Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:32

11 il əvvəlki cinayətin üstü açılıb


-

11 il əvvəl - 2004-cü il oktyabrın 10-da itkin düşmüş Şəki sakini, 20 yaşlı Xəyalə Mövsümovanın qətlinin üstü açılıb.

Xəyalə Mövsümovanın skeleti itkin düşəndən 9 il sonra - 2013-cü il sentyabrın 27-də Şəki şəhəri, B.Vahabzadə küçəsindəki yarımçıq tikilinin zirzəmisində aşkar edilib. Məhkəmə-tibbi-kriminalistik və digər ekspertizaların rəyləri ilə həmin skeletin ona məxsus olması müəyyən edilib.

Bu il aprelin 4-də isə Xəyalə Mövsümovanı qətlə yetirməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Ramil Salamov şübhəli şəxs qismində tutulub. Ramil Salamov Bakı şəhərində yaşayıb, əvvəllər dəfələrlə məhkum olunub.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına deyilir ki, aparılmış istintaqla R.Salamovun X.Mövsümovanı boğub öldürdüyü üzə çıxıb. 2004-cü il oktyabrın 10-da Ramil Salamovla tanışı Xəyalə Mövsümova arasında şəxsi münasibətlər zəminində münaqişə yaranıb. O, qızı adı çəkilən yarımçıq tikiliyə gətirib və boğub öldürüb. R. Salamov cinayətin izlərini itirmək üçün bir gün sonra yenidən həmin yerə gəlib. Meyiti basdırıb, əynindəki paltarları isə çıxarıb zibillikdə yandırıb.

R.Salamov aprelin 5-də Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Haqqında rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

XS
SM
MD
LG