Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:45

And olsun içdiyim şərabın son damcısına...


-

Şəhriyar İbrahimov

Dekabr ayrılıqları

Soyuq bir qışın darıxqan və qaranlıq gecəsindən yazıram.

Əslində heç nə qoyub getdiyin kimi deyil, biləsən...

Səndən sonra saatın bütün əqrəbləri darıxmağa möhürləndi..

Səndən sonra bütün ayrılıqlara dekabr adını verdim,

Səndən sonra doğuldu bütün şeirlər, səndən sonra başladi şairliklər...

Bilinməz adamlara, ünvansız nöqtələrə yazmağa başladım məktublarımı.

Naməlum şahzadələrə

thaf etməyə başladım xoşbəxt sonla bitməyən sevgi şeirlərimi,

Uzaqlaşdım bütün yaxınlarımdan, yaxınlaşdım bütün uzaqlıqlara.

Heç nə qoyub getdiyin kimi deyil, biləsən..

Hər sabah alnımdan süzülən soyuq tər damlalarının titrəyişi ilə oyanmağa başladım.

Hər açılan səhər, günəş yerinə ölüm doğdu mənimçün, biləsən..

Darıxmaq - sənin olmadığın hər yer,

çərçivədən boylanan rəsminlə söhbət etmək və dolmuş külqabını tez-tez boşaltmaqdir indi, biləsən...

Sənsizlik təkcə zorla yuxuya getmək deyil, sənsizlik hər gecə ruhunu zorlamaqdir,

sənsizlik ovucuna süzülən göz yaşları ilə yuyunmaqdır hər səhər, biləsən...

Sağ qalmış cismimin sol tərəfindəki bütün ağrılarda da, qaranlıq sükutun pıçıltısında da, əsən küləyin uğultusunda da bir az sən varsan.

İndi mənim darıxmağım, sahibi ölmüş bütün itlərdən də betərdi, biləsən...
Bu şəhər-körpəsini itirən ana yuxusuzluğudur.

Bu şəhər-torpağı,daşı acizanə təkliklərə məhkum qəbristanlıqdır.

Sənə aparan bütün yollar uzundu, sənə uzanan bütün qollar qısadır, biləsən...

İndi bütün təsəllilər ümidlə yox, unutla başlayır.

Gözlərimi yollardan yığmamışam hələ, biləsən...

Alnımdaki ütülü qırışlara and olsun,

And olsun həsrət qaldığım bir buket təbəssümə,

And olsun sonuncu siqaretimin son tüstüsünə,

And olsun çiliklənmiş ürəyimin sancısına,

And olsun içdiyim şərabın son damcısına...

Kor taleyimin bir küncünə qısılmış sərxoşluqdu sənin yoxluğun,

Ümidsizcə hayqırılan bir boşluqdu sənin yoxluğun,

Biləsən...

Əslində sənsizlik - ümidlərin ölməsi deyil, ölümün umidlənməsidir.

Əslində sənsizlik - bitməmiş cümlənin sonuna qoyulan üç nöqtədir...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG