Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:11

Bələdçilərin etirazı bitmir...


Arxiv fotosu
Arxiv fotosu

-

Ötən ilin yanvar ayının 11-dən başlayan bələdçi etirazları hələ də davam edir. “Azərbaycan Dəmir Yolları” QSC-nin yeni təyin edilmiş sədri Cavid Qurbanovun gəlişi də heç nəyi dəyişməyib. Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə etirazçı dəmiryolçular deyib. Onların sözlərinə görə, yeni rəis bələdçiləri qəbul etmir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin kişi bələdçilərinin etirazına səbəb onların MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılması, əvəzində isə beynəlxalq xətlərə qadın bələdçilərin yerləşdirilməsi idi. Hazırda vəziyyət nisbətən yaxşılaşsa da, vəziyyət hələ tam ürəkaçan deyil. Keçmiş rəisin dövründə bir neçə qatar bələdçisi müxtəlif bəhanələrlə işdən çıxarılıb. Onlardan biri də Mehdi Həmidovdur. O, bir müddət sonra yenidən işə götürülüb - amma qarovulçu olaraq. Bu işin maaşı isə çox azdır.

"160 MANAT MAAŞLA AİLƏ SAXLAMAQ OLARMI?"

"Mənə və digər bələdçilərə qarşı edilənlərin səbəbi, onların haqlarını tələb etməsidir:

"Mən 1992-ci ildən etibarən “Azərbaycan Dəmir Yolları” QSC-də işləyirəm. Bu günə kimi işimdə heç bir nöqsana yol verməmişəm. Bizə qarşı rəhbərlik tərəfindən edilən haqsızlıqlara qarşı etiraz və ölkə başçısına, eləcə də bir çox dövlət orqanlarına şikayət etdiyim üçün məni də bir bəhanə uydurub, işdən çıxardılar. Sonra isə qat-qat aşağı maaşla işə götürdülər. İndi mən qarovulçu işləyirəm. Öhdəliyimdə 2-ci qrup əlil var. Nəvələrim var. Mən 160 manat maaşla onları necə saxlayım".

Şikayətçinin sözlərinə görə, Cavid Qurbanov vəzifəyə gələn kimi onları "bir qrup öyrədilmiş insan" adlandırıb:

"Etiraz edən 187 bələdçi var. Bunların bəziləri müxtəlif bəhanələrlə işdən çıxarıldı, digərləri isə qeyri-bərabər şəkildə işləyirlər. Belə ki, Bakıdan 10 istiqamətdə qatar çıxır. Bunların cəmisi üçündə kişi bələdçi var. Həmin vaqonlar da çox köhnədir. 25 ilin vaqonlarıdır. İndi bəyənmədikləri bələdçilər həmin vaqonları Güzdəkdən gətirib, öz hesablarına təmir ediblər. Amma vaqonun da bir ömrü var. Paslanmış vaqonları veriblər kişi bələdçilərə. Sonra da deyirlər ki, "vaqonlar çirklidir, yaman gündədir". Təbii ki, belə olacaq. Bizə deyirlər ki, naşatır spirti ilə təmizləyək. Paslanmış, ömrünü başa vurmuş vaqonu naşatır yeniləyəcək?"

QƏBULA DÜŞMƏK İSTƏYİRLƏR

Mehdi Həmidov onu da bildirdi ki, ona xəstə adı verərək, bələdçi vəzifəsindən uzaqlşadırıblar:

"Guya ki, mən yoluxucu xəstəlik daşıyıcısıyam. Mənim əllərimdə dəri xəstəliyi var. Bu, uzun zamandır ki, belədir. Amma bu xəstəlik yoluxucu deyil. Buna sübut olaraq, öz ailəmi göstərə bilərəm. Onların hamısı tam sağlamdır. Həkimlər də bunu isbat edə bilərlər. Mən hər il iki dəfə həkim yoxlamasından keçirəm. Hər dəfə də tam sağlam olmağım barəsində qərar verilib. Bunlar məni işdən çıxartmaq üçün belə bir bəhanə uydurublar”.

Başqa keçmiş bələdçi Adil Vəlixanovsa deyir ki, onların tək istəyi Cavid Qurbanovun qəbuluna düşməkdir:

"Bizim bir istəyimiz var. Xahiş edirik ki, Cavid Qurbanov bizi qəbul etsin. Problemlərimizi dinləsin. Biz heç kim tərəfindən öyrədilməmişik. Biz sadəcə öz haqqımızı tələb edirik. Bizə ödəniləsi olan pullar var. Onları tələb edirik. Nə vəzifə istəyirik, nə də başqa bir şey. Bizim tələbimiz birdir. Haqqımızı istəyirik. Hansı quruma, orqana gediriksə, hamısı bizi məhkəməyə göndərirdi. Biz də məhkəməyə verdik. Amma heç bir faydası olmadı. Biz apellyasiya məhkəməsini udduq. Amma nəticə olmadı. Onlar işi verdilər Ali Məhkəməyə. Orada isə bizim əleyhimizə qərar verildi. Məhkəmə cəmisi 5 dəqiqə çəkdi. İçəri girdi, 5 dəqiqə sonra qərar verdi. Düşünmədilər ki, 187 nəfərin haqqı tapdalanır. Məhkəmələr azad deyil. Onlara nə deyirlərsə, o qərarı da verirlər. Bu qədər etirazdan sonra verilən qərara baxın - C.Qurbanov “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə, Arif Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edildi. Bununla da məsələ həll edildi? Bəs bizim pullarımızın axırı necə olacaq? Belə çıxır ki, biz fəhləyik deyə haqqımız yeyilməlidir?

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər ki, etirazını bildirmək hər bir vətəndaşın hüququdur. Gərək etiraz da ədalətli ola. Bu məsələyə Ali Məhkəmə də öz qərarını verib. Səhmdar Cəmiyyət də məhkəmələrin qərarına uyğun addım atır.

XS
SM
MD
LG