqları qıcıqlandırmırdı, bəlkə onlarda başqa dilləri öyrənmək həvəsi də çox yayğın idi, hətta Cəlil Məhəmməd quluzadənin, Mirzə Ələkbər Sabirin əsərlərini oxumaq üçün farslar Azərbaycancanı da öyrənirdilər, azərbaycanca yaranan əsərlərin çoxluğu bu dili hökmran mədəniyyətə çevirmişdi.

- İranda Azərbaycanlıların öz dilləri uğrunda mübarizəsi nə zamandan başladı və müasir dövrdə bu necə davam edir?

İranda Azərbaycanlıların ana dili ilə bağlı etirazı mitinqi.
İranda Azərbaycanlıların ana dili ilə bağlı etirazı mitinqi.

- Azərbaycanlıların dilləri uğrunda mübarizəsi fars millətçiliyinin İranda vüsət almasından sonra başladı. Yəni təxminən 95 il öncədən fars dilinin birdən-birə birinci dil kimi istifadə olunması və Azərbaycan dilinin isə hər vəchlə unutdurulmağa çalışılması ilə başlayır. Pəhləvilər dövründə azərbaycanlılar öz dillərini min-bir qadağanın içində azərbaycanlılar öz dillərini saxlamaq üçün yazıb yaradırdılar. 1979-cu il İran inqilabında Azərbaycanlılar həm də dil inqilabı etməyə çalışırdılar. İnqilabın rəhbərləri də bunu bilərək azərbaycanlılara öz dillərində oxuyamaqla bağlı vəd verir. İnqilabdan sonra da millətçi İran hökümətinin verdiyi vədlər boşa çıxdığını görən Azərbaycanlılar yenə də dil uğrunda mübarizələrə davam etdilər, çətinliklər kitablar nəşr olundu və s. Axır ki, İslam İnqilabından 39 il sonra bu ildən etibarən Təbriz Univerisitetində Azərbaycan dilinin tədris olunması ilə bağlı qərar verilib.

- Bəs bu ildən Təbriz Univerisitetində Azərbaycan Türkcəsi bölümündə hansı dərslər keçiləcək, nələri tədris edəcəklər?

- Təhsil nazirliyinin təsdiq etdiyinə görə azərbaycan türkcəsində təhsil alınacaq dərslər 3 bölümdən ibarətdir:

1) Azərbaycan dili
2) Azərbaycan müasir ədəbiyyat
3) Azərbaycan əski ədəbiyyat

Tədris proqramında göstərilir ki, Azərbaycan dilini öyrənmək üçün Səlamullah Cavidin “Azərbaycan folkoloru”, Məhəmməd Tağı Zehtabinin “Türkcənin sərfi” adlı kitabı, Həmid Nütqinin “yazı qaydaları”, Məhəmməd əli Fərzanə və Cavad Heyyətin dil və ədəbiyyat haqda yazdıqları kitablardan istifadə olunacaq.

Müasir ədəbiyyatda isə: Cəlil Məhəmmədquluzadə, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Məhəmməd Səid Ordubadi, Əbdülrəhim bəy Haqverdiyev, Mirzə Əli Möcüz Şəbistərli, Yusif Vəzir Çəmənli, Hüseyin Cavid, Cəfər Cabbarlı, Məhəmməd Hüsen Şəhriyar, Həbib Sahir, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Bulud Qaraçurlu (Səhənd), Nigar Rəfibəyli, Mədinə Gülgün və Mikayıl Müşfiqin əsərləri əsas tutulacaqdır.

Əski (klassik) ədəbiyyata gəldikdə: Kitabi-Dədə Qorqud, Mahmıd Kaşğarlının “Divani-lüğat əltürk” kitabı, "Qutadqu bilik", Füzulinin divanı, Nəsiminin divanı və Orxun-Gül təkin kitabələri tədris olunacaq.

Buna da bax: "İran təhsilində inqilab etmiş Azərbaycan maarifçisi Bağçaban"

- Sizcə Təbriz Univerisitetində Azərbaycan dili bölməsinin yaradılması ilə bağlı İran hökümətinin atdığı addım İran Azərbaycanlılarının ictimai-siyasi mübarizəsinin nəticəsidir, yoxsa İran beynəlxalq güclərin təzyiqindən bu addımı atdı?

- Şübhəsiz bu azərbaycanlıların ictimai-siyasi mübarizəsinin nəticəsidir. Yəqin beynəlxalq güclərin də təziyiqinin burda rolu olub, ancaq inanmıram ki, mübarizəsiz bu mümkün olardı – yəni haqqlarımızın pozulmasını dünyaya çatdırmasaydıq demək olar ki, bu mübarizə olmasaydı heç beynalxalq güclərin xəbəri olmazdı bizim haqqlarımızdan.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG