-
Ağ Ev Bağdadda azı 69 nəfərin ölümüylə nəticələnmiş bomba partlayışlarını pisləyib, onları dinc sakinlərə qarşı “barbar” hücumu adlandırıb.
Mayın 17-də Bağdadın şiələr yaşayan ərazilərində törədilmiş partlayışlarda azı 69 nəfər həlak olub, 100-dən çox yaralı var. Əl-Şaab bölgəsində bazardakı hücumda 44 dinc sakin ölüb. Bu hücuma görə məsuliyyəti İslam Dövləti silahlı qruplaşması üzərinə götürüb.
Baş nazir Haidar al-Abadi partlayışlardan sonra Al-Şaabın təhlükəsizlik xidməti rəhbərinin həbsinə göstəriş verib.
Digər hücumlar Bağdadın Əl-Rəşid və Sadr Siti rayonlarında törədilib.
Son altı gündə Bağdadda müxtəlif hücumlarda 100-dən çox ölən olub.
Bu arada İraqda şiə icması arasında hakimiyyət savaşı gedir, yeni hökumətin formalaşması cəhdləri dalana dirənib.