Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:48

Ziya Məmmədovun nazirliyində müəmmalı yerdəyişmə


Ziya Məmmədov
Ziya Məmmədov

-
ZİYA MƏMMƏDOV CAVİD QURBANOVDAN YAXA QURTARDI

Fevralın 10-da «Azadlıq» qəzeti «Ziya Məmmədovun nazirliyində müəmmalı yerdəyişmə»dən yazır:

Prezidentin sərəncamı ilə «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov tutduğu vəzifədən azad edilib. Onun yerinə «Azəryolservis» ASC-nin sədri Cavid Qurbanov təyin edilib. Arif Əsgərov isə nəqliyyat naziri Ziya Məmmədova müavin gəlib.

Qəzet yazır ki, Arif Əsgərov Ziya Məmmədov üçün başağrısına çevrilmişdi: «Dəmiryolçuların etirazları nəqliyyat nazirini hansısa addımlar atmağa məcbur etmişdi. Lakin Ziya Məmmədov yaxın adamı olan Arif Əsgərovu güdaza verməklə problemi həll etmək istəmirdi. Ziya Məmmədov ən optimal variant kimi Arif Əsgərovun yerini dəyişməyi məqsədəuyğun sayıb.

Cavid Qurbanovun təyinatına gəlincə, ««Azəryolservis»in artıq keçmiş sədri ilə Ziya Məmmədov arasında münasibətlər o qədər də ürəkaçan deyildi. Hakim ailə ilə yaxınlığı olan Cavid Qurbanov nazirlə hesablaşmırdı. O, «Azəryolservis»i müstəqil quruma çevirmək istəyirdi. Ziya Məmmədov isə bununla razı ola bilməzdi».

Qəzet ehtimal edir ki, nazir Cavid Qurbanovun «Azərbaycan Dəmir Yolları»na sədr gətirilməsinə razılıq verməyi optimal variant kimi baxıb.

NAZİRLİYİN «BİZNESLƏ DİALOQ»U...

Vergilər naziri Fazil Məmmədov «Azərbaycan» qəzetində yazır: «Azərbaycanda beynəlxalq standartlara cavab verən vergi sistemi qurub».

Fazil Məmmədov
Fazil Məmmədov

Bu il fevralın 11-də Vergilər Nazirliyinin yaradılmasının 15 ili tamam olur. Nazir bu 15 ili «islahatlarla zəngin illər» adlandırıb. Bu müddətdə «təkmil vergi qanunvericiliyi, səmərəli vergi mühiti» yaradıldığını və «aşağı vergi yükü» müəyyən edildiyini bildirir. Fazil Məmmədov vergi inzibatçılığında islahatlar aparıldığını da vurğulayır və bunu «aydın, şəffaf və sadə inzibatçılıq» kimi dəyərləndirir:

«Hazırda vergitutmanın müasir dünya təcrübəsində mövcud olan ən mütərəqqi yenilikləri milli vergi sistemində tətbiq edilir. Dünya Bankının qiymətləndirmələrinə görə, ölkəmiz vergiödəyicilərin elektron qeydiyyatı sisteminin uğurlu tətbiqi üzrə dünyanın 12 aparıcı dövləti sırasındadır. Vergi inzibatçılığının modernləşdirilməsi nəticəsində bu gün Azərbaycanda sahibkar vergi orqanlarına gəlmədən bütün öhdəliklərini internet üzərindən yerinə yetirə bilir».

Nazir, həmçinin, nazirliyin «bizneslə dialoq»undan, «partnyorluq münasibətlərinin qurulması»ndan da yazır. O, sonda müasir vergi inzibatçılığının inkişaf etdirilməsindən yazır:

«...Dövlət büdcəsinin gəlirləri artmalıdır və şübhə yoxdur ki, ölkədə fəaliyyət göstərən sahibkarlar və vergi orqanları bu vəzifənin icrasını, ölkəmizin iqtisadi qüdrətinin ildən-ilə daha da artmasını təmin etmək üçün bütün imkanlarını səfərbər edəcəklər».

«8-Cİ KM BAZARI» LƏĞV OLUNA BİLƏR

«Yeni Müsavat» mətbuatın gündəmindən düşməyən məsələyə yenidən qayıdıb: ««8-ci km bazarı»nın özəlləşdirilməsində şok maxinasiyalar».

«8-ci kilometr bazarı»nda dükan sahiblərinin aksiyası - 2010
«8-ci kilometr bazarı»nda dükan sahiblərinin aksiyası - 2010

Qəzet yazır ki, «8-ci kilometr bazarı»nın özəlləşdirilməsi zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərracda qanun pozuntularına yol verilib:

«Dövlət əmlakının səhmlərinin 100 faizinin bir şəxsə satılması, orada çalışan kollektivə səhmlərin 15 faizinin təklif edilməməsi, obyektin səhmlərinin bazar qiymətindən dəfələrlə aşağı dəyərləndirilməsi mətbuatda tənqidlərə məruz qalıb».

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə qanunvericiliyin tələblərinə əməl olunmayıb:

«İlk növbədə dövlət əmlakının dəyərləndirilməsi üçün müstəqil ekspertlərdən ibarət komissiya təşkil olunmalı və həmin obyektin dəyəri bazar qiyməti ilə hesablanmalı idi. İkincisi, çox ciddi tender keçirilməli və bu ictimaiyyətə açıq olmalı idi...».

Natiq Cəfərli yeni sahibkarın bazarı ləğv edə biləcəyi ehtimalını da vurğulayıb:

«Bu, həm də bir sosial məsələdir. Bazarı özəlləşdirən şəxslə bu obyektin profilini dəyişib-dəyişməyəcəyi ilə bağlı bir yazılı razılaşma olmalı idi. İnsanları bu məsələlər çox narahat etsə də, hələlik buhaqda ictimaiyyətə heç bir məlumat verilməyib». ​

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG