Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:55

San Fransisko hotelləri təkcə qonaq qarşılamır


arxiv fotosu
arxiv fotosu

San Fransiskoda bəzi hotellər otaqlarında qonaq, damlarında isə arı saxlayırlar. Bəli, arı – bal arısı.

Bütün dünyada arı ailələri üçün yaranmış təhlükəni nəzərə alıb, şəhərin 7 oteli öz damında arı yeşikləri quraşdırıb. İndi bu hotellər qonaq qarşılamaqla bərabər arıçılıqla da məşğul olurlar.

Bu, tullantıların ciddi çeşidlənməsi və az su axıdan unitazların tətbiqindən sonra hotellərin ətraf mühiti qoruma proqramı çərçivəsində atdığı növbəti addımdır. Ancaq bu addım təkcə arı ailələrinin nəslinin davamlılığını təmin etmək məqsədi güdmür. Həm də hotellərin bala tələbatını artıqlaması ilə ödəyir.

Fairmont hotelinin sözçüsü Melissa Farrar deyir ki, hotelin damında yaradılmış bağçada 4 arı yeşiyi quraşdırılıb. Bu yeşiklərdə ümumilikdə təxminən 250 min arı çalışır. Onlar da ildə 500 kiloya yaxın bal verirlər.

Səhər yeməyində, müalicə kurslarında, pivədə...

Hoteldə baldan təkcə səhər yeməyində yox, həm də müxtəlif kokteyllərin və salatların hazırlanmasında, eləcə də spa müalicə kurslarında istifadə olunur. Fairmont-da baldan hətta pivədə də istifadə edilir. W hotelində isə qonaqlara bal dondurması təklif olunur.

Hoteldə arıçılıq yeni hadisə deyil. İlk dəfə 2008-ci ildə Fairmont hotel şəbəkəsi arı ailələrinin məhv olmasına səbəb olan CCD sindromuna qarşı mübarizə aparmaq məqsədilə Toronto və Vankuver şəhərlərindəki hotellərində arı təsərrüfatınının yaradılmasına başlayıb. O vaxtdan bu təcrübə Fairmont-un Çindən Afrikaya qədər uzanan hotelləri arasında sürətlə yayılmağa başlayıb.

Clift hotelinin damında quraşdırılmış 10 arı yeşiyində də qızğın iş gedir. Qonaqların çoxu arıların mövcudluğundan xəbərsiz olsalar da, gündəlik yeməklərində onların məhsulundan faydalanırlar. Hotelin baş meneceri Michael Pace ötən il 35 kiloqramdan çox bal aldıqlarını, bu il daha artıq məhsul götürəcəklərini söyləyir.

Pace-in arı hoteli ideyasına marağı ötən il San Fransisko Hotel Şurasında Dayanıqlılıq Komitəsinə sədr seçilməsindən sonra başlayıb. O, bir çox yerli hotelin damında arıçılıq təsərrüfatı qurmaq işinə liderlik edib. Hazırda şəhərdə 7 belə hotel fəaliyyət göstərir.

Onu hər gün arı sancır

Bu 7 hoteldən altısında arılara əvvəllər bu hotellərdən birində qarson işləmiş Roger Garrison baxır. O deyir ki, insanlara olduğu kimi arılara da qulluq etmək xoşdur. Garrisonu, demək olar ki, hər gün arı sancır. Özü bunu gündəlik vitamin qəbulu kimi qarşılayır.

Garrison-un dediyinə görə, arıların anadangəlmə GPS sistemi var. Bunun sayəsində onlar 32-ci mərtəbədən 2 mil uzağa qədər uçsalar da, sonra qayıdıb öz yuvalarını asanlıqla tapa bilirlər. “San Fransiskoda çoxlu bağlar var ki, biz görə bilmirik, arılar isə onları asanlıqla tapırlar”, -- deyə Garrison əlavə edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG