-
BMT-nin nüvə agentliyinin rəhbərinin İranın nüvə obyektlərinə qəfil təftiş tələbinə İrandan reaksiya gəlib.
Bu ayın əvvəlində BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amano deyib ki, Tehran beynəlxalq ictimaiyyəti əmin etmək üçün qəfil təftişlərə razılaşmalıdır.
İranın nüvə sözçüsü Behrouz Kamalvandi isə Amano-nun dediklərinin həssas danışıqlara ziyan vuracağını düşünür.
“Daha yaxşı olardı, Amano agentliyinin mövsümi və aylıq hesabatları barədə danışaydı,” o, martın 24-də dövlət televiziyasına söyləyib.
Ötən iyunda Kamalvandi demişdi ki, İran qəfil təftişləri yekun nüvə razılaşmasının bir hissəsi kimi qəbul edə bilər.
İran altı fövqəldövlətlə nüvə danışıqları aparır. Martın 31-i çərçivə razılaşmasının əldə olunması üçün son tarix qoyulub. Məqsəd İranın nüvə proqramını məhdudlaşdıracağı halda sanksiyaların yumşaldılmasıdır. Tehran nüvə silahı hazırlamadığını deyir, Qərb isə ondan şübhələnir.