-
Bu şeir "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflər heyətindən bal alsa da, bu, 20-liyə düşmək üçün bəs etməyib.
Rəsul Mürsəlov
ZİNDAN
Ürəyim həyəcanla döyünür bu gün.
Qərib duyğular içindəyəm.
Uzaqlarda bir yerdə,
bir şeylərin həsrətindəyəm.
Düşünmək, xəyal etmək belə içimi coşdurur,
O gözəl, aydın günlərin xəyalını.
Pəncərə önündəyəm,
dəmir barmaqlıqlar arxasında.
Xəyallarım səssizcə dəmir barmaqlıqlardan süzülür,
günəşin şüaları altına.
Günəşli, aydın günlərə doğru gedir,
Azadlığa doğru!
Yaşıl yamaclara, çılğın çaylara,
sərin bulaqlara gedir.
Quşların nəğmə oxuduğu dağlara doğru.
Uzanıram yaşıl çəmənlikdə,
Aydınlığı seyr edirəm,
səmanı seyr edirəm.
Azadlığı çəkirəm içimə,
udum - udum.
Və ...
Bir anda dəmir qapı cırıltıyla açılır.
Oyanıram huzur dolu xəyalımdan.
Və onu anlayıram ki,
Bura zindandır!
Günəşin isitdiyi bədənim yenidən titrəyir,
Hər tərəf beton və nəm.
Üşüyürəm.
Xəyal qurmanın belə yasaq olduğu
zindan həyatı başlayır yenidən.
Gəncə İstintaq Təcridxanası,
4 noyabr 2012-ci il