Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:30

Ekspert: “Rusiyanın qaz inhisarçısı nala-mıxa döyməsin”


(©Shutterstock)
(©Shutterstock)

►“Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban detallar bilinsə də, “Qazprom”un danışıqları uzatdığını deyir

"Qazprom" iyunda qaz nəqlinə dair Azərbaycanla danışıqlar aparacaq. Rusiya dövlət agentliyi İTAR-TASSın xəbərinə görə, bunu mayın 31-də keçirilən mətbuat konfransında şirkət idarə heyəti sədrinin müavini Aleksandr Medvedev deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin Rusiya qazının idxalına marağı var:

“Yaxın vaxtlarda - ola bilsin Peterburq İqtisadi Forumunda növbəti görüş keçirərək Azərbaycan tərəfinin tələbatını dəqiqləşdirəcəyik”.

“Qazprom” rəsmisinin açıqlamaları bəzi suallar doğurub. Müzakirələr çoxdan sürdüyündən, indiyədək “Azərbaycan tərəfinin tələbatı” şirkətə bəlli olmalı idi.

“Rusiya tərəfi özünü elə elə aparır ki...”

“Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da xatırladır ki, Azərbaycan tərəfi Rusiyadan qaz idxalı məsələsini hələ ötən ilin payızında gündəmə gətirmişdi:

“Bu, “AzMeCo” şirkəti ilə məsələ qapanandan sonra baş vermişdi. Rusiya tərəfi özünü elə aparır ki, sanki Azərbaycanın təkliflərindən bixəbərdir və yalnız bu yaxınlarda baş tutacaq növbəti görüşdə təkliflərin ayrıntılarına varmaq niyyətindədir”.

“Azərbaycanın planı ildə 3-5 milyard kubmetr qaz idxalıdır”

İ.Şabanın fikrincə, məsələnin xronologiyası izlənsə, gerçək üzə çıxar:

“Hələ ötən ilin sonunda Dövlət Neft Şirkətinin (SOCAR-ın) prezidenti Rusiyaya gedərək, Azərbaycanın 2016-cı il üçün mavi yanacaq idxal etmək planlarını “Qazprom” rəhbərliyinə çatdırdı. Rövnəq Abdullayev bunun detallarını bu il fevralın əvvəlində Londonda keçirilən ənənəvi “Neft Həftəliyi” günlərində də Rusiyalı jurnalistlərə açıqlamışdı. O demişdi ki, Azərbaycanın planı ildə 3-5 milyard kubmetr qaz idxalıdır. Məqsəd - “Azəri-Çıraq-Günəşli” dəniz neft yataqlarında hasilatın yaxın illərdə stabilləşdirilməsinə nail olmaq üçün neft quyularına daha çox qazın vurulmasıdır. Hazırda BP və tərəfdaşları bu blokdan 3 milyard kubmetrə yaxın səmt qazını Hasilatın Pay Bölgüsü Sazişinə (PSA) uyğun olaraq, Azərbaycan tərəfinə verirlər. Belə qaz həcmi neft laylarına yetərincə vurulmasa, neft həcmlərinin azalması qaçılmazdır. Başqa çıxış yolu - daha böyük investisiyalar hesabına yeni-yeni quyular qazmaqdır. O üzdən, Azərbaycan tərəfi belə hesab edir ki, indiki şəraitdə - qazın ucuz olduğu zaman nefti baha satmaq istər dövlətə, istərsə şirkətlərə daha sərfəlidir. Əldə edilən gəlir hesabına həm idxal qazının pulunu ödəmək, həm də Neft Fondunun əlavə qazanc əldə etməsinə imkan yaratmaq olar”.

“İstər Rusiyanın cənubu, istərsə İranın şimalı...”

Ekspertə görə, digər məqsəd - yerdəqalan qaz həcmlərini yeraltı qaz anbarlarına doldurmaqdır:

“Əvvəllər onların tutumu 2 milyard kubmetrdən bir qədər çox idi. Aparılan texniki işlər tutumu öncə 3,5 milyard kubmetrə, daha sonra 5.5 milyard kubmetrə çatdırmağa imkan verdi. Di gəl, Azərbaycanın özü heç vaxt bu anbarlara 3,5 milyard kubmetrdən çox ehtiyat toplamayıb. Deməli, yaz-yay mövsümündə qonşu ölkələrin qazını toplayıb sonra - payız-qış mövsümündə elə onların istifadəsinə vermək olar. Azərbaycanın qazancı isə bu xidmətlərdən yararlanmaqdır. İstər Rusiyanın cənubu, istərsə İranın şimalı bu ölkələrin ənənəvi qaz yataqlarından uzaqda yerləşdiyindən, həmin ərazilərin Azərbaycandan təchizatı onlara daha əlverişli sayıla bilər”.

SOCAR prezidenti R. Abdullayev mayın 11-də bir daha bildirib ki, “Biz Rusiyaya təkliflərimizi vermişik, top onların tərəfindədir. Bunu xatırladan İ. Şaban fikrini belə yekunlaşdırır:

“Yəni göründüyü kimi, Azərbaycanla Rusiya arasında mümkün qaz alışına dair xeyli görüş də olub, şirkət rəhbərliyi səviyyəsində xatırlatmalar da, təkliflər də, amma... Amma “Qazprom” nədənsə tələsməyib”.

“Kreml Ermənistana qazın satış qiymətini ucuzlaşdıranda…”

Ekspert indiki durumda Rusiya qaz inhisarçısının gah nala, gah mıxa döyməsinin sual doğurduğunu bildirir:

“Bəlkə SOCAR-ın Gürcüstan bazarında yeni uzunmüddətli müqavilə bağlaması onların ürəyincə olmayıb? Ola bilər. Bəlkə Rusiya Azərbaycana Ermənistana satdığı qazdan xeyli baha qiymət təklif edib? Bu da mümkün variantdır. Axı Kreml ötən il Ermənistana qazın satış qiymətini ucuzlaşdıranda və bu ilin aprelində yenə aşağı salanda, bunun səbəbini Gömrük İttifaqındakı vahid tariflərə bağlamışdı”.

“Moskva açıq etiraf edib ki…”

İ.Şabanın fikrincə, Kreml aprel olaylarından bəri “15-20 dollarlıq endirimlərlə”, çətin ki, Azərbaycanı öz çətiri altına ala bilsin:

“Çünki Moskva açıq etiraf edib ki, Azərbaycan onun strateji yox, biznes tərəfdaşıdır. Deməli, rəsmi Bakıya ancaq kommersiya danışıqları aparmaq qalır”.

XS
SM
MD
LG