Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:48

Qocaman neftçidən: "Neft işini gördü, sıra başqa sahələrindir"


Xoşbəxt Yusifzadə
Xoşbəxt Yusifzadə

.

NEFT İŞİNİ GÖRDÜ...

“Əlbəttə, neftin qiymətinin düşməsi yaxşı hal deyil. Amma biz 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzalayanda neftin 1 bareli 16 dollar idi”. Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Yeni Müsavat” qəzetinə müsahibəsində belə deyib. O, neftin qiymətinin artıb-azalmasını "siyasi oyunların nəticəsi" kimi qiymətləndirib:

“Mən həyatım boyu neftin qiymətinin qalxıb-düşməsini çox görmüşəm... Məncə, indiki düşmə müvəqqətidir, yenə də əvvəlki qiymət öz yerini tutacaq. Yəni, bunun üçün çox narahat olmaq lazım deyil.

Əlbəttə, yaxşı olardı ki, qiymət həmişə yüksəkdə qalsın, amma bu da mümkün məsələ deyil. Ola bilsin dünyadakı proseslərin, bu qarmaqarışıqlığın təsiri var. Kimi dindirsən, bir ölkəni bəhanə edir, səbəb göstərir. Ancaq qiymət yenə yüksələ bilər”.

“Bəzən təkliflər səslənir ki, bəlkə neftin hasilatını azaldaq, gələcək nəsillərə qalsın. Bu kimi fikirlərə münasibətiniz necədir?” sualına Yusifzadə belə cavab verib:

“Mən səssiz kinodan internet, sosial şəbəkələr əsrinə qədər gəlmişəm. Yadımdadır, anam klub müdirəsiydi. Klub üçün bir radioqəbuledici almışdı, stol üstə qoymuşdu, amma onun batareyası evin yarısını tutmuşdu. Mənim bir buruqla danışmağımdan ötrü böyük bir radiostansiya vardı. İndi ikibarmaq boyda batareya kifayətdir.

O gün burda oturub Çili ilə görüntülü danışıram, özümü də gülmək tutub. İndi əgər biz insanlar bir-birimizi qırıb-çatmasaq, 40-50 ildən sonra ola bilsin neft ancaq dərman üçün lazım olacaq. Yəni, dünyada o qədər yeni alternativ üsullar, enerjilər çıxacaq ki, ola bilsin neft ancaq dərman üçün gərək olacaq”.

ARDNŞ rəsmisi neftin ucuzlaşmasından Azərbaycan büdcəsinin böyük vəsaitlər itirməsinə də münaisbət bildirib:

“Qazandığımız vaxtlar olduğu kimi, təbii ki, itirdiyimiz vaxt da olacaq. Mən elə hesab etmirəm ki, biz burda çox itkilərə məruz qalacağıq. Müstəqilliyimizin ilk illərində bizim dünya bazarına çıxartmağa başqa bir məhsulumuz yox idi. Ona görə də o vaxtlar neft çox lazım idi. Artıq neft öz işini gördü, respublikanı ayaq üstə qoydu. İndi bundan sonra digər sahələri inkişaf etdirmək lazımdır”.

Azərbaycan manatı
Azərbaycan manatı

MANAT MİLYARDLAR YEYİR...

“Azadlıq” qəzeti manatın kursunun sabit saxlanması üçün hökumətin cəhdlərindən bəhs edir.

Qəzet rəsmi rəqəmlərə istinadla təhlil edir:

“Keçən ilin dekabrın sonuna olan məlumata görə, Mərkəzi Bankın strateji valyuta ehtiyatları 13 milyard 758 milyon 300 min manat olub. Mərkəzi Bank milli valyutanın qorunması üçün 2014-cü ilin 11 ayı ərzində 1 milyard 270 milyon dollar xərcləyib.

Yanvarda bu xərclər 1,5 milyard dollara yaxınlaşıb. Bu, Milli Bankın valyuta ehtiyatlarının kəskin azalmasına səbəb olur.

2014-cü ildə Milli Bankın valyuta ehtiyatları 17 milyard dollar idisə, indi 13 milyard dollardır.

Ekspertlərin fikrincə, indi manatın hətta 1-2 % aşağı düşməsi manata inamın kəskin azalmasına səbəb ola bilər. Bu halda dollara tələbat daha da arta və qara bazar yarana bilər. Artıq bayram və istirahət günlərində valyutadəyişmə məntəqələrinin bir qismində dollar tapmaq problemdir.

Bəs, bu cür təzyiqə Mərkəzi Bank neçə müddət dözə bilər? Manatın kursunun bu səviyyədə olması gələcək aylar üçün nə vəd edir?

Iqtisadçı Samir Əliyev hesab edir ki, Milli Bankın valyuta ehtiyatının azalmasının əsas səbəbi Rusiya amilidir. Rusiyada rublun ucuzlaşması həmin ölkədə daşınmaz əmlakın dəyərini ucuzlaşdırırır. Azərbaycanlı sahibkarlar kütləvi şəkildə öz vəsaitlərini dollara çevirərək Rusiyanın əmlak bazarına yönəltdilər.

Dekabr ayı manat üçün çox gərgin keçdi. Mərkəzi Bankın gündəlik intervensiyası manatı saxlaya bildi. Mərkəzi Bank təkcə dekabrda bazara 1,2 milyarddan çox dollar çıxartmaq məcburiyyətində qaldı. Rusiya böhranı noyabr-dekabr aylarında Mərkəzi Bankın ehtiyatlarının 10%-ni itirməsi ilə nəticələndi. Proqnozlaşdırdığımız kimi 2015-ci ildə manatı sınaq gözləyir. Mərkəzi Bank manatın sabitliyini təmin etmək üçün valyuta ehtiyatını xərcləməli olacaq”.

Arxiv fotosu, aptek.
Arxiv fotosu, aptek.

BAKIDA SAXTA DƏRMAN BAZARI

“Bizim yol” qəzeti isə Azərbaycanda apteklərdə satılan dərmanların əksər hallarda faydasız və bəzən zərərli olduğunu iddia edir:

“Rusiyalı mütəxəssislər təsirsiz və faydasız dərman preparatlarının siyahısını veriblər. Araşdırmalara görə, həkimlər tərəfindən təyin olunan bir çox dərmanlar müalicə etmir.

Lazımsız dərmanlar qonşularımızın bazarında 30 faizdən yuxarı həddə dəyərləndirilir. Amma rusiyalı mütəxəssislərin faydasız kimi qələmə verdikləri dərmanlar, "Bizim Yol" qəzetinin araşdırmalarına görə, yerli bazarda da populyardır.

“Bizim yol”un Rusiyalı mütəxəsislərə istinadla təqdim etdiyi dərman siyahısı yetərincə uzundur və orda validol, corvalol, valocardin kimi az qala gündəlik istifadə olunan dərmanların adları da var. Onlar aptekdə satılsa da sən demə:

“Səhiyyə Nazirliyinin web-saytında 2013-cü il üzrə qadağan olunmuş dərman vasitələrinin siyahısında Rusiyanın "Lyumi" MMC, "Tatximfarmpreparatı" ASC, Ukraynanın "Luqanskiy Ximfarmazavod" və "Farmak" şirkətlərinin istehsalı olan Validolun adı var”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG