Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:21

İran siyasətçiləri də «Green Card» alıbmış


Mohammad Nahavandian
Mohammad Nahavandian

-

«Amerikaya ölüm» iranlıların ortaq şüarı olsa da, sən demə, bəzi rəsmilər və parlamentarilər ABŞ-da yaşamaq və işləmək hüququ verən sənəd – «Green Card» əldə ediblər.

PREZİDENT ADMİNİSTRASİYASI TƏKZİB EDİR

Böyük səs-küy doğurmuş bu məsələ bir qrup qatı mühafizəkar deputatın prezident komandasından yüksəkvəzifəli bir şəxsi ABŞ vətəndaşı olduğuna görə istefaya çağırmasından sonra gündəmə gəlib. Deputatlar həmin məmurun ABŞ-ın «Green Card»ına sahib olduğunu iddia ediblər.

Deputatlar məmurun adını açıqlamasalar da, mətbuat söhbətin Prezident Administrasiyasının rəhbəri Mohammad Nahavandian-dan getdiyini yazıb. Onun həmin sənədi 1993-cü ildə Amerikada yaşayarkən aldığı bildirilir. Sənədin etibarlılıq müddətinin keçib-keçmədiyi barədə bir şey deyilmir.

Prezident Administrasiyasından iddianı qətiyyətlə rədd ediblər. Bunun «ağ yalan» olduğunu, iddiaların tirajlandığı media orqanlarının isə «sionistlərlə bağlı» olduqlarını bildiriblər. Hökumət sözçüsü Mohammad Bagher Nobakht həftəlik mətbuat konfransında iddialara belə cavab verib: «Bu, yüz faiz yalandır. Prezidentin idarəsində «Green Card»ı və ya ikili vətəndaşlığı olan heç kim yoxdur».

İKİ-ÜÇ RƏSMİNİN «GREEN CARD»I VAR

Məsələni gündəmə gətirmiş millət vəkillərindən Ebrahim Aghamohammadi isə tabnak.ir saytına deyib ki, hökumətin 2-3 rəsmisi «Green Card»a malikdir və bu da onların fikrincə, ikili vətəndaşlığa bərabərdir.

Mohammad Javad Zarif
Mohammad Javad Zarif

Nahavandian-ın «Green Card»ı olması barədə ilk xəbərlər 2006-cı ildə onun Nyu-Yorka səfəri zamanı yayılmışdı. Bu yaxınlarda isə İranın mühafizəkar seratnews.ir saytı xəbər yaymışdı ki, prezident Rohani 2013 və 2014-cü illərdə BMT-nin sessiyasında iştirak etmək üçün Amerikaya səfər edərkən onun komandasından yalnız Nahavandian-ın viza almağa ehtiyacı olmayıb.

Nahavandian özü iddialarla bağlı heç bir açıqlama verməyib. Amma o, bu əməldə ittiham olunan yeganə İran rəsmisi deyil. Mediada xarici işlər naziri Javad Zarif-in də «Green Card»ı olduğu və ya «Green Card» üçün müraciət etdiyi iddia olunur.

ABŞ TƏHSİLLİ NAZİRLƏR

ABŞ-da təhsil almış Zarif 2013-cü ildə təyinatı ilə bağlı parlamentdə çıxış edərkən iddiaları rədd etmişdi. Amerikada daimi yaşamaq üçün müraciət etmək hüququ olsa da, bunu etmədiyini bildirmişdi. O, övladlarının da İranda yaşadığını vurğulayıb.

İran hökumətində ABŞ-da təhsil almış bir neçə başqa nazir də (bunlardan biri rabitə naziri Mahmud Vaezi-dir) var. Bu fakt da onların Amerikada yaşadıqları müddətdə «Green Card» ilə bağlı söz-söhbətlərin artmasına səbəb olur.

Qadınlar Tehranda keçmiş ABŞ səfirliyinin qarşısında Amerika bayrağını tapdalayırlar – 2013
Qadınlar Tehranda keçmiş ABŞ səfirliyinin qarşısında Amerika bayrağını tapdalayırlar – 2013

İranın sabiq nüvə sözçüsü, Rohani-nin yaxın adamlarından olan Hossein Mousavian-ın da «Green Card»ı var. O, bu sənədi 2009-cu ildə ABŞ-a köçəndən sonra çox qısa müddətə əldə edib. Mousavian Amerikada iki kitab, o cümlədən nüvə danışıqlarına dair xatirələri barədə kitab nəşr etdirib.

MÜHAFİZƏKARLARDAN «GREEN CARD»I OLANLAR VAR

Bundan əlavə, iki mühafizəkar siyasətçinin də «Green Card» aldığı deyilir. Onlardan biri sabiq prezident Mahmud Ahmadinejad-ın əxlaq məsələləri üzrə müşaviri olmuş Hojatoleslam Morteza Agha-Tehrani-dir. O özü dörd il əvvəl verdiyi müsahibədə «Green Card»ının müddətinin bitdiyini və artıq keçərli olmadığını söyləyib.

ABŞ-da daimi yaşayan «Green Card» sahibləri 10 ildən bir həmin sənədlərini yeniləməlidirlər. «Şərti daimi yaşama» hüququ olanlar üçün isə bu müddət 2 ildir.

Maraqlıdır ki, Ahmadinejad-ın başqa bir müşaviri, ultramühafizəkar «Kayhan» qəzetinin yazarlarından olan Hamid Mowlana ABŞ vətəndaşıdır. Elə buna görə də rəsmi xəbər agentliyi olan İRNA ötən həftə yazıb ki, Rohani-nin tənqidçiləri onu və komandasını daim hədəf alsalar da, Mowlana-nın Amerika vətəndaşlığını və öz düşərgələrindəki digər şəxslərin «Green Card»a malik olmalarını gözardı edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG