Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:42

Əvəz Zeynallı: «Xural»ın əmlakı yenidən hərraca çıxarılacaq


Əvəz Zeynallı
Əvəz Zeynallı

-

Rəhbəri uzun müddət həbsdə yatan «Xural» qəzetinin əmlakı yenidən hərraca çıxarılacaq.

Bu barədə qəzetin 3 ay əvvəl əfv sərəncamı ilə azadlığa buraxılan baş redaktoru Əvəz Zeynallı AzadlıqRadiosuna bildirib:

«Dünən (aprelin 1-də) icra şöbəsindən mənə zəng edib demişdilər ki, gəlib əmlakınızı apara bilərsiniz. Biz də gəldik, gördük ki, qəzetə məxsus kompüterlər və digər avadanlıqlar qablaşdırılıb və dəhlizə yığılıb. İcra əməkdaşları dedilər ki, vergi borcuna görə cərimə edildiyimizlə bağlı onlara məhkəmə qərarı daxil olub və buna görə də, əmlakı qaytara bilməyəcəklər. Yəni, borcların ödənilməsi üçün əmlakımız hərraca yönəldiləcək».

Əvəz Zeynallı deyir ki, o, 4 min manatdan çox məbləğdə vergidən yayınmaqda ittiham olunub: «Mən həbsdə ola-ola bu borcu necə ödəyərdim? 2014-cü ilin noyabrında Vergilər Nazirliyi bu borca görə məni məhkəməyə verib, məhkəmə də mənə 2 min 38 manat cərimə qoyub. Qərar əfvdən 6 gün qabaq, ötən il dekabrın 24-də qüvvəyə minib. Üstəlik, 450 manat da ekspertiza xərclərinin ödənilməsini üzərimə qoyublar. Yəni, indi təxminən 6500 manat vəsait ödəməliyəm. Əslində, baş verənləri tam anlaya bilməmişəm. Burda hansısa hüquqi pozuntular var, vəkilimlə məsləhətləşirik, güman ki, məhkəməyə müraciət edəcəyik».

«KİMLƏRSƏ QƏSDƏN MANEƏ TÖRƏDİR»

Əvəz Zeynallı deyir ki, onun əmlakının təxminən 30-35 min manatlıq dəyəri var: «Təzə kompüterlər, printerlər, diktofonlar və digər texniki ləvazimatlardır».

O, əmlakını geri ala bildiyi təqdirdə «Xural»ın fəaliyyətini bərpa etmək niyyətində imiş: «Bəlkə də kimlərsə qəzeti bərpa edə bilməyim deyə, əmlakımızın bizə qaytarılmasına qəsdən maneə törədir».

Əvəz Zeynallı Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilmişdi.

O, hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunurdu.

Baş redaktor bütün ittihamları rədd edir.

Əvəz Zeynallı ötən il dekabrın 30-da prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG