Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:04

Polis gəncləri saxladı, buraxdı...


Mehman Hüseynov
Mehman Hüseynov

Avqustun 28-də axşam saatlarında NİDA hərəkatının üzvləri Məsud Əsgəri, Samir Əsədlini və bloqqer Mehman Hüseynovu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb. Səbəb kimi onların Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında video-çəkiliş aparmaları göstərilib.

Bu haqda NİDA hərəkatından Ülvi Həsənli məlumat verib.

Onun deməsinə görə, avqustun 28-i axşam saatlarında futbol oyunu zamanı həmkarlarından biri zədə alıb.

«Ona tibbi yardım göstərilməsi üçün Sabunçu xəstəxanasına getmişdik. Xəstəxanada həkimlərin münasibətindən şikayətlənən xəstələr, xəstə yaxınları vardı. Hərəkat üzvləri, eləcə də Mehman Hüseynov şikayətçiləri çəkirdilər. Bu zaman xəstəxananın mühafizəçiləri müdaxilə etdilər», - deyən Ü.Həsənli hadisə yerinə polis çağırıldığını bildirib.

Verilən xəbərlərə görə, xəstəxanaya gələn polis əməkdaşları Məsud Əsgər, Samir Əsədli və Mehman Hüseynovu özləri ilə Sabunçu polisinə aparıblar. Onlardan xəstəxanada baş verənlərlə bağlı izahat alınıb.

Gənclər 1 saatdan artıq idarədə saxlanılıblar. Onlara yenidən polisə çağırıla biləcəkləri barədə xəbərdarlıq edilib.

Mehman Hüseynov sərbəst buraxıldıqdan sonra polis idarəsində verdiyi ifadə haqda danışıb. Bloqqer deyib: «Polisə bildirirəm ki gedin həkimləri tutun, gedin 5 dəqiqə Sabunçu xəstəxanasında oturun, görün nələr baş verir orda. Rüşvət açıq şəkildə gedir, özbaşınalıq...».

Bloqqer həmçinin, xəstəxanada lentə aldığı görüntüləri qoruduğunu, sosial şəbəkələrdə yayacağını bildirib.

Məsələyə, hələlik, Sabunçu Rayon Polis İdarəsinin və 3 saylı Şəhər Klinik Xəstəxanasından münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG