Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:55

Vahid Məhərrəmov: «Soyuq, yağışlı havalar bitkiçilikdə problemlər yarada bilər»


Vahid Məhərrəmov
Vahid Məhərrəmov

-

«Havaların yağışlı keçməsi təbii biçənək, örüş sahələrində otun bol olacağı deməkdir».

Bunu aqrar üzrə ekspert Vahid Məhərrəmov AzadlıqRadiosuna açıqlamasında bildirib.

Onun dediyinə görə, havaların soyuq keçməsi bitkilərin inkişafını zəiflədir:

«Ancaq yağan yağışlar torpaqda nəmliyi artırır. Xüsusən təbii örüş, biçənək və suvarılmayan əkin sahələrində yağış suları nəmliyi, məhsuldar rütubət ehtiyatlarını artıracaq. O cümlədən, meşə fonduna da müsbət təsir edəcək».

Vahid Məhərrəmov onu da əlavə edir ki, havaların soyuq keçməsi, o cümlədən davamlı yağışların kənd təsərrüfatında məhsuldarlığa mənfi təsirləri də var:

«Havaların soyuq keçməsi bitkilərin vegetasiya müddətini uzadır, bu, yaxşı hal deyil. Eyni zamanda, yağışların davamlı yağması bitkiçilikdə göbələk xəstəliklərinin geniş yayılmasına səbəb ola bilər. Diqqət yetirmişəm, yaxın günlərdə temperatur 15-16 dərəcəyə yüksələcək, bu isə göbələk xəstəliyinin geniş yayılmasına səbəb ola bilər. Bundan başqa, torpaq hələ soyuqdur, belə olan halda isə bitki inkişafdan qalır».

«SOYUQ HAVALAR HƏŞƏRATLARIN HƏRƏKƏTİNİ MƏHDUDLAŞDIRIR»

Ekspert deyir ki, bəzi bölgələrdə indi ağaclarda, bitkilərdə çiçəkləmə, mayalanma, tozlanma dövrü başlayıb: «Bilirsiniz ki, bəzi bitkilərdə mayalanma həşəratların köməyi ilə baş verir. Davamlı yağış yağanda həşəratların hərəkəti məhdudlaşır. Bütün bu amillərin məhsuldarlığa nə qədər təsir edəcəyini indidən demək çətindir, bunu bir müddət keçdikdən sonra qiymətləndirmək mümkün olacaq».

Ötən il ot az olduğundan heyvandarlıqla məşğul olan fermerlər bu ilin əvvəllərində yem qıtlığı ilə üzləşdilər və bəziləri heyvanlarını dəyər-dəyməzə satmağa məcbur oldu. Hətta bu bir müddət ətin qiymətini də ucuzlaşdırdı. Vahid Məhərrəmov deyir ki, əslində, keçən il bu vaxt yağışlar yağsa da, ot istehsalında məhsuldarlığa müsbət təsir etməmişdi:

«Qlobal iqlim dəyişikliyi baş verdiyi üçün havalar tez-tez dəyişir. Belə ki, erkən yazda havalar yağışlı keçsə də, sonrakı aylarında şiddətli istilər düşür. Bitkiçilikdə istehsal ətraf mühitdən asılı olduğu üçün ümumi havaların necə keçməsi məhsuldarlığa təsir göstərir. May, iyunun əvvəlləri havalar quraqlıq keçərsə, onda məhsuldarlıq aşağı düşə bilər».

XS
SM
MD
LG