Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:23

«Azərbaycan» da parkinq problemindən yazdı


Arxiv foto
Arxiv foto

-

Rəsmi “Azərbaycan” qəzeti Bakıda parkomatların quraşdırılmasından sonra yaranan problemlərdən yazır.

“Bu cür aparatların olduğu bəzi ərazilərdə avtomobillərin hərəkəti nəinki yaxşılaşıb, əksinə, çətinləşib. Onsuz da mərkəzləşmiş idarəetmə sistemini tam mənimsəyə bilməyən paytaxtın nəqliyyat sektorunun işi bir az da müşkülə düşüb. Xüsusilə maşınların sıx hərəkət etdiyi küçələrdə, hərəkət zolağının kənarlarında, yol ayrıclarına, metro çıxışlarına və avtobus dayanacaqlarına yaxın ərazilərdə quraşdırılan parkomatlar sürücülərlə bərabər, piyadalar üçün də müəyyən çətinlik yaradıb. Dayanma və durmanı qadağan edən nişanların olduğu ərazilərdə yeni duracaqların yaradıldığını isə ümumiyyətlə başa düşmək çətindir. Götürək metronun “Elmlər Akademiyası” və “Xalqlar Dostluğu” stansiyalarının çıxışını. Çox da geniş olmayan bu ərazilərdə təxminən hər 25-30 metrdən yaradılan duracaqlarda parklanan saysız-hesabsız avtomobillər, sözün həqiqi mənasında, hərəkəti iflic edir. Üstəlik belə vəziyyət ictimai nəqliyyatın da dayanacaqlara yan almasına mane olur. Oxşar vəziyyəti Hüseyn Cavid prospekti ilə Mətbuat prospektini birləşdirən birzolaqlı yolda da müşahidə etmək mümkündür. Üç universiteti (Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti, Texniki Universitet) və Milli Elmlər Akademiyasının bir hissəsini əhatə edən, tələbələrin daha çox olduğu bu yolun hər iki tərəfində avtomobillərin durması üçün parkomat qoyulub. Sürücülərin dediyinə görə, əvvəllər, ümumiyyətlə, bu yolda maşınların saxlanması qadağan idi. İndi isə tam fərqlidir. Yeni duracaqlarda bəzən parklanan maşınların bir qismi yola üfüqi, bəziləri isə şaquli dayanır, hətta duracaqlarda iki cərgə ilə düzülən avtomobilləri də görmək mümkündür. Nəticədə yolda tıxaclar yaranır, gərginlik artır”.

KREDİT FAİZLƏRİ AŞAĞI SALINACAQMI?

Ölkə banklarının verdiyi kreditlərin faiz dərəcələrinin yüksək olması yenidən müzakirə mövzusudur. Məsələ Milli Məclisdə 2015-ci il dövlət büdcəsinin müzakirəsi zamanı da qaldırılıb. Mərkəzi Bankın sədri Elman Rüstəmov isə bildirib ki, faiz dərəcələri aşağı salınmalıdır. Baş bankir deyib ki, əhalinin kreditlərə tələbatı var. Ancaq ölkədə həddindən artıq borclanma yaranır.

M.B: "Kredit fazilərinin aşağı salınması vacibdir"
M.B: "Kredit fazilərinin aşağı salınması vacibdir"

Ekspert Samir Əliyev musavat.com-a açıqlamasında bildirib ki, kredit faizlərinin aşağı salınması mümkündür: “Bu, vacib şərtdir. Ən azı ölkədə sahibkarlıq mühitinin inkişafı baxımından bu, vacibdir. Çünki sahibkarlıq subyektləri faktiki olaraq vəsait qıtlığından əziyyət çəkirlər, bizneslərinin qura bilmirlər. Vəsait əldə edəndə, o qədər baha olur ki, onlar həmin krediti geri qaytarmaqda əziyyət çəkirlər və kredit əlverişsiz olur. Düzdür, Sahibkarlığa Yardım Fondunun xətti ilə müəyyən bir vəsaiti ucuz qiymətə almaq olur. Amma həmin vəsaitin özünün alınması üçün də gərək sahibkarlıq subyektləri hansısa prosedurları keçələr. Bankların isə kredit faizləri çox yüksəkdir. Ümumi kredit qoyuluşunda istehlak kreditləri çoxluq təşkil edir. Bu gün 41 faiz təşkil edir. Belə çıxır ki, banklar biznes sektorunu maliyyələşdirməkdə maraqlı deyil. Onlar daha çox istehlak kreditləşməsinə maraq göstərirlər. Çünki həm faizlər yüksəkdir, həm də risk aşağıdır. Banklar biznes sektorunu maliyyələşdirtmək istəmirlər. Əsas səbəb riskin böyük olmasıdır. Əvvəla, biznes sektoru daha çox güzəşt tələb edir, həmçinin daha çox vəsait və həm də risk tələb edir. Bu da bankların bu sektora marağını azaldan səbəbdir”.

VƏTƏNDAŞI DAĞA-DAŞA SALAN SIĞORTA

“Bizim yol” qəzeti avtomobillərin icbari sığorta bazarındakı durumu araşdırıb. Sığorta məsələləri üzrə ekspert Əli Əhmədov deyir ki, əgər avtomobilə xəsarət yetirən qarşı tərəfin icbari sığortası yoxdursa, bu zaman şikayətçi məhkəməyə müraciət edərkən, prosesi udduğu halda məhkəmə prosesində çəkilən bütün xərclər təqsirli bilinən şəxs tərəfindən ödənilir. Çünki bu qanunun tələbidir: "Avtomobilin icbari sığortası olmadığı təqdirdə, həmin şəxs cərimə ödəməlidir. Cərimələr də 50 manatdan 150 manatadək artırılıb. Əvvəllər cərimə az olduğuna görə, avtomobil sahibləri sığorta almırdılar. Cərimələr artırıldığına görə, hamı artıq sığorta almağa başladı. Çünki icbari sığortanın qiyməti təxminən cərimənin məbləği qədərdir. Ə.Əhmədov bildirdi ki, artıq vətəndaşlar cərimələnməmək üçün sığorta alırlar:

"Eyni zamanda avtomobillərini sığortalayıb daha rahat olurlar. Bunun özü artıq insanların sığortaya daha ciddi yanaşmasına səbəb olur".

MƏNZİL BAZARINDA ŞAYİƏ ARTIR, YA QİYMƏT?

Mənzil bazarında qiymətlərin qalxacağı barədə xəbərləri şərh edən iqtisadçı ekspert Vüqar Bayramov “Media forum” saytına deyib ki, bu iddiaların heç bir iqtisadi əsası yoxdur:

Yeni tikili
Yeni tikili

“Qlobal maliyyə böhranından sonra, xüsusən də 2010 və 2011-ci illərdə bəzi ekspertlər, demək olar, hər ay gələn aydan mənzil bazarında qiymətlərin yüksələcəyi ilə bağlı açıqlamalar yayırdı. Məlumat yayılırdı, amma qiymət artmırdı. Bununla mənzil bazarında süni tələb formalaşdırmaq və qiymət artımlarına nail olmağa çalışırdılar. Bu məlumatlarda məqsəd aydındır: qiymət artımları ilə bağlı xəbəri oxuyan potensial alıcı mənzil bazarına daxil olacaq və ev almağa tələsəcək. Yəni vətəndaş düşünəcək ki, qiymət artacaq, tez alım ki, ucuz alım. Bununla da süni tələb formalaşacaq və süni qiymət artımları baş verəcək. Yenidən əmlak bazarında qiymət artımları ilə bağlı açıqlama yayılıb. Özü də kifayət qədər ciddi artımların olacağı bildirilir. Sanki əmlak bazarında hamı əlində pul ev axtarır, amma mənzil tapa bilmir. Maraqlıdır, evin qiyməti niyə artmalıdır? Neftin qiyməti yüksəlibmi? Rusiyadan Azərbaycana göndərilən pulların həcmi artıbmı? Neftin qiymətinin aşağı düşdüyü bir halda daxili tələbat artıbmı? Dövriyyədəki pulun həcminin azaldığı bir zamanda əmlak bazarına yeni vəsait daxil olubmu? Bunların heç biri baş verməyib. O zaman evin qiyməti niyə artmalıdır ki?”

AZƏRBAYCANIN MEYVƏ-TƏRƏVƏZİ RUSİYAYA DAŞINIR

“Azadlıq” qəzeti: Bu ilin 9 ayında Azərbaycandan 170,2 min ton meyvə-tərəvəz və s. kənd təsərrüfatı məhsulları ixrac edilib. Xarici ticarət dövriyyəsinin balansının saldosu ton ifadəsində Azərbaycanın xeyrinə olub: müsbət 49 min 837,8 ton.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixracatın əsas hissəsi - 93,5 faizi Rusiyanın payına düşür. Rusiyaya 48,7 min ton kartof, 52,6 min ton pomidor, 2486,7 ton xiyar, 4200 ton qoz, 12,4 min ton alma, 9,5 min ton gilas və albalı, 6,8 min ton şaftalı, 3,9 min ton gavalı və s. ixrac edilib. Rusiyaya Azərbaycandan meyvə, tərəvəz, çay ixracının ümumi həcmi 149,3 milyon dollar olub. Rusiyadan Azərbaycana ilin əvvəlindən 22 min 730 ton kartof, 284,8 ton noxud ixrac edilib.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyir ki, ölkədən Rusiyaya meyvə-tərəvəz ixracının həcmi böyükdür. Bu təkcə indi deyil, əvvəlki illərdə də belə olub. Ekspert qeyd edir ki, bu ilin son iki ayında nisbətən artım olub:

“Bu il Rusiyanın ehtiyacı yarandığı üçün ora nisbətən daha çox kənd təsərrüfatı məhsulu ixrac edilib. Bu ilin indiki mövsümündə Rusiyaya ixrac etdiyimiz nar və alma məhsulu orada soyuducu anbarlarda və refrekatorlarda saxlanılır. Lakin təəssüfedici fakt odur ki, ölkəmizdən Rusiyaya ixrac olunan narın tərkibində insan üçün zərərli maddə tapılıb və bəzi bölgələrdə həmin partiya məhv edilib. Bu da bəzi nar tədarükü ilə məşğul olan sahibkarların bu işlə məşğul olmasına problemlər yaradacaq. Bundan sonra isə Rusiyaya ixrac edə biləcəyimiz kənd təsərrüfatı məhsulu yoxdur”.

XS
SM
MD
LG