Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:50

Başıbəlalı Şıxlı arxı...


Arxiv fotosu
Arxiv fotosu

-

Qazax rayonunun Birinci Şıxlı kənd sakinləri AzadlıqRadiosunun "Qaynar xətt"inə şikayət ediblər. Onlar Şıxlı su kanalında yaranmış problemdən əziyyət çəkdiklərini bildirirlər.

Sakinlərin deməsinə görə, mənbəsi Gürcüstandan Xram çayından olan Şıxlı su kanalının Sınıq Körpüyə qədər olan hissəsi tam betonlaşdırılıb. 18 km uzunluğundakı ərazisi hələ də betonlaşdırılmayan kanalın məhz bu hissəsi kənd sakinləri üçün öz təsərrüfat sahələrinin suvarılmasında problemlər yaradıb. Sakinlər "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətindən Şıxlı su kanalının bütün ərazisinin betonlaşdırılmasını tələb edirlər:

"MƏHSUL SUSUZLUQDAN YANIR"

“Sınıq Körpüdən bəri bütün Şıxlı kanalı torpaq halında qalır. Mütəxəssislərin dediyinə görə, su kanalı saniyədə 800 litr su vurur. Həmin suyun yalnız 40-45%-i kənddəki mənzillərə gəlib çatır. 18 km uzunluğunda olan kanal həddən artıq yararsız, genişlənmiş, dərin quyular, keçilməz qamışlıqlar halında olduğuna görə suyun mənzilə çatmasında böyük problemlər yaranır. Yay aylarında su çatışmır, həyətyanı sahələr, pay torpaqlarında olan məhsullar susuzluqdan yanır".

Sakinlərin sözlərinə görə, neçə illərdir ki, Şıxlı su kanalına verilən suyun 50%-i itkiyə gedir. Yay aylarında Xram çayından su gəlmədikdə Şıxlı su kanalına II Şıxlı, I Şıxlı, Aslanbəyli su nasosları vasitəsilə Kür çayından su vurulur. Kanala 1 saniyədə vurulan 250-300 litr suyun yarısı da itkiyə gedir. Xülasə, Şıxlıda su kanalında vəziyyət olduqca dözülməzdir.

Şıxlıda su kanalı əvvəlcə 1947-ci ildə, ikinci dəfə 1961-ci ildə çəkilib. 1961-ci ildə çəkilmiş kanal torpaq kanalıdır. Şıxlı su kanalının suyu ilə II Şıxlıda 800 hektar, I Şıxlıda 220 hektar, Aslanbəyli kəndində 300 hektar həyətyanı və pay torpaqları suvarılır.

YENİDƏNQURMA İŞLƏRİ APARILIR

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti ilə dəfələrlə əlaqə saxlasaq da, telefon zənginə cavab verən olmadı.

Rayonun icra hakimiyyətinin illik hesabatında isə qeyd olunur ki, respublika büdcəsindən əsaslı tikintiyə ayrılmış vəsait hesabına torpaqların su təminatının yaxşılaşdırılması tədbirləri sırasında Qazax rayonunun Şıxlı arxının yenidən qurulması da nəzərdə tutulub.

Rayonun Kəmərli, Aslanbəyli, Xanlıqlar, İkinci Şıxlı və Qaymaqlı kəndlərinin, sərhədyanı Abbasbəyli, Alpout, Fərəhli, Ürkməzli kəndlərinin əkin sahələrinə suvarma suyunun verilməsi, su təminatının yaxşılaşdırılması üçün nasos stansiyalarının, təzyiqli boru kəmərlərinin tikintisi işləri davam etdirilir. ​

XS
SM
MD
LG