İyulun 6-da saat 19.00-da YUĞ Dövlət Teatrında «Rindi-Şeyda» tamaşasının premyerası keçiriləcək.
Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, tamaşa Mərcan Dədənin «Sufi arzuları» musiqili kompozisiyası əsasında hazırlanıb.
İdeya müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissor assistenti Aytən Məmmədovadır.
Tamaşanın musiqi tərtibatı Amid Qasımova, plastik həlli Mikayıl Mikayılova məxsusdur.
Janrı səmavi eşq ayini kimi təyin olunan tamaşada YUĞ Teatrının aktyorları Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov iştirak edir.
Səhnə əsərində Məhəmməd Füzuli, Ramiz Rövşən, Kamal Abdulla, Vaqif Bayatlı Odər, Salam Sarvanın poetik mətnlərindən və ifaçıların öz ədəbi materiallarından istifadə olunub.
Tamaşada 3 aşiq xüsusi məkana daxil olub, onları narahat edən, əzab verən mənəvi-psixoloji komplekslərindən azad olub, yeni mənəvi-psixoloji keyfiyyətlərlə yollarına davam edirlər.
«Biz ilk dəfə «Aşiqlik», «Eşq» mövzusuna müraciət etmişik və tamaşanın adından da göründüyü kimi, əbədi aşiq anlayışını «Psixosof» teatr poetikası vasitəsilə realizə etməyə çalışmışıq». Rejissor Gümrah Ömər belə deyib.
Tamaşa 55 dəqiqə sürür.