Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:52

Atəşkəs 124 dəfə pozulub


Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 124 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanin İcevan rayonunun Paravakar, Berkaber kəndlərində yerləşən mövqelərindən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndləri atəşə tutulub. Habelə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərinin, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.
Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Kəngərli, Novruzlu, Nəmirli, Qaraqaşlı, Mərzili və Yusifcanlı kəndləri də atəş altında qalıb.

Məlumatda həmçinin qeyd edilir ki, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonunda da bəzi məntəqələr atəşə məruz qalıb.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfə cavab verib.

Aprelin 2-dən 5-nə qədər Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlərin getdiyi bildirilir. Bu zaman hər iki tərəfdən, azı, onlarla əsgərin həlak olduğu qeyd edilir. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

XS
SM
MD
LG