Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:00

Günortadan sonra şiddətli ayrılıq və aramsız göz yağışları gözlənilir...


Məhəmməd Tanhu
Məhəmməd Tanhu

-

Məhəmməd Tanhu

SEVGİ QISAQAPANMASI

İynə ucu boyda ümid gizlənib cadar dodaqlarının arasında

bir kəlmənlə ümid şübhə libasını əbədilik soyunacaq,

Sən...

məndən bir sevgi kənar durmusan, bu, dünyanın ən uzaq məsafəsidir.

mən isə bir nəfəs məsafəndəyəm.

Məncə,

bir əsrdən çoxdur gülümsəmirsən güzgüyə,

saçların da külək darayandan-darayana gözəlləşir.

De,

ilk dəfə nə vaxt unudulmusan?

nəfəsin titrəyərək hansısa yad dildə nəsə pıçıldayırsan boşluğa sarı

qəribədir, təkcə barmaqlarım eşidir o səsi

lakin qadın dilidir, anlamır...

Helena, göz yaşları silməz dərdləri,

dərddən bir az dərd götürər.

o gündən bu yana əllərin də ağırlaşıb, daşımaq çətin olur...

bilirəm,

daha çobanyastığının ləçəklərindən nəsə ummağı tərgitmisən.

Gözlərini tərk etdiyim gün

ilk dəfə görüşdüyümüz yerə doğru tələsdim.

Xatırladım ki, axşam xəbərlərində "proqnoz" verilmişdi:

“Sabah havada günəşli həsrət hökm sürəcək, günortadan sonra isə şiddətli ayrılıq və aramsız göz yağışları gözlənilir...”

Skameykalar, bizi qovan qəzəbli bağban, quduz it, sonu olmayan arzular, vaxtın gec olmağından gileylənən qız...

Heç biri yox idi bu gün.

Anidən huşum itmişdi sonu görünməyən boşluğun pəncəsində

Ayılanda gördüm ki, həmin bağban, həmin it, həmin arzular, həmin skameykalar, yeganə səndən savayı...

Məgər, hər şey yerində imiş...

Kənara boylanıb izini axtardım, əslində burda olmalıydın deyə

Mən yerimdən tərpənmədim...

Bir də gördüm ki, boynuma iri bir lövhə asılıb

üzərində əyri-üyrü xətlə bir neçə cızma-qara yazılıb:

İtkin düşüb,

evdən çıxanda üzərində ümid olub...

AXTARILMIR...

mart, 2015

İstanbul

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG