Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:08

«Hepatit 100 faiz müalicə oluna bilir»


Nuri Beslen
Nuri Beslen

-

Azərbaycanda hər 100 min nəfərə 5.6 hepatit viruslu xəstə düşür.

Rəsmi statistikanın 2013-cü ildəki məlumatına görə, ölkədə 524 hepatit virusuna yoluxmuş xəstə var. Onlardan 150-si Hepatit A, 223-ü Hepatit B, 151-i Hepatit C-dir.

Hələlik, 2014-cü il üçün Hepatitə yoluxma ilə bağlı rəsmi rəqəmlər açıqlanmayb. Ancaq statistika 2000-ci illə müqayisədə yoluxmanın aşağı düşdüyünü göstərir. 2000-ci ildə hər 100 min nəfərə 30.2 hepatitli xəstə düşürdü.

Bunlar rəsmi rəqəmlərdir. Reallıq nə deyir? Hepatit Azərbaycanı başına alan bir bəlaya çevrilibmi? Virus müalicəyə tabe olurmu?

AzadlıqRadiosunun suallarını il yarımdır Azərbaycanda çalışan, Azərbaycan Diaqnostika Mərkəzinin hepatoloq-infeksionisti, doktor Nuri Beslen cavablandırır:

- Hepatit virusuna yoluxmaqla bağlı Azərbaycanda vəziyyət necədir?

- İnkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda, Türkiyədə yoluxanlar çoxdur. Virusa yoluxub bundan xəbəri olmayanların sayı da çoxdur. Buna görə də adamlar analiz verib müayinə olunmalıdır. İldə bir dəfə analiz vermək kifayət edir.

- Azərbaycanda virusa yoluxmanın çox olmasının səbəbi nədir?

- Əvvəllər bu virusun mənşəyi bilinmirdi və buna yönəlik test aparılmırdı. 90-cı illərdə əməliyyat aparılarkən, ya qan köçürülərkən belə bir analiz aparılmırdı. Ona görə də, qanköçürmə zamanı fərqinə varmadan çox adam Hepatit C-yə yoluxdu.

- Hazırda müayinə səviyyəsi necədir? Adamlar ildə bir dəfə Hepatit B, Hepatit C-yə görə analiz verməyə maraq göstərirlərmi? Bildiyimiz kimi bu analizlər pulludur…

- Əvvəlki illərlə müqayisədə, təbii ki, müayinədə artım var. Media vasitəsilə Hepatit barədə xəbər tutub onun təhlükəsini dərk edənlərin sayı artır. Bundan başqa, qohumlarında, yaxınlarında bu virusa yoluxanlar da analiz verirlər ki, yoluxub-yoluxmadığını bilsinlər. Analizlər də əvvəlki illərlə müqayisədə daha keyfiyyətli aparılır. Təbii, analiz verməyi əlçatan etmək lazımdır, məlum, pulludur. Xarici ölkələrdə xeyriyyə təşkilatları var, onlar əhali arasında pulsuz müayinə aparırlar. Yəni, kimsə yoluxubsa, bundan dərhal xəbər tutub müayinəsinə başlasın. Artıq Azərbaycanda da belə pulsuz müayinələrin başlaması lazımdır.

- Hepatit virusları müalicəyə gəlirmi?

- Bəli, artıq 100 faiz müalicə olunan bir xəstəlikdir. Xəstə tamamilə sağalır. Əvvəllər xəstəyə qaraciyər serozu qoyulardısa, hər kəs onun öləcəyini düşünürdü. Ancaq indi qaraciyər serozu diaqnozu qoyulduqda belə, xəstəni tamam sağaltmaq mümkündür.

- Bu zaman qaraciyər köçürməsi vacibdir, yoxsa xəstəni iynə-dərmanla müalicə etmək olur?

Artıq qaraciyər köçürməsi ehtiyacı azalır. Son 2-3 ildə bu virusu müalicə edən təsirli dərmanlar tapılıb. Əvvəllər xəstəliyin inkişaf etdiyi mərhələdə, seroz olmuş mərhələdə qaraciyər köçürməsi qaçılmaz idi, ancaq indi bu mərhələdə təsirli dərmanlarla xəstəni sağaltmaq mümkündür. Təbii, qaraciyər tamam dağılıbsa, sıradan çıxıbsa, qaraciyər köçürməsindən başqa yol yoxdur.

- Bunlar çoxmu bahalı dərmanlardır?

- İlk çıxdığında bəli, çox bahalı idi. Ancaq getdikcə qiymətləri düşür. Fikrimcə, gələcəkdə bu dərmanlar bir az da ucuzlaşacaq.

- Doktor, bu günlərdə Hepatitə tutulan bir xanım hamiləliyinin 8-ci ayında vəfat etdi (Müsavat partiyasının üzvü Nərgiz Yaqublu-red.). Bu olaydan sonra bəziləri şərh etdi ki, Hepatitə yoluxan qadının hamiləliyi onun ölümü ilə sonuclanır. Belədirmi?

- Hamilə zamanı Hepatit C-nin tipik şəkli dəyişir. Bəzi xəstələrdə ağırlaşma, bəzilərində yüngülləşmə hiss olunur. Buna görə də hepatitli xəstə hamilə qaldığı andan müşahidə altında olmalıdır. Bu müşahidəni də mütəxəssislər aparmalıdır. 8-ci ayına qədər, qaraciyər dağılana qədər xəstənin müalicəsiz-müşahidəsiz qalmaması lazımdır. Əgər düzgün müayinə və müalicə aparılarsa, hepatitli qadın da tam sağlam uşaq dünyaya gətirə bilər.

- Yəni, Hepatitə yoluxan qadın hamilə qala və hamiləliyini sağlıqlı başa vura bilər.

- Bəli, nəinki Hepatit virus daşıyıcısı, hətta xəstə belə hamilə qala və sağlam uşaq doğa bilər.

- Nuri bəy, Türkiyədə müalicə-müayinə səviyyəsi necədir? Hansı üstünlüklər var?

- Türkiyədə də Hepatitlə bağlı ciddi problemlər var. Ancaq orda Hepatitə yoluxan şəxs silsilə müalicə alır. Bu nə deməkdir? Yəni, Hepatit diaqnozu qoyulan an xəstə bir müalicə alır, birinci müalicə effektsiz olsa, növbəti müalicə metodlarından istifadə olunur. Burda müalicə üsulları standartdır. Azərbaycanda belə bir standart yoxdur, buna ciddi ehtiyac var. Böyük ehtimalla burda da tətbiq ediləcək. Hepatitlə məşğul olan mütəxəssislərin xarici ölkələrdəki kimi standart müayinə və müalicədən istifadə etməsi lazımdır.

- Türkiyədə bunun tətbiqi hepatitli xəstələrdə ölümlərin sayını azaldıbmı?

- Türkiyədə də, Azərbaycandakı kimi, qaraciyər serozuna tutulanların sayı çoxdur. Həddindən çox qaraciyər köçürməsi əməliyyatları aparılır. Hətta Avropa ölkələri ilə müqayisədə qaraciyər köçürməsi daha çox Türkiyədə aparılır. Bu, yaxşı şey deyil. Çünki hepatitli xəstələrin çox olduğunu göstərir. İndi Hepatit C səbəbindən ölənlərin sayında azalma var, çünki getdikcə müayinə və müalicə üsulları müasirləşir. Hətta bu səbəbdən artıq xəstəliyə yoluxma da azalır.

- Azərbaycanda çoxmu xəstəyə Hepatit diaqnozu qoyursunuz?

- Bu diaqnozu qoyduğum xəstələr olur. Ancaq mənim yanıma daha çox müalicə almaq məqsədilə gəlirlər.

- Doktor, sizin yanınıza gələn pasiyentlər xəstəliyin hansı mərhələsində olur? Bunu ona görə soruşuram ki, adətən, Azərbaycanda həkimə son anda üz tuturlar…

- Düz deyirsiniz. Türkiyədə diaqnoz daha erkən qoyula bilir, çünki adamlar hansısa səbəbdən həkimə gedəndə xəstə müayinə olunur və virus aşkar edilirsə, dərhal müalicəyə başlanır. Azərbaycanda isə durum fərqlidir. Ya təsadüfi hallarda virus olduğu üzə çıxır, ya da son mərhələdə gəlirlər. Əslində, xəstəliyi daha erkən vaxtında biləndə, qaraciyərə daha çox zərər vermədiyi bir vaxtda onu müalicə etmək asandır, nəinki sonrakı xəstəlik inkişaf edəndən sonra. Bu, həm də fərdidir, adamlar gərək sağlıqlarının qeydinə qalıb müayinədən keçsinlər.

- Hepatit B və C-yə yoluxmanın simptompları nədir?

- Xəstələrin 80-90 faizində heç bir şikayət, simptom yoxdur. Zatən, bu xəstəlik şikayət olmadığı halda müalicə edilir. Şikayət varsa, müalicə daha da çətinləşir. Qaraciyər o qədər dözümlü orqandır ki, 90 faizi sıradan çıxmayınca, fəsadını bəlli etməz. 90 faizi sıradan çıxandan sonra xəstədə şikayətlər başlayır, bu zaman isə müalicə çox çətindir.

- Doktor, Azərbaycanda Hepatitin «ən çox şəhərdəmi, kənddəmi virusa yoluxma aşkar edilib» deyə bir xəritəsi varmı?

- Bununla bağlı bir xəritə yoxdur. Təbii, bunu etmək lazımdır. Pulsuz müayinə aparıldığı halda bunu müəyyənləşdirmək mümkündür. O zaman demək olar ki, şəhərdəmi, kənddəmi daha çox yayılıb, yaxud hansı rayonda, hansı şəhərdə yoluxma səviyyəsi yüksəkdir. Belə bir statistikaya ehtiyac var.

XS
SM
MD
LG