Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:19

“Ərzaq cəmiyyəti də Taxıl Fondunun gününə düşməsə yaxşıdır...”


►Ekspertlər yeni yaradılan “Ərzaq məhsullarının tədarükü və təchizatı” cəmiyyətinin fəaliyyətində şəffaflıq məsələsinə ayrıca önəm verirlər

Yeni yaradılan “Ərzaq məhsullarının tədarükü və təchizatı” cəmiyyətinin əsas məqsədi istehsalçı və satıcılarından belə məhsulları alıb-toplayaraq satınalan təşkilatlara təqdim etməkdir.

Başqa sözlə, həmin qurum, qanunvericiliyə uyğun olaraq, dövlət təşkilatlarının ehtiyac duyduğu kənd təsərrüfatı məhsullarını mərkəzləşdirilmiş qaydada fermerlərdən satın alacaq. Büdcədən maliyyələşən təşkilatlar nəzərdə tutulan vəsait həcmində özlərinin bu məhsullara tələbatlarını sözügedən cəmiyyətə bildirəcək. Bu qurumsa elektron portal vasitəsilə fermerlərdən məhsulun həcm və çeşidinə dair təklifləri qəbul edəcək. Daha sonra, İqtisadiyyat Nazirliyi ilə birgə, hər rübdə bir dəfə müəyyənləşdirdi topdansatış qiymətinə 20 faiz ticarət əlavəsi artırmaqla, həmin məhsulları fermerlərdən alacaq.

Bəzi dövlət müəssisələrinə, uşaq baxçalarına, hərbi hissələrə və s.-ə azuqə almaqdan ötrü əvvəllər də dövlət büdcəsindən vəsait ayrılırdı. Məsələn, belə xərclər üçün bu ilin dövlət büdcəsində 309 milyon manat nəzərdə tutulub.

Mütəxəssislər yeni qurumun yaradılma xəbərini birmənalı qarşılamayıblar. Onun da, digər mövcud cəmiyyətlər kimi, fəaliyyətsiz olacağını deyənlər var, əksini düşünənlər də. Rəyi soruşulan ekspertləri bir ortaq məqam birləşdirir: qurum çox şəffaf fəaliyyət göstərməlidir.

“Nə təminat var ki, bu təşkilat...”

Rövşən Ağayev
Rövşən Ağayev

İqtisadçı ekspert Rövşən Ağayevin fikrincə, bahalı idxal mallarından imtina edib, dövlət ehtiyacları üçün məhsulu birbaşa yerli fermerdən almaq, əslində, tam doğru yanaşmadır:

“Amma satınalmanın mərkəzləşdirilməsi nə dərəcədə doğru addımdır? Beynəlxalq təcrübədə mərkəzləşdirilmiş satınalma miqyas effekti baxımından qənaətə şərait yaradan model sayılır. Amma ictimai nəzarət mexanizmlərinin çalışmadığı ortamda bu model çox yüksək korrupsiya risklərinə yol açır. Məsələn, nə təminat var ki, bu təşkilat məmurların patronajlığı ilə yaradılan iri fermer təsərrüfatlarının deyil, kiçik və orta fermerlərin məhsullarını alacaq? Hansı təminat var ki, eynən Taxıl Fondu kimi, başqa fermerlərin məhsulunun keyfiyyət standartlarına cavab vermədiyini əsas gətirməyəcək?”.

“Bu işi Dövlət Satınalmalar Agentliyi görə bilməzdimi?”

Ekspert daha sonra soruşur:

“Belə bir qurum yaradılırsa, niyə Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Taxıl Fondu da ləğv edilib bu qurumun səlahiyyətinə verilmir? Bu, struktur islahatları baxımından da mühüm addım olardı. Yaxud İqtisadiyyat Nazirliyinin tabeliyinə verilən Dövlət Satınalmalar Agentliyi bu vəzifəni yerinə yetirə bilməzdimi? Bilməzsə, buna hansı maneələr var?”.

___________________________________________________________

Bunlara da bax:
Şeyxülislam süni mayalanmaya razılıq verdi
«Dedi, pullar Heydər Əliyev Fonduna köçürülüb»

___________________________________________________________

Şəffaflıq üçün nə edilməlidir?

R.Ağayev fermerlərdən məhsulların birbaşa satınalma mexanizmlərinin şəffaflığı üçün hökumətin aparmalı olduğu islahatları sadalayır:

“Kəndli-fermer kooperativlərinin yaradılması stimullaşdırılmalıdır. Məsələn, indi fürsətdir, hökumət deyə bilər ki, satınalma zamanı kooeprativ halda birləşmiş, dövlətin müəyyənləşdirdiyi minimum həcmdə məhsul təklif edə biləcək subyektlərə üstünlük veriləcək. Amma təbii ki, kooperativlərin yaradılmasına ciddi maliyyə dəstəyi göstərilməlidir – Sahibkarlığa Kömək Milli Fondunun ayrı-ayrı şəxslərin dövlət torpaqlarında iri fermer təsərrüfatlarını yaratmasına dəstəyi kimi. Fremerlərin maraqlarını qoruyan yerli, regional və ölkə birliklərin yaradılmasına dəstək göstərilməlidir. Aqrar siyasətlə bağlı qərarların qəbulunda onlarla intensiv dialoq mexanizmləri formalaşdırılmalıdır”.

“Satınalmalar haqqında qanunun illərcə pozulmasının şahidi olmuşuq”

Nazim Məmmədov
Nazim Məmmədov

Ekspert Nazim Məmmədov fərqli düşünür:

“Mən ehtiyatlı yanaşır, bazar iqtisadiyyatında dövlətin iqtisadiyyatda aktiv iştirakına yaxşı baxmıram. Ticarət qurumlarının yaradılması isə həmişə səmərəsiz idarəetmədir”.

N.Məmmədov də şəffaflıq məqamına diqqət çəkir:

“Əvvəllər ayrı-ayrı qurumlar tender vasitəsilə büdcə vəsaitlərini mənimsəyirdi. Yəqin bu mənfi halların qarşısını almaq üçün şəffaf mexanizmlər tətbiq olunacaq. Satınalmalar haqqında qanunun illərcə pozulmasının şahidi olmuşuq. Ümid edək ki, ictimai vəsaitlərin talanmasına son qoyulacaq”.

“Mənimsəmə olmasa ...”

Ekspert yada salır ki, ordunun ərzaq təminatından başlamış, internat məktəbləri və uşaq baxçalarınadək, büdcədən hər il yüz milyonlarla manat xərclənir:

“Bu ərzaqların əksər hissəsi xarici ölkədə istehsal olunmuş məhsullardır. Yeni mexanizm, ayrılan vəsaiti mənimsəməmək şərti ilə, aqrar sahənin inkişafını stimullaşdıra bilər. Ancaq o da nəzərdən qaçmamalıdır ki, əksər rayonlardan potensial istehsalçılar artıq şəhərlərə köçüblər və onların geri qayıtmasından ötrü həvəsləndirici kompleks addımlar atılmalıdır”.

Buna da bax: Kamaləddin Heydərov hansı sahəni monopoliyaya alıb?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG