Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:42

Nəsiman Yaqublu: «Rəsulzadənin büstünün dağıdılması tariximizə atılan ləkədir»


Məmməd Əmin Rəsulzadənin büstü
Məmməd Əmin Rəsulzadənin büstü

-

Tədqiqatçı Nəsiman Yaqublu metronun «Bakmil» stansiyası yaxınlığında Məmməd Əmin Rəsulzadənin büstünün götürülməsi ilə bağlı Qafqazinfo-ya danışıb:

«Ötən il mənim yazıçı Elçinə müraciətim və onun da prezidentə xahişi əsasında Rəsulzadənin nəvəsi Almaniyaya ciddi müalicəyə göndərildi. Və buna görə mən mətbuatda çıxış edib Rəsulzadə ailəsi adından və öz adımdan ölkə başçısına təşəkkür etdim. Yəni, Rəsulzadəyə qarşı olan gərgin münasibətin tədricən aradan qaldırıldığı bir zamanda «Bakı Metropoliteni» rəhbərliyinin belə bir addım atması əslində milli-demokratik dövlətçiliyimizin qurucularına, ümumiyyətlə isə o şərəfli tariximizə atılanləkədir. Metropolitenin rəhbərliyi bilməlidir ki, bizim konstitusiyamızda yazılıb ki, indiki Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisidir. Odur ki, belə addımların atılması bağışlanmazdır».

Tədqiqatçı Bakı Dövlət Universitetinin ərazisində Rəsulzadəyə abidə qoyulması ilə bağlı İlham Əliyevə müraciət edib. O deyib ki, BDU-da 20 ildən çoxdur bu abidəylə bağlı bir daş lövhə vurulub.

«POLİURETAN İNSANI ÖLDÜRƏ BİLİR»

«Bizim yol» aprelin 10-da Bakıda yanan binanın fasadına vurulan poliuretan haqda araşdırma aparıb və bunları üzə çıxarıb: «Bu sənayedə istifadə olunan sintetik polimer materialdır. Ona tərif deyənlər biznes maraqlarını güdənlərdir. Bir çox rus, ingilis saytlarında poliuretanın risklərindən xeyli materiallar var. Yandırdığınız zaman poliuretan köpüyünün benzindən heç də pis alışmadığı deyilir.

Poliuretandan qalxan toz buludları belə alovlanmaya meyllidir. Bu, ağciyərlər üçün də zərərlidir, poliuretanın toz və ya dumanı ilə nəfəs almaq tənəffüs xəstəliklərinə səbəb ola bilər. Onun tətbiqi zamanı maskalar və xüsusi eynəklərdən istifadə tövsiyə olunur. Xüsusilə gözləri qorumaq şərtdir. Bu məhsulun uzunmüddətli risklərini nəzərə alan mütəxəssislər hətta ondan bəzi hallarda ölüm faktının olduğunu da qeyd ediblər. Ən pisi də odur ki, yanan zaman ondan ayrılan zəhərli qazlar insanı bir neçə dəqiqə ərzində zəhərləyə və öldürə bilir».

Foto illüstrasiya
Foto illüstrasiya

PULLAR AZƏRBAYCANDAN TÜRKİYƏYƏ AXIR

«Azadlıq» qəzeti «Azərbaycandan Türkiyəyə gizli kapital axını?» haqda yazır:

Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının martda daha 1.5 milyard dollar azaldığını açıqladı. Açıqlamadan görünür ki, MB ehtiyatlarının 2014-ün sonlarından başlayan azalması bu ilin 3 ayı ərzində 3 milyard dollardan çox olub.

İqtisadçı-ekspert Rövşən Ağayev MB-nin valyuta ehtiyatlarının qısa müddətdə bu qədər azalması ilə «Bloomberg» agentliyinin bu günlərdə üzə çıxardığı bir fakt – Türkiyəyə ilin əvvəlindən mənşəyi bilinməyən böyük həcmli maliyyə axınının baş verməsi arasında əlaqənin ola biləcəyi qənaətindədir.

«Bloomberg»in məlumatına görə, təkcə fevral ayında Türkiyəyə daxil olan mənşəyi naməlum kapitalın həcmi 4.3 milyard dollar olub. Bu kapital axını hesabına Türkiyə tədiyyə balansını yaxşılaşdırıb, valyutaya tələbatını xeyli dərəcədə ödəyib, cari hesablar balansının kəsirini 4.2% azaldıb.

İqtisadçı Rövşən Ağayev şübhə etmir ki, bu ilin əvvəlində manata təzyiqin artmasının əsas səbəblərindən biri də ölkədən kapital axınının güclənməsi olub. «Xüsusilə də rublun payızda üzləşdiyi durum bir çox böyük kapital sahiblərini manatla aktivlərə münasibətdə daha həssas etmişdi.

Əminəm ki, indiki situasiyada - Qərblə münasibətlərin pisləşdiyini, Rusiyanın kapital qoyuluşu üçün tam təhlükəli bir məkan olduğunu nəzərə alsaq, Türkiyədən əlverişli ölkə yoxdur», - deyə o, qeyd edir.

İDMAN YARIŞLARI AZƏRBAYCAN ÜÇÜN YENİ SƏHİFƏ AÇIR

«Azərbaycanın müstəqil siyasətinə qarşı yönəlmiş bütün təhdidlər yenə də iflasa uğrayacaq».

Leyla Abdullayeva
Leyla Abdullayeva

Deputat Leyla Abdullayeva «Azərbaycan» qəzetində belə yazır.

Milli Məclisin üzvü bu fikirdədir ki, «Azərbaycanın uğurları, beynəlxalq aləmdə artan nüfuzu dost ölkələri sevindirsə də, bəzi antiazərbaycançı şəbəkələri, beynəlxalq təşkilatları narahat edir».

O, Azərbaycanda bütün fundamental hüquq və azadlıqların qorunduğunu bildirir: «Məhz Avropa Olimpiya Komitəsi də bütün bunları nəzərə alaraq Oyunların Azərbaycan Respublikasında keçirilməsi barədə müsbət rəy verib. Avropa Oyunlarının keçirilməsi üçün ölkəmizin seçilməsi ona verilən yüksək dəyərin göstəricisidir».

Leyla Abdullayeva məqaləsini belə bitirir:

«Bu il Bakı-2015 I Avropa Oyunları və şahmat üzrə dünya kuboku uğrunda yarışlar, gələn il şahmat üzrə Olimpiada, «Formula-1» üzrə Avropa Qran-pri yarışları, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunları. Budur, dünyada həm də idman ölkəsi kimi tanınan Azərbaycanın uğur göstəriciləri. Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, müstəqil və qətiyyətli siyasət sayəsində qazanılan, əldə edilən nailiyyətlər göz önündədir. Hər bir beynəlxalq idman yarışının Azərbaycanda keçirilməsi ölkəmiz üçün tamamilə yeni səhifə açır. Azərbaycan bu yarışlara ev sahibliyi etməklə beynəlxalq nüfuzunu daha da artırır və yeni-yeni tərəfdaşlar qazanır. Söz yox ki, bu dəfə də belə olacaq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG