Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:40

Məşhur yazıçı: "Həmin fövqəltəbii varlıq mənimlə qadın səsiylə danışır"


Philip Kindred Dick
Philip Kindred Dick

-

"Yazı prosesi - detoksikasiyadır (orqanizmdən zəhərin çıxarılması)"

"Dostlarım məni də özləri kimi rəhmsiz birisinə çevirməyə çalışırdılar"

"Mən eramızın birinci əsrində Assuriyada doğulmuşam. İki min ildi Roma imperiyası ilə mübarizə aparıram​"

Məşhur fantast yazıçı Philip Kindred Dick-in həyat qaydaları.

O, 1982-ci ildə 53 yaşında Kaliforniyanın Santa Ana şəhərində dünyasını dəyişib.

Əvvəllər elmi fantastikanın pərəstişkarları yalnız trollar* və axmaqlar idi. Yəni çoxlu qəribəlikləri olan, dəhşətli dərəcədə cahil adamlar. Ona görə də mən elmi fantastikanı gizlincə oxuyurdum.

Erkən əlyazmalarımın hamısını məhv etmişəm.

Qurama qəhrəman yaratmaq mümkünsüzdür. Havadan, exnihilo (heç nədən) yaradılan, sadəcə Zevsin qaşından düşmüş qəhrəman mövcud deyil. Qəhrəmanın arxasında həmişə gerçək adam dayanır. Yəqin günlərin bir günü onlar bir yerə yığışıb anamdan əmdiyim südü burnumdan gətirəcəklər.

Yazmağı sonradan öyrənmək mümkün deyil.

Mən univerisitetdə oxuyarkən (bu, Koreya müharibəsi öncəsi idi) hərbi hazırlıqdan keçməli oldum. M1 tüfəngini söküb-tökdüm və yığmaqdan imtina etdim. Bəlkə də o tüfəng indinin özündə də hardasa, sökülmüş vəziyyətdəcə qalıb, çünki mən tüfəngin bir kiçik detalını o biri detalın içərisinə elə saldım ki, daha heç kim onu ordan çıxara bilməsin. Onda təpədən-dırnağacan solçu idim. Amma solçular zorakılığa meyllənəndə onlardan uzaqlaşdım.

Bir müddət sonra subkulturaya o qədər meylləndim ki, üstümdə tapança gəzdirməyə başladım. Necə rahatlıqla belə kəskin dəyişə bildiyimə özüm də məəttəl qalmışdım.

Gəlin sizə, narkomədəniyyətə az-maz işıq tutan bir lətifə danışım. Deməli, Kaliforniyanın Marin bölgəsində “Cəhənnəm Mələkləri”** hərbçilərdən döyüşlərdə istifadə olunan təhlükəli kimyəvi maddə oğurlamışdılar. Həmin maddə düşmənin orientasiyasını pozur, o önünü yox, yalnız yanlarını görə bilir.“Mələklər” həmin kimyəvi maddəni sağa-sola satıb pul qazanırdılar. Adamlar isə təkrar-təkrar qayıdıb ondan alırdılar.

Narkotik riskdir. Əslində sən bir növ onunla mərcə girirsən.

Amfetaminin təsiri ilə gündə 68 səhifə mətn yazıb hazır edə bilirdim. Mən dörd uşağımı və tələfxərc zövqü olan arvadımı bu yolla saxlamışam. Özünə yaquar-filan*** almışdı.

“Neçə dəfə evli olubsan?” sualına cavab verməyi heç sevmirəm. Keçmiş arvadlarımın - siyahı tutub onları nömrələmişəm - ən sonuncusu ilə çox xoş münasibətlərim var****.

Günlərin bir günü arvadım evə gəlib məndən soruşdu ki: “Nə oxuyursan?” Cavab verdim ki: “Musa Maymonidin “Azmışların bələdçisi” əsərini” (XII əsrdə yaşamış talmudçu filosof və mistik - Esquire). Mənə dedi ki: “Bilirsən, müəllimimdən xəbər almışam, deyir ki, yəqin sənin ərin hazırda planetimizdə Musa Maymonidi oxuyan yeganə adamdır”. Mənsə sadəcə sendviçimi yeyə-yeyə oxumağa davam etdim.

Yazı prosesi - antidot (orqanizmə düşən zəhərin neytrallaşdırılması) və detoksikasiyadır (orqanizmdən zəhərin çıxarılması).

Ötən gecə ravvin Hertsin şərhləri ilə “Təsniyə”ni (“Tövrat”ın beşinci hissəsi) oxuyarkən öz-özümə düşündüm: “İlahi, kasıbların, xəstələrin, köməksizlərin, evsizlərin qeydinə qalmağa çağıran bu qayda-qanunlar üç min il boyu işləyib. İndi isə məktəblərdə isti yeməkləri ləğv edirər, qocaları sosial təminatdan məhrum edirlər, hərəni öz taleyinin ümidinə buraxırlar”.

Deyəsən saatları geriyə çəkiblər və biz yenidən Roma imperiyasına qayıtmışıq.

Bir vaxtlar elə bilirdim ki, əsərlərimin ekranlaşdırılmasına görə astronomik məbləğlər alıram. Sonra günlərin bir-günü Rey Bredberiylə içərkən ona işlərimdən danışdım, bir qədər söhbətlərimə qulaq asdıqdan sonra rəngi-ruhu dəyişdi, əsəbindən az qaldı beyninə qan sıza. Dedi ki, sən fərsizsən və yəqin həmişə belə də qalacaqsan. Çox məyus oldum. O vaxtacan elə bilirdim ki, mənə yaxşı pul verirlər.

1950-ci illərdə “Oqonyok” dərgisi hekayələrimdən birini oğurladı, yəni icazəsiz çap etdi. Dərginin tirajı yarım milyon idi, bir növ “Pravda”nın dərgi variantı idi. Onlara məktub yazdım və Uoll-Stritdəki hansısa hesablarından mənə qonorar ödədilər, üstəlik dərgidən də bir nüsxə yolladılar. Ancaq poçtda dərgini kommunist təbliğatı adıyla müsadirə etdilər.

Biz hamımız amansızlığın baş alıb getdiyi bir dövrün insanlarıyıq. Bir neçə yaxın dostum var və onlarda bu simptomları hiss edirəm, halbuki vaxtilə hamısı idealist və müharibə əleyhdarı idilər. Bu yaxınlarda Kambocada aclıq çəkən qaçqınlar üçün yardım yollamışdım, dərhal həmin dostlarım məni ələ salmağa başladılar. Dedilər ki, sənin yolladığın düyü Pol Potun xoşuna gəlib. Yoxsa elə bilirsən qaçqınlara çatacaq. Beləcə, onlar məni də, özləri kimi rəhmsiz birisinə çevirməyə çalışırdılar. Məni o həddə çatdırdılar ki, elədiyim axmaq hərəkətin, yəni ölməkdə olan sivilizasiyaya kömək etmək cəhdimin absurdluğu haqda düşünməyə məcbur oldum.

Mən bütün dini təsisatlara qarşıyam.

Oğlum yenicə dünyaya gələndə, təzyiqim elə yüksək idi ki, hər an beynimə qan sıza bilərdi. Sən demə uşaq da ölüm ayağındaymış, bizim də bundan xəbərimiz yox. Hansısa fövqəltəbii varlıq mənə dedi ki, ikimiz də xəstəxanaya getməliyik. Xəstəxanaya getdik və hər ikimizi əməliyyat etdilər.

Həmin varlıq qadın səsiylə danışır. Hər dəfə müstəqil şəkildə hansısa suala cavab tapa bilməyib əldən düşəndə mənə ipucu verir. O mənimlə hələ məktəb illərindən danışmağa başlayıb. Özü də az danışandır, bir-iki söz deyir, vəssalam. Onu yatarkən, ya da yuxudan ayılmağa azca qalmış eşitmək olar. Onu eşidə bilmək üçün diqqətimi toplamalı oluram. Səs o qədər uzaqdan gəlir ki, sanki səs sahibi milyon mil uzaqdan danışır.

Məndən nə istəyirsiniz: həqiqət, yoxsa təvazökarlıq? Həqiqətmi? Yaxşı, deyim də. Bundan öncə mən eramızın birinci əsrində Assuriyada doğulmuşam. Adım Foma olub və gizli şəkildə xristianlığa tapınmışam. Romalılar məni qəddarcasına edam ediblər, qarrotla (orta əsrlərdə adamı boğub öldürmək üçün işgəncə aləti) öldürüblər. Bu bütün həyatım boyu yuxuma girir. Çox aydın və səlis xatırlayıram. Bir dəfə xəyalım mənə elə güc gəldi ki, tez arvadımdan xahiş etdim ki, durub qapının dalında romalıların olub-olmadığını yoxlasın.

Bir dəfə düz bir ay Foma oldum. Biz fərqli adamlarıq. Mən ona çata bilmərəm.

Daha Foma olmaq istəmirəm, qoy bu, sonuncu dəfə olsun. Artıq yorulmuşam. İki min ildi Roma imperiyası ilə, onun müxtəlif təzahürləri ilə mübarizə aparıram. Məsəlçün, elə bu günkü ABŞ hökümətiylə. Qoy onlar məni rahat buraxsınlar, mən də onları.

"Esquire"

________________

*Troll – Avropa mifologiyasında fövqəladə gücə malik əcaib varlıqlar. Bu söz əcaib işlərlə məşğul olan, yaxud eybəcər olan adamlar haqda da işlənir. Lap son dövrlərdə İnternetdə təxribat törədən, provokativ şərhlər yazan şəxslər haqda da belə deyilir.

**”Cəhənnəm mələkləri” – ABŞ-da cinayətkar qrup sayılır. Dəstəylə gəzən motosikletçilərdən ibarətdir.

***Yaguar – avtomobil markası

****Dick 5 dəfə evlənib boşanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG