Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:48

Yarmarkada saxta bal?- [Reportaj]


►“Bu balın içində nə var, bir Allah bilir, bir də…”

“Saxta bal satanlara ön cərgələrdə, girəcəkdə yer ayırıblar. Ancaq xalis bal gətirənləri künc-bucağa yerləşdiriblər”

- Daşkəsən balına gəl, Daşkəsən balına.

- Naxçıvan balından yoxdu. Əslinə qalsa, bu balın kiloqramı 50 manata satılmalıdı, əlacsızlıqdan 30 manata veririk. Naxçıvandakı 1200 çiçəyin ətri, dadı var bu balda.

- Astara balı min dərdin dərmanıdı, gəl, almasan da, dadına bax. Bilirsən bu nədi?

- Bu arı şanına bax, bunun içində nə var, bir Allah bilir, bir də... arı. İnsan əli dəyməyib buna.

Bakıda bir həftədir başlayan bal yarmarkasına Azərbaycanın hər bölgəsindən bal gətirilib. Naxçıvandan, Lənkərandan, İsmayıllıdan, Qubadan, Daşkəsəndən... Yarmarkaya girən kimi satıcılar səni öz tərəfinə dartır, “Almasan da, dadına bax” deyir. Plastik qaşıqda qonaq edir, malına tərif vurur, möhürlü laboratoriya sənədlərini bir-bir göstərir. (Ardı aşağı)

Buna da bax: Azərbaycan dilində bu sözlərin mənasını bilirsən?

Yarmarkada nələr yoxdur ki... Kiloqramı 15-30 manata bal, qramı 10 manata güləm, 7 manata mumdan düzələn şamlar, qramı beş manata arı südü, 30 manata arı şanı... Var. Olmayan bircə müştəridir, alıcı təkəm-seyrək gözə dəyir. İki tək, bir cüt müştəri də yarmarkaya ötəri göz gəzdirib gedir. 10 müştəridən 3-ü bal ala, ya yox. Yanaşıb soruşanda “Bahadır”, “Xalis bala oxşamır” deyirlər.

Odur ki, satıcılar, fermerlər bekarçılıqdan ya iki-bir, üç-bir söhbət edir, ya telefonda film izləyir, musiqi dinləyir, ya da dilxor halda oturub gözləyirlər.

Satıcılarsa narazıdırlar. Təkcə alıcıdan yox. Bəziləri iddia edir ki, yarmarkada xalis bal yerinə saxta bal satanlar çoxdu.

Buna da bax: AŞPA prezidentindən İlham Əliyevə yeni məktub gəldi

“SAXTA BALI YARMARKAYA BURAXANLAR”

Yeri gəlmişkən, yarmarka açılan gün Kənd Təsərrüfatı Nazirliyi bəyan etdi ki, 18 ton bal saxta olduğu üçün satışa buraxılmayıb. Ancaq satıcılar deyir ki, nazirliyin əməkdaşlarının sayəsində yarmarkada saxta bal satanlar çoxdur.

Bu iddianı xüsusən də cənub bölgəsindən – Lənkəran, Masallı, Astaradan bal gətirənlər deyir. Bu bölgədən olan Valeh Səmədova yaxınlaşırıq. Qanı qaradır. Bizi görüb: “Düzünü yazırsızsa, danışaram” deyə dillənir. Narazılığı nazirliyin, laboratoriyanın işçilərindəndir. Onun sözlərinə görə, saxta bal satanları yarmarkaya onlar buraxırlar:

“Bizi bura hörmətlə-izzətlə dəvət etdilər, biz də gəldik, indi baxırıq ki, saxta bal satan da var. Biz arıçıyıq, saxta balı o dəqiqə seçirik. Bu yarmarkada saxta bal çoxdur. Tonlarla saxta bal satılır burda. Onların ucbatından da bizim xalis malımız satılmır. O balı alan sabah bir də bura gələrmi?..”

Adının çəkilməsini istəməyən bir balsatansa deyir ki, saxta bal satanlara ön cərgələrdə, girəcəkdə yer ayırıblar. Ancaq xalis bal gətirənləri künc-bucağa yerləşdiriblər.

Daşkəsəndən bal gətirən bir fermersə deyir ki, balı iki-üç dəfə laboratoriyadan keçirilsə də, yenə onu yoxlamaya göndərirlər:

“Hər dəfə də tər-təmiz çıxıb. Bax bu da nəticələr, möhür. Yenə niyə göndərirlər məni? Öz həyətimin məhsuludur. Mən 100 kilo bal ala bilmişəm arıdan. Amma başqaları 3 ton bal gətirib, necə bunu yığıblar, bilmirəm”, -deyə əsəbi şəkildə söyləyir.

Buna da bax: «5 milyonumu alıb universitetdən uzaqlaşdırdılar»

TELEVİZYALARIN ANTİREKLAMI

Valeh Səmədov bizimlə söhbətdə televiziyalardan gileyini də çatdırır:

“Telekanalların birində xəbər verdilər ki, cənub bölgəsindən gətirilən bal saxta çıxıb. Bu bütün bölgənin antireklamıdır. Bütün bölgənin. İndi müştəri də gəlir, Masalllı, Lerik, Astara balı deyəndə üzünü çevirib gedir. Belə olmaz axı. Bir nəfərin balı saxta çıxıbsa, hamıya pis demək olmaz axı”.

“BALSIZ DA YAŞAMAQ OLAR”

Satıcılar alıcı azlığını təkcə təbliğata bağlamırlar. Çoxu deyir ki, ötən illərin alveri bu il yoxdur. Səbəbini də işsizlikdə, bu ilin fevralında gedən devalvasiyada görürlər.

“Camaat işləmir, imkanı yoxdur. Fikirləşir ki, balsız da yaşamaq olar”.

Uzun illərdir bu yarmarkada iştirak edən Qönçə Quliyeva da alıcı azlığından narazıdır: “Alver yoxdur”.

Qusarın Ləzə kəndindən olan Əziz adlı fermer də alıcı azlığından danışır:

“Özünüz görürsünüz də. Baxın, müştəri var burda? Hamısı ağxalatlılardır – bal satanlar. Çarəsizlikdən balın kilosunu 15 manata satırıq. Yenə alan yoxdur”.

Masallının Ərkivan kəndindən olan Salman Şiriyev deyir ki, bir günə ancaq 6 kilo bal sata bilib:

“Qabaqkı illərə baxanda, əlbəttə, yaxşı deyil. Amma yenə də Allah bərəkət versin”.

Buna da bax: Türkiyə Suriya sərhəddində naməlum təyyarə vurub

“EVDƏ BİLƏCƏYİK NECƏ ÇIXDIĞINI”

Yarmarkada ikicə müştəriylə danışa bildik. Biri Samir Vəliyev idi. Ailəsi ilə gəlmişdi. Satıcı balı qablaşdırsa da, tərəddüd içindəydi:

- 2 kilo aldım, amma evdə biləcəm necə olduğunu.

- Dadına baxmadınızmı?

- Baxdım. Təmiz bal olmasına şübhəm var. Düzü, başım çıxmır. Satan deyir ki, yaxşıdır, hörmət də etdi, 15 manata aldıq. Ancaq baxaq da...

Söhbətə şahid olan satıcı tələsik laboratoriyadan aldığı nəticələri bir-bir göstərir, vizit-kartını verir.

Elşən İbrahimov da alıcıdır. Yarmarkadan 4 kiloqram bal aldığını deyir:

- Lerikli kişidən aldım, kilosu 20 manata. Yaxşı bala oxşayır. Özüm də o bölgədənəm deyə buranın balını aldım.

Yarmarkadan çıxanda bura nəzarət edən nazirlik əməkdaşlarıyla danışmaq istədik, razılaşmadılar.

Kənd Təsərrüfatı Nazirliyinin hər il təşkil etdiyi yarmarka bu il də bir ay davam edəcək – oktyabrın 10-dan noyabrın 10-dək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG