Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:56

ABŞ 1.3 milyard yardım edib, bəs Rusiya?


Xəzər
Xəzər

-

Qarabağ münaqişəsi ətrafında danışıqlar, BMT-nin İqtisadi və Sosial Şurasına üzvlük və Azərbaycanın mənafeyi baxımından ABŞ-la Rusiyanın müqayisəli təhlili bu gün medianın aparıcı mövzusudur.

İSLAHATLARIN NƏTİCƏSİ

«Azərbaycan» qəzetində ölkənin BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv seçilməsinə həsr olunan məqalə dərc edilib.

Müəllif bu hadisəni Azərbaycanın iqtisadi yüksəliş və sosial rifah halına görə öncül ölkələrin sırasına daxil olması və sosial-iqtisadi inkişaf göstəriciləri ilə izah edir. Məqalədə həmçinin qeyd edilir ki, demokratik ənənələrin bərqərar olunduğu Azərbaycan bununla «Avropa ailəsi»nin nüfuzlu üzvü kimi tanınır.

Müəllifin düşüncəsinə görə, ölkədə yürüdülən siyasət bu nəticəni doğurub: «Prezident İlham Əliyevin müasir dünya reallıqlarını düzgün qiymətləndirməsi, qlobal proseslərə xalqın mənafeyinə uyğun nüfuz etmək bacarığı, respublikanı qısa zamanda güclü dövlətə çevirməsi onun həm daxildə, həm də ölkə hüdudlarından kənarda siyasi dəstək almasına ciddi zəmin yaradıb».

Məqalədə deyilir ki, ölkədə güclü iqtisadi islahatlar gedir və buna görə də Azərbaycan 189 ölkə arasında dünyada 63-cü yeri tutur. Müəllif Azərbaycanı tərifləməkdə hətta bununla qalmır. Bir qədər də qabağa gedərək yazır ki, Azərbaycan rəqabət qabiliyyətliliyi baxımından «Böyük-20-lik» ölkələrinin 8-ni qabaqlayır.

Müəllif qeyd edir ki, Azərbaycanın regionda sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal dəstəkləməsi fonunda BMT-nin bu qurumuna üzv seçilməsi ölkənin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlara beynəlxalq ictimaiyyətin verdiyi yüksək qiymətdir.

Azərbaycan bundan əvvəl 2003-2005-ci illərdə də ECOSOC üzvü olub: «Azərbaycanın növbəti dəfə ECOSOC-un üzvü olması bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalacaq»,-deyə məqalədə vurğulanır.

V.Putin və İ.Əliyev
V.Putin və İ.Əliyev

BU QƏRB, BU DA RUSİYA

«Azadlıq» qəzetində isə Qarabağ münaqişəsi fonunda Azərbaycanın Qərb və Rusiya ilə münasibətlərinə dair «ABŞ 1.3 milyardlıq yardım edib, bəs Rusiya?» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, hakimiyyət Qarabağ məsələsi ilə bağlı ictimai rəydə Qərbi daim düşmən, Rusiyanı isə dost kimi təqdim edir.

Yazıda bildirilir ki, 1993-cü ildən bu yana ABŞ Azərbaycana 1.3 milyard dollar yardım edib: «Hakimiyyət Azərbaycana dəstək verənləri düşmən kimi təqdim edib, onlara qarşı təbliğat aparıb. Amma Azərbaycanın faciələrinə müəlliflik etmiş Rusiyanın tərəfini tutub və bu ölkəyə sədaqət nümayiş etdirib .Adekvat addımları Rusiya atıbmı? Bu ölkənin məcburi köçkünlərə yardımı, Qarabağ məsələsində birmənalı dəstəyi olubmu? Əlbəttə ki, yox. Əksinə, Ermənistanı maddi, mənəvi, hərbi, siyasi baxımdan birmənalı dəstəkləyib, «erməni soyqırımı»nı tanıyıb».

Müəllifin düşüncəsinə görə, rəsmi Bakının Rusiya ilə dost olmasının bir səbəbi var. Rusiyanın Azərbaycandan demokratikləşmə tələbi yoxdur: «Pulu verən, ədalətli ölkələrlə düşmənçilik edib, Rusiya ilə dostlaşmaq xəyanət deməkdir. Çünki hökumətimiz demokratiya, şəffaflığa, ədalətə düşməndir. Rusiya isə hakimiyyətdən bu dəyərlərlə dost olmağı tələb etmir».

S.Sarkisian və İ.Əliyev
S.Sarkisian və İ.Əliyev

MÜƏMMA ARTIR

«Yeni Müsavat» qəzeti isə bu gün Sankt-Peterburqda gözlənilən Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünü diqqətdə saxlayıb. Məqalədə bu görüşə o qədər də nikbin yanaşılmır. Buna səbəb kimi də təşəbbüsün Rusiyadan gəlməsi göstərilir: «Bu, Vyana görüşünün və o çərçivədə əldə edilmiş ilkin anlaşmanın davamı olmaya da bilər. Belə görünür ki, Rusiya sırf özünün atəşkəsə nəzarət mexanizmini təklif edə bilər».

Məqalədə ekspert fikirlərinə də yer verilir. Ekspertlərin təhlillərinə görə, Rusiya bu görüşə «Kazan formulu» ilə gəlir. Bu isə ilkin mərhələdə Qarabağ ətrafındakı 5, yaxud 6 rayonun Azərbaycana qaytarılması deməkdir. Ekspertlər qeyd edirlər ki, Azərbaycana bu güzəşt müəyyən şərtlər qarşısında edilə bilər.

Yazıda ekspertlərin yekun dəyərləndirməsi belə təqdim edilir: «Ya yeni siyasi proses başlayıb nəticələr verəcək, ya da böyük müharibə olacaq».

Məqalədə prezident İlham Əliyevdən sitat da gətirilir: «Vasitəçilər də başa düşməlidirlər ki, bu münaqişə dondurulmuş deyil, aprel döyüşləri Ermənistan rəhbərliyinə yaxşı dərs oldu. Azərbaycan qazandığı üstünlüyü heç vaxt əldən verməyəcək».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG