Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:26

Şabranın küçələrini zibil basıb...


Şabran yolları
Şabran yolları

-

Bakıyla arası cəmi 120 kilometr olan Şabran şəhərinin küçələrini zibilliklər basıb. Özü də sözün gerçək mənasında... Bu məkandan yolu düşənlərin gözlərini şəhərin girəcəyindən ta çıxacağına qədər yolboyu kənarlardakı zibilliklər “oxşayır”.

“VAXT VARDI HƏR SƏHƏR ZİBİLYIĞAN MAŞINLAR DOLAŞARDI”

Xumarə Nuriyeva bu şəhərdə doğulub, böyüyüb, yaşa dolub. Deyir, şəhərin səliqəsi, təmizliyi sovet dönəmində qalıb. O vaxtlar hər səhər o başdan zibilyığan maşınlar küçəbəgüçə dolaşar, sakinlər yuxudan qalxanadək zibilliklər təmizlənərdi. İndi zibil sakinin təbirincə desək, adamın ağzına girir:

“Zibil yola qədər gəlib çıxır. Gəlib aparan yoxdur. Elə seçkilərə hazırlaşırlar... Gözləyirlər ki, bələdiyyə seçkiləri gəlsin çatsın, seçilsinlər, ancaq ortada gördükləri iş də yoxdur. Bu şəhərdə hara baxırsan zibildir. Deputatımız da, icra başçımız da, bələdiyyə sədrimiz də bu yollardan keçir. Bizim kimi onlar da bu zibillikləri görürlər. Burada məktəb var, uşaqlar dərsə zibilin içindən keçib gedirlər. Zibil maşını gəlir, iki qutunu qaldırır, boşaldır, maşının arxasına, çıxıb gedir. Yerdəki zibillər ağıza girir”.

BİNALARIN ÜSTÜ AĞLAY, İÇƏRİSİ ÜZQARALDAN...

Xumarə Nuriyeva , deyir ki, şəhərin ortasındakı binaların ağlayları gözünüzü əsla aldatmasın. Bu binalarda heç ayaqyolu da yoxdur:

“Bu boyda yaşayış binalarıdır, heç birində ayaqyolu yoxdur. Hərə özü üçün təbii tələbatlarını ödəməyə yer düzəldib. Ancaq ev pulu, zibil pulu, kommunal borcu... Gəlirlər ki, ver, ver, ver...”

Nəzakət Məmmədova
Nəzakət Məmmədova

Sakinlərdən Nəzakət Məmmədova isə evinə gedib çatmaq üçün küçələri dolanbadolan gəzir. Səbəbindən danışır:

“Bura hələ şükürlüdür. Keç bir bizim küçəyə, lap pis gündədir. Darvazaya yaxın düşmək olmur. O yoldan keçmək olmur, fırlanıb- hərlənib gəlib bu küçədən keçirik ki, yenə bura ordan şükürlüdür.

Kanalizasiyalar dolur, axır yola... Biyabırçı günlərdəyik. Zibilxanalarımız da şəhərimizin “yaraşığıdır”. İlin-günün bu vaxtında harda milçək var? Ancaq biz evlərimizdə milçək əlindən otura bilmirik”.

Başqa sakin:

“Bizim bina köhnə binadır. 1978-ci ildə köçmüşük o binaya. O vaxtdan bircə dəfə də üstü düzəldilməyib. Evlərimiz suyun içində olur. Ayaqyolularımız nə gündədir, bir görsəniz...”

“ÇƏKDİKLƏRİ ASFALTA BAX”

“Təzə asfalt çəkiblər, bax, nə gündədir... Su içində...” Bunu da arxamızca bir sakin qışqırır. Bu yaxınlarda şəhəri mərkəzi yollarının asfalt örtüyü dəyişdirilsə də, az müddət keçməsinə baxmayaraq köhnəsi ilə fərqlənmir. Dolub-daşan kanalizasiya suları asfaltı yararsız vəziyyətə salıb. Olub “köhnə hamam, köhnə tas”.

Yolların belə acınacaqlı vəziyyətdə olması maşınların hərəkətini xeyli çətinləşdirir. Bəzi yollarda isə asfalt örtüyü olmadığından və kanalizasiya sistemi işləmədiyindən gündəlik yağan yağış sularından gölməçələr yaranır.

Şəhərin içərilərinə keçdikcə burdakı vəziyyətin mərkəzi küçələrdəkindən daha da acınacaqlı olduğunu görürük.

ŞOLLAR SUYU KÜÇƏLƏRƏ AXIDILIR

Şabranda şollar suyu küçənin ortasına axır. Sakinlər deyirlər ki, yayın cırhacırında suyu maşınla alırlar. Qışdasa su yola axıdılır. Nə bələdiyyə, nə yerli su idarəsi buna bir tədbir görür:

Şabran bələdiyyəsi
Şabran bələdiyyəsi

“Su boruları çürük-çürükdür. Baxın. Burada su xətti partlayıb, uzun müddətdir ki, su yola axır. Bunu sakinlərdən başqa görən yoxdur məgər? Küçənin ortasına şollar suyu axır, ancaq evlərimizə su gəlib çıxmır”.

Zibilliklərin, yola axıdılan şolların, sakinlərin başqa problemlərinin necə çözüləcəyini öyrənmək üçün Şabran rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Onlar bu məsələlərin bələdiyyətə aid olduğunu bildirdilər. Biz də Şabran bələdiyyəsinə üz tuturuq. Bələdiyyədə isə sədrin yerində olmadığını dedilər. “Nə vaxt gələcək” sualının cavabı da sanki əvvəldən hazırdır: “Bilmirik”.

Qarşıdan bələdiyyə seçkiləri gəlir. Yeni bələdiyyə sədri Şabranın küçələrindəki zibillikləri yığıb-yığışdıra biləcəkmi? Şabranlıları düşündürən bu sualın cavabına az qalıb.

XS
SM
MD
LG