Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:00

Qamışlıq içindəki anbarda üç ailə yaşayır


Anbara sığınmış köçkün ailələrin uşaqları
Anbara sığınmış köçkün ailələrin uşaqları

... İri zibilqabının arxasından, üstünə əllə “Dayanacaq” sözü yazılmış yerdən dönər-dönməz nə vaxtsa anbar olmuş tikili görünür. Qamışlıqların arasında yerləşən tikilinin qapısı ağzında ipdən paltar asılsa da, içərisinə çılçıraq vurulsa da, burası evə oxşamır...

Tikilinin içi meydançanı xatırladır. Divan, küncə televizor qoyulub. Yerdə cücələr civildəşir. Üstündəki qab-qaşıqla birgə dayanan stol da buranı evə oxşada bilmir. Ancaq evdir. 15 ildir üç ailə burada yaşayır. Bu məkanda onların uşaqları doğulub, böyüyür.

Anbara sığınmış köçkün ailəsi
Anbara sığınmış köçkün ailəsi

“Əvvəlcə öyrəşə bilmirdik”

Ailə Füzülu rayonundan qaçqın düşüb. Lap əvvəl kirayədə yaşayıblar, sonra Sabunçu qəsəbəsindəki bu anbara köçüblər. Ev sahibi tikilinin o biri başında qonşusu ilə dərdləşir. Qadınlar – Aynur və Ayişə uşaqları sakitləşdirir. Evin xanımı işdədir. Uşaqlar arada xısın – xısın pıçıldaşıb gülürlər. Aynur evin qızıdır, ailəlidir. Deyir, əvvəlcə öyrəşə bilmirlərmiş:

Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

“Qaçqın düşəndə əvvəlcə kirayədə qalırdıq. Sonra buranı gəlib tapdıq, köçdük. Yavaş-yavaş öyrəşdik”.

Elə o öyrəşən, 15 ildir burdadırlar.

Ayişə evin gəlinidir. Bərdədən buraya gəlin köçənə qədər Bakının xəyalını çox qurubmuş. Astaca “sonradan uyğunlaşdım” deyir.

Anbara sığınmış köçkün ailəsi
Anbara sığınmış köçkün ailəsi

Uşaqlar ilin 12 ayı xəstə olur

Qadınlar ən çox bu anbarda böyüyən uşaqlara görə narahatdırlar. Ən çox da soyuqlar düşəndə:

“Qışda soyuq, nəmişlik olur. Heç içəri girmək mümkün olmur. Hər yerdən su damır. İlin 12 ayı uşaqlar xəstələnir”.

Qadınlar danışdıqca uşaqlar gülüşür.

Ailənin ən böyük arzusu rahat yaşayacaqları evlərinin olmasıdır. Füzulidə onlara ev verilsə, sevindiklərindən “uça-uça” gedəcəklərini deyirlər:

“Ev versəydilər, çıxıb gedərdik, 3 ailə bir yerdə yaşayır. Ora elə gedərdik ki... Sevinə-sevinə gedərdik”.

Anbara sığınmış köçkün ailəsi
Anbara sığınmış köçkün ailəsi

*** Bunlara da baxın:

Qaçqınkom: “Köçürülməyə mərhələli şəkildə baxılır”

Sabunçu rayon icra hakimiyyətindən dedilər ki, onlar qaçqınların və məcburi köçkünlərin evlə təminatıyla məşğul olmurlar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirir ki, indiyə qədər ölkənin müxtəlif ərazilərində qaçqınlar və məcburi köçkünlər üçün 94 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binaları istifadəyə verilib. 49 min ailənin – 243 min nəfərin mənzil şəraiti yaxşılaşdırılıb.

Anbara sığınmış köçkün ailəsi
Anbara sığınmış köçkün ailəsi

Komitənin mətbuat xidməti bildirir ki, prezidentin bu il, iyulun 26-da verdiyi sərəncamıyla Bakıda qəzalı vəziyyətdə olan binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması planlaşdırılır. Köçürlməyə gəldikdə, indilik yalnız Mərdəkandakı əlillərin müalicə pansionatında məskunlaşanların köçürülməsi nəzərdə tutulur. Digər obyektlərdə yaşayanların mənzil şəraitinin yaxşılaşdırılmasına isə gələcəkdə mərhələli şəkildə baxılacaq.

Qamışlığın əhatələdiyi anbarda yaşayan üç ailə onlara nə vaxt növbə çatacağını səbirsizliklə gözləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG