Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:33

AB Azərbaycanla Türkmənistanın nazını çəkir


İstanbulda kişilərin mini ətək yürüşü - Foto: Emrah Gurel/AP
İstanbulda kişilərin mini ətək yürüşü - Foto: Emrah Gurel/AP

-

Niyə kişilər qadın hüquqları uğrunda savaşmalıdır? «The Guardian» qəzetində ​Owen Jones Türkiyədə zorakılıqla öldürülən 20 yaşlı Özgecan Aslan-ın Türkiyə və Azərbaycanda bir simvola çevrildiyini qeyd edir. Müəllif Azərbaycanlı kişilərin qadınlara qarşı kişilərin zorakılığına etiraz olaraq mini ətək geyinib küçəyə çıxmasını xatırladır və yazır:

«Kişilərin niyə qadınları ən yaxşı müdafiə edə bilməsini dəyərləndirmək üçün cinsi istibdad mənzərəsinə baxaq. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada qadınların 1/3-i partnyorunun zorakılığına və ya başqa bir kişinin cinsi zorakılığına məruz qalıb. BMT-nin hesablamalarına görə, cinsi istismara məruz qoyulan 4.5 milyonun, demək olar, hamısı qızlar və ya qadınlardır».

Müəllif deputatların, jurnalistlərin də çoxunun qadın olduğunu, qadınların daha az məvacibə çalışdığını vurğulayır. «Bu arada özünü «feminist» adlandıran kişilər peyda olur, sanki özlərini qadınlara daha cazibədar göstərməyə çalışırlar... Qadınların azadlığı elə qadınlardan asılıdır... Kişilər öyrəşiblər ki, onları avtomatik olaraq daha ciddi qəbul etsinlər. Ona görə də kişilərin qadınlara qulaq asması, onların təcrübəsini eşidib öyrənməsi vacibdir», - müəllif yazır.

«AVROPA OYUNLARI ŞÜBHƏLƏRƏ SU SƏPƏCƏK»

İyunda keçiriləcək ilk Avropa Oyunları bu tədbirin qitənin idman təqviminə salınmasına şübhə edənləri susduracaq. Bunu Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin icraçı direktoru Simon Clegg deyir. O, əmindir ki, ikihəftəlik yarışma dörd ildən bir keçirilən, qlobal əhəmiyyətli tədbirə çevriləcək. «The Guardian» qəzeti belə yazır.

Simon Clegg
Simon Clegg

«Məncə, bu tədbirə skeptik yanaşanlar vardı. Hələ də az sayda skeptiklər qalıbsa, onlar da tədbirin miqyasını görüb təslim olacaqlar. Avropa Oyunlarının perspektivli gələcəyinə şübhəm yoxdur», - Britaniya Olimpiya Assosiasiyasının keçmiş icraçı rəhbəri deyib.

Avropa cüdo çempionatının da həmin müddətdə Bakıda keçirilməsi Avropa Oyunlarına gələcək dəyişikliklərdən xəbər verir. Bunu isə Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Pat Hickey deyib. Onun bildirdiyinə görə, təşkilat bir sıra dövlətlərin komitələrini inandırmağa çalışır ki, qitə çempionatlarını 2019-cu il Avropa Oyunları ilə birləşdirsin.

«AOK həmişə istəyib ki, Avropa çempionatları Avropa Oyunlarının bir hissəsi olsun və bu razılaşma arzumuzun gerçəkləşdiyini göstərir... Əminəm ki, bu oyunlar Olimpiya Oyunlarına aparan əsas təsnifat yollarından birinə çevriləcək», - Hickey deyib.

AVROPA BİRLİYİ AZƏRBAYCANLA TÜRKMƏNİSTANIN NAZINI ÇƏKİR

Rusiya ilə münasibətlər korlandıqca, Avropa Birliyi Azərbaycan və Türkmənistan qazının nazını çəkməyə başlayıb. «Financial Times»da Christian Oliver belə yazır.

Brüssel çərşənbə günü uzunmüddətli enerji proqramını açıqlayır. FT həmin planın ilkin versiyasını görüb. Sənəddə deyilir ki, AB Azərbaycan, Türkmənistan və Əlcəzair kimi alternativ enerji mənbələri ilə «strateji enerji tərəfdaşlığının qurulması üçün bütün xarici siyasət alətlərindən istifadə edəcək».

Maroš Šefčovič
Maroš Šefčovič

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroš Šefčovič FT-yə müsahibəsində deyib ki, Rusiya enerjisindən asılılığı azaltmaq lazımdır.

Trans-Adriatik kəməri (TAP) 2020-ci ilədək Azərbaycandan 10 milyard kubmetr qazı Avropaya daşıyacaq. Šefčovič-in dediyinə görə, AB TAP-ın 2019-cu ilədək tamamlanması üçün bütün siyasi çəkisindən istifadə edəcək. O, bu günlərdə Bakıya səfəri zamanı prezident İlham Əliyevlə görüşündə layihəyə bürokratik əngəllərin azaldılmasını da müzakirə edib.

««Nabucco» bizə dərs oldu. Bu layihə kifayət qədər siyasi dəstək almadığı üçün alınmadı. Sadəcə inanırdıq ki, biznes maraqlarına görə layihə baş tutacaq», - Šefčovič deyib.

TAP Avropanın ehtiyaclarının yalnız 2 faizini ödəyə biləcək, ancaq 2020-ci ilədək onun həcminin 20 milyard kubmetrə qaldırılmasının mümkünlüyü vurğulanır.

«Bu qazı təmin etmək üçün cənab Šefčovič dünyanın dördüncü böyük qaz ehtiyatlarına malik, repressiv Türkmənistanla da xoş davranmağa başlayıb. O, bazar ertəsi Brüsseldə Türkmənistan səfiri ilə görüşüb, tezliklə ilik razılaşma imzalanacaq», - yazan müəllif onu da qeyd edir ki, Xəzər sövdələşmələrinə ən böyük əngəl Rusiyadır. Rusiya təkid edir ki, ixrac Xəzəryanı dövlətlərin hamısını razılaşacağı halda həyata keçirilə bilər. Ancaq Šefčovič inanır ki, Türkmənistandan AB-yə ixracın «texniki və hüquqi» çərçivəsi tapılacaq.

XS
SM
MD
LG