Keçid linkləri

2025, 24 Mart, Bazar ertəsi, Bakı vaxtı 23:39

Paralimpiya Oyunlarının açılışı oldu


Rio-2016
Rio-2016

Sentyabrın 8-də Bakı vaxtı ilə saat 02:00-da Braziliyanın Rio-de-Janeyro şəhərindəki «Marakana» stadionunda XV Yay Paralimpiya Oyunlarının açılış mərasimi başlayıb.

AZƏRTAC xəbər verir ki, XV Yay Paralimpiya Oyunlarında idmanın 22 növü üzrə 528 dəst medal uğrunda yarışlar keçiriləcək. Bu, «London-2012» Yay Paralimpiya Oyunları ilə müqayisədə 25 dəst çoxdur. Medal sayının artırılması yarışlarda qadın idmançılarının geniş heyətlə çıxışı ilə əlaqədardır.

Paralimpiadada ümumilikdə 4350 idmançı medallar uğrunda mübarizə aparacaq. Onların 1650-si qadındır. Bu, «London-2012»dən 9.9 faiz, «Atlanta-1996»dan isə iki dəfə çoxdur. Qadınlar 224 dəst medal uğrunda yarışacaqlar. Bu isə medalların 43 faizini təşkil edir.

AZƏRBAYCAN

Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunur. Onlar «Rio-2016»ya idmanın 6 növü üzrə 41 lisenziya qazanıblar. İdmançılar cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə aparacaqlar.

Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinin təqdim etdiyi və Paralimpiya oyunlarında iştirak hüququ verən 3 lisenziyadan isə rəsmən imtina edib. Bu qərar Rusiya paralimpiyaçılarının oyunlara buraxılmaması nəzərə alınaraq qəbul edilib.

Bir müddət öncə Beynəlxalq Olimpiya Komitəsi rusiyalı paralimpiyaçıların lisenziyalarının alınaraq, digər ölkələrə paylanılması barədə qərar verib.

YIĞMA KOMANDALARIN TƏNTƏNƏLİ KEÇİDİ…

Maestro Joao Carlos Martins-in dirijorluğu ilə Braziliyanın dövlət himninin səsləndirilməsindən sonra yığma komandaların təntənəli keçidi olub.

İlk olaraq Müstəqil Paralimpiyaçı Atletlər Komandası arenaya daxil olub. Bu komandanın tərkibində iki qaçqın atlet var.

Azərbaycanın paralimpiya yığmasının keçidi zamanı bayrağı ikiqat Paralimpiya çempionu, «Bakı-2015» birinci Avropa Oyunlarının çempionu və milli komandanın kapitanı İlham Zəkiyev aparıb.

XV Yay Olimpiya Oyunlarına sentyabrın 18-də yekun vurulacaq.

XS
SM
MD
LG