Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:45

Şahzadə Andrew-ə qarşı cinayət işi açıla bilər


Britaniya şahzadəsi Andrew.
Britaniya şahzadəsi Andrew.

Bukingem sarayı şahzadə Andrew-nün həddi-büluğa çatmamış qızla cinsi əlaqəsi barədə iddiaların ciddiləşməsi ilə bağlı yeni, daha sərt bəyanatla çıxış edib.

Britaniya monarxının iqamətgahı – Bukingem sarayı şahzadə Andrew-nün həddi-büluğa çatmamış qızla cinsi əlaqəsi barədə iddiaların ciddiləşməsi ilə bağlı yeni, daha sərt bəyanatla çıxış edib.

Ötən cümə ABŞ-ın Florida ştatında keçirilən bir məhkəmənin sənədləri arasında şahzadənin azyaşlı ilə cinsi əlaqəsini iddia edən ərizə də elan edilmişdi.

ABŞ-da bədnam maliyyəçi Jeffrey Epstein-ə qarşı çoxdan bəridir davam edən məhkəmə prosesində onun zəngin və siyasi əlaqələrə malik nüfuzlu insanlar üçün azyaşlılarla seks dəllalığı etdiyi araşdırılır.

İddia edilən vaxt həddi-büluğa çatmamış qadınlardan biri Epsteinin onu şahzadə ilə seksə məcbur etdiyini bəyan edib.

Həmin qadın həmçinin tanınmış ABŞ vəkillərindən Alan Dershowitz-lə də seksə məcbur edildiyini bildirib.

Üç gündə üç bəyanat

Başqa bir maraqlı məqam budur ki, məhkəmə indiyədək bu qadını şərti olaraq Jane Doe-3 adlandırsa da, Bukingem sarayı iddiaçının adını Virginia Roberts olaraq göstərir.

Britaniyanın bir neçə qəzeti də bu adı açıqlayıblar.

Sözü gedən Dershowitz 6 il əvvəl Epstein-i kriminal seks ittihamları ilə keçirilən məhkəmədə müdafiə edib.

Həmin vaxt Epstein həbsxana cəzası alsa da, iş federal məhkəməyə verilməyib.

Hazırda isə bu işlə bağlı olan dörd qadın iddilarını bərpa ediblər.

İddiaların ciddiləşməsi Bukingem sarayını üç gündə üçüncü dəfə təkzib bəyanatı ilə çıxış etməyə vadar edib.

Sarayın bəyanatında deyilir ki, York hersoquna qarşı bütün seks iddiaları saxtadır.

Virginia Roberts kraliçaya təqdim edilibmi?

Harvard Universitetinin professoru olan vəkil Dershowitz iddia tərəfinin vəkillərini intizam qaydasında işdən uzaqlaşdırmaq üçün hakimiyyət orqanlarına müraciət edib.

O həmçinin Florida Federal Məhkəməsi qarşısında andlı ifadə verməyə hazır olduğunu bildirib.

Bukingem sarayı həmçinin əlahəzrət kraliçanın Virginia Roberts-lə görüşdüyü barədə xəbərləri təkzib edib.

Qadının atası Sky Roberts “The Daily Mail” qəzetinə deyib ki, qızı Epstein-lə birlikdə Londona səfər edərkən şəxsən kraliçaya təqdim olunub.

Köhnə foto

Ötən şənbə bəzi Britaniya qəzetləri şahzadə Andrew-nün köhnə fotolarından birini dərc ediblər . Fotoda şahzadə həmin vaxt 17 yaşı olan qadının belini qucaqlayır.

Britaniya təhlilçilərinin dediyinə görə, böhran o qədər ciddidir ki, Bukingem sarayı məsələyə birbaşa müdaxilə etməli olub.

Britaniya sarayı bir qayda olaraq monarx ailəsinin üzvləri barədə mətbuat iddialarına cavab vermir.

Scotland Yard cinayət işi aça bilər

Məsələ burasındadır ki, Britaniya polisi - Scotland Yard rəsmi şikayət ərizəsi olarsa, şahzadəyə qarşı cinayət işinə başlayacağını bəyan edib.

Britaniya qanunlarına görə hər hansı cinayət axtarışı kraliçanın adından aparılsa da, onun ailə üzvləri qanundan immun deyillər.

Britaniyada belə bir presedent artıq olub.

2002-ci ildə kraliçanın yeganə qızı şahzadə Ann “öz itini təhlükəli şəkildə açıq buraxdığına görə” ona qrşı cinayət işi qaldırılıb və o, 500 funt sterlinq cərimə edilib.

Scotland Yard bildirir ki, xanım Roberts seksual təcavüzə məruz qaldığını iddia edir və əgər bu barədə rəsmi şikayətlə müraciət edərsə, cinayət işinin qaldırılması qaçılmazdır.

Mətbuat yazır ki, İsveçrədə “xizək tətilini” yarımçıq qoyaraq Londona qayıtmış şahzadə Andrew qibtəolunmaz vəziyyətə düşüb.

O cinsi təcavüz barədə iddiaları rədd etsə də, çətin ki, defamasiya barədə əks-iddia ilə çıxış etsin. Çünki bu zaman məsələnin daha intim tərəfləri araşdırıla bilər.

Saray küncə sıxışdırılıb

Britaniya monarx ailəsinə yaxınlığı ilə tanınan “The Daily Telegraph” qəzeti “sarayın küncə sıxışdırıldığını” etiraf edib.

İddiaçıya gəlincə isə, bu qadın “Mail on Sunday” qəzetinə müsahibəsində şahzadə ilə cinsi əlaqədə olmaq üçün ona o vaxtkı müdiri Epstein tərəfindən 10 min funt sterlinq verildiyini və şahzadənin onun 17 yaşı olduğunu bildiyini söyləyib.

Bununla belə, qadın 10 min funt sterliqndən şahzadənin xəbəri olmadığını da deyib.

Xanım Roberts York hersoqunun onunla 1999 və 2002-ci ildə London, Nyu York və Karib dənizindəki şəxsi adada üç dəfə cinsi əlaqədə olduğunu iddia edir.

Britaniyada həddi-büluğ yaşı 16 sayılsa da, Florida ştatında 18 yaş yetkinlik yaşı hesab olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG