Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:09

Nardaran işi: 'Bizə cərəyan qoşdu'


►"Mən elə bilirdim ki, müstəntiq araşdırma aparacaq, həqiqəti üzə çıxaracaq. Amma doqquz ayda müstəntiq görmədim.

İndi də cinayət törədənləri məhkəməyə zərərçəkmiş kimi çağırırlar, günahsız adamlar isə zindanda qalıb".

Bunu "Nardaran işi" üzrə təqsirləndirilən şəxslər arasında ən yaşlılardan biri olan İbrahim Xudaverdiyev məhkəmədə deyib.

Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Nardaran əməliyyatında iştirak etmiş polislərin dindirilməsi mərhələsidir. Onlar da əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşlarıdır.

Avqustun 26-da məhkəmə iclasında vəkillər təqsirləndirilən şəxslərin tibbi ekspertizadan keçirilməsi barədə vəsatət veriblər. Qeyd ediblər ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı istisna olmaqla, digər 17 təqsirləndirilənin hamısı məhkəmədə ifadə verərkən işgəncəyə məruz qaldığını deyib.

"GÜLLƏLƏR HƏLƏ DƏ BƏDƏNİNDƏDİR"

Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova isə məhkəmənin nəzərinə çatdırıb ki, Nardaran əməliyyatı zamanı polislərin atdığı güllələr hələ də hüquqlarını müdafiə etdiyi şəxsin bədənində qalmaqdadır. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin ekspertizadan keçirilməsilə yanaşı, həm də cərrahiyyə əməliyyatı vasitəsilə bədənindən güllələrin çıxarılması barədə vəsatət qaldırıb.

Məhkəmə ekspertiza ilə bağlı vəsatətləri təmin edib.

Bundan sonra ötən məhkəmə iclasında ifadə vermiş BMCMİ əməkdaşı Elçin Tağıyevin dindirilməsi davam edib. O deyib ki, əməliyyat zamanı əyinlərində zirehli gödəkçə olub. Vəkil Elçin Sadıqov ondan soruşub ki, belə olan halda, dünyasını dəyişmiş polislərdən birinə qarın nahiyəsindən necə güllə dəyib? Elçin Tağıyev suala belə cavab verib:

"Mənim özümdə gödəkçə var idi, başqalarını deyə bilmərəm".

Buna da bax: "O idarə daim işgəncə verməklə məşğuldur"

Təqsirləndirilən Cabbar Cabbarov məhkəmənin nəzərinə çatdırıb ki, saxlanıldıqdan sonra maşında ona işgəncə verənlərdən biri Elçin Tağıyev olub. Polis isə bu barədə deyilənləri qəbul etməyib.

“PSİXİATRİK EKSPERTİZADAN KEÇİRİLSİN”

Ümumiyyətlə, Elçin Tağıyevin vəkillərin suallarının bir çoxuna "xatırlamıram" cavabını verməsinin nəticəsi olaraq, müdafiəçi Nemət Kərimli onun psixiatrik ekspertizadan keçirilməsi, hadisə günü olanları xatırlayıb-xatırlamaması məsələsinin müəyyənləşdirilməsi barədə vəsatət qaldırıb. Vəsatətin müzakirəsi növbəti məhkəmə iclasına qalıb.

Daha sonra BMCQMİ-nin başqa bir əməkdaşı Hikmət Əliyev ifadə verib. O da noyabrın 26-da Nardaran əməliyyatında iştirak edib.

İfadəsində deyib ki, işlədiyi idarəyə Taleh Bağırovun Nardaranda silahlı dəstə yaratması, hakimiyyəti zorla ələ keçirmək istəməsi barədə məlumat daxil olub, bununla əlaqədar əməliyyat günü səhər müşavirə keçirilib. Dediyinə görə, əməliyyat zamanı Nardarandakı evə çatanda polislər xəbərdarlıq atəşi açıblar.

Buna da bax: 'Nardaran işi'ndə vəkillərdən şikayət olunacaq

“MƏCBUR OLUB QOL ÇƏKDİM”

Hikmət Əliyev qeyd edib ki, əməliyyat zamanı İbrahim Xudaverdiyevi zərərsizləşdirib:

"Əlində bıçaq var idi, mənə müqavimət göstərmək istəyirdi. Baxış zamanı cibindən qumbara çıxdı".

Təqsirləndirilən İbrahim Xudaverdiyev isə onu tutan şəxsin Hikmət Əliyev olmadığını bildirib:

"Məni evin içində yox, mətbəxin qapısının yanında tutublar. Başa düşmürəm, nə fərqi var ki, məni tutanı yox, başqasını göndərirlər bura, o da gəlib belə deyir".

Təqsirləndirilən şəxslərdən Əli Nuriyev deyib ki, ona "bandotdel"də işgəncə verənlərdən biri Hikmət Əliyev olub. Onun sözlərinə görə, H.Əliyev əllərini qandallayıb və Kərim Əlimərdanovla birlikdə ona cərəyan qoşub. Ə.Huriyev əllərində olan izləri də hakimlərə göstərib:

"Amma mənə məcburi şəkildə imzanı İslam Ağabəyov atdırıb. Qardaşım və əmim oğlunun şəkillərin mənə göstərib dedi ki, "onların da sənin yerində olmasını istəmirsənsə, qol çək". Mən də məcbur olub çəkdim".

Təqsirləndirilən Rasim Cəbrayılov da H.Əliyev tərəfindən işgəncəyə məruz qaldığını deyib.

Buna da bax: Leyla Yunus Taleh Bağırova məktub yazdı: 'Qorxulu və dəhşətlidir'

İŞGƏNCƏ VERMƏDİYİNİ DEYİR

Amma H.Əliyev adamlara işgəncə verməsi barədə deyilənləri təkzib edib. Bildirib ki, ola bilsin, onu kiminləsə səhv salırlar: "Mən başqa bir bölmədə işləyirəm, adi bir işçiyəm, kiməsə göstəriş verə bilmərəm".

Məhkəmə prosesi avqustun 31-də davam edəcək.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonrakı günlər də həbslər davam edib.

Sonradan prokurorluq bildirdi ki, «Müsəlman Birliyi» Hərəkatına görə, ümumilikdə 70 nəfər şəxs həbs edilib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Hərçənd, onlar özləri bu ittihamları rədd edirlər. Tutulanlar bildirir ki, onlardan ifadələr işgəncə altında alınıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG