Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:10

«Müəyyən bir nəslin uşaqlığı xaş-xaşın təsiri altında yuxuda keçib»


Cəmil Həsənli: «Bütün monopolistlər Fərhad Əliyevin əleyhinə birləşmişdi»
Cəmil Həsənli: «Bütün monopolistlər Fərhad Əliyevin əleyhinə birləşmişdi»
Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənlini cəmiyyət həm də siyasət adamı kimi tanıyır. Onun əsərləri Azərbaycan tarixinin öyrənilməsi baxımından yüksək qiymətləndirilir. Kitabları Azərbaycandan başqa dünyanın bir çox dillərində çap olunub. Özünü sadə azərbaycanlı kimi təqdim etsə də, sadə azərbaycanlılar onu daha çox tarixçi alim, fəal millət vəkili kimi tanıyır. Parlament fəaliyyətinə toxunan professor deyir ki, «mən haqqı harada görsəm, necə dərk eləsəm elə çıxış edirəm».


- Hesab edirəm ki, bu ölkənin ən ciddi problemi seçkidir. Ölkədə müşahidə olunan bütün neqativ hadisələr hamısı məhz azad, ədalətli, demokratik seçkinin olmaması ilə bağlıdır. Məsələn elə bu parlamentin açılışında mən bir məsələ qaldırdım, heç kimdən səs çıxmadı. Gözümüzün qabağında İçəri Şəhərin tarixi binaları viran edilir. O abidələr viran edilir ki, onlar həm Azərbaycan qanunları ilə qorunur, həm də YUNESKO-nun konvensiyası ilə. Neftçilər prospektində 77 və 79 saylı binalar sökülür, onların hər ikisi tarixi binadır.

Nəzərə alaq ki, Azərbaycan hakimiyyətində Fərhad Əliyev islahatçı nazir kimi tanınırdı. Yadınızdadırsa ilk dəfə o, elan etdi ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdir
Bakı quberniya mərkəzi olanda ilk qubernator rezidensiyası məhz həmin 77 saylı binada yerləşib və vaxtı ilə Çar II Aleksandr orada olub. Belə bir tarixi abidə hansı ölkədə olsa ona qayğı göstərərlər, qoruyub saxlayarlar. Üstəgəl ən böyük faciə odur ki, həmin binanın cənub tərəfdən divarı Şirvanşahlar Sarayının qala divarının üzərinə düşürdü.


Bina dağıdılmaqla bərabər bizim iftixar hissi ilə vəsf etdiyimiz qala divarlarından da 50 metr bir tikili dağıdıldı, yerlə yeksan edildi. Mən o fikirdəyəm ki, əgər kimsə orada yer almaq imkanına malikdirsə, o şəhərin istənilən yerində bunu ala bilərdi. Demokratik yolla seçilmiş parlament olsaydı bu məsələdən ötrü haray qoparardı.


- Biri var bu prosesləri adi vətəndaş kimi müşahidə edəsiniz, biri də var hadisələr deputatın gözünün qabağında baş verir. Bəlkə heç o parlamentə getməyə dəyməzdi.


- Parlamentə gedib-getməmək millət vəkilinin özündən asılı olan məsələ deyil. Parlament seçkisinin iştirakçısı olan seçicinin səsinə hörmətlə yanaşmaq lazımdır.


- Siz keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin hüquqlarının müdafiəsi ilə məşğulsunuz. Bir qayda olaraq parlamentdə məmur özbaşınalığından danışdığınız təqdirdə keçmiş məmurun hüquqlarını müdafiə eləmək haradan irəli gəlir?


- Bu ilin iyul ayında Fərhad Əliyevin işində maraqlı bir məsələ meydana gəldi. Bu da Elmar Hüseynovun qətlinin guya Fərhad Əliyev tərəfindən sifariş edilməsi məsələsi idi. O vaxta qədər məndə bir tərəddüd var idi. Amma bu məsələ həmin tərəddüdlərə son qoydu, əmin oldum ki, bu adamı nahaqdan tutublar. Nazir olmaq insanı müdafiə olunmaq hüququndan məhrum etməməlidir. Nəzərə alaq ki, Azərbaycan hakimiyyətində Fərhad Əliyev islahatçı nazir kimi tanınırdı. Yadınızdadırsa ilk dəfə o, elan etdi ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdir. Yadınızdadırsa o nazir işləyərkən qiymətlərin qalxmasında süni mane olaraq monopoliyaları göstərirdi. Onun başladığı anti-monopoliya kampaniyası bütün monopolistləri Fərhad Əliyevin əleyhinə birləşdirdi və onun həbsi ilə nəticələndi.


- Elmi işlərlə məşğul olmağa vaxt tapırsınızmı? Bildiyimə görə bir qədər öncə Türkiyədə, bu yaxınlarda isə Amerikada kitablarınız çap olunub.


- Sovet İttifaqı dağılandan sonra İranda Güney Azərbaycanda həyata keçirilən siyasətlə bağlı çox maraqlı arxiv sənədləri açıqlandı. Nəinki Bakıda, hətta Moskva və ABŞ-da arxivlərdə işləyərkən ciddi sənədlər üzə çıxardım. Bu materiallar əsasında 2001-ci ildə «Güney Azərbaycanında sovet-Amerika-İngiltərə qarşıdurması» adlı bir monoqrafiya hazırladım.


Səhər tezdən qadınlar körpələrini yedizdirəndən sonra uşağın boğazına bir çay qaşığı xaş-xaş tökürdülər ki, yuxudan oyanmasın

Həmin kitab sonradan rusca çap olunandan sonra ona maraq artdı və başqa dillərə də tərcümə edildi. Bundan sonra isə «SSRİ-Türkiyə soyuq müharibənin sınaq meydanı» adlı monoqrafiya üzərində işimi başa çatdırdım.


- Cəlilabad rayonunun özündənsiniz, ya kəndindən?


- Alar kəndindənəm. O kənd mənim xatirəmdə çox yaxşı qalır. Mən həmişə bizim kənddə insanları günəşdən qabaq oyanan görmüşəm. O adamlar öz zəhmətləri ilə dolanırdılar, günləri tarlada keçib, əməkçil olublar. Mənim bu gün haqsızlığa dözməməyimdə o mühitin böyük rolu var. Çünki mən orada həmişə haqqın tərəfində duran kişiləri görmüşəm. Mən sizə insanların necə əməklə məşğul olduğunu özündə ehtiva edən bir misal çəkim. Bu misal həmin dövrdə Azərbaycanda pambıq əkilən bütün rayonlar üçün xarakterik idi. Səhər tezdən qadınlar körpələrini yedizdirəndən sonra uşağın boğazına bir çay qaşığı xaş-xaş tökürdülər ki, yuxudan oyanmasın. Ana gecə yarısı işdən dönənə qədər uşaqlar yatırdılar. Ana pambıq tarlasında işləyib yorğun qayıdırdı, körpəsi də oyanırdı… Mənim gözümün qabağındadır o adamların keçdiyi həmin tale, həyat tərzi. Uşağına da qayğı göstərmək istəsə də yorğun olduğundan yenə də məcbur olub uşağa xaş-xaş verirdi. Bu minvalla Azərbaycanda müəyyən bir nəslin uşaqlığı xaş-xaşın təsiri altında yuxuda keçib. Bu keçmişin hadisəsidir. Bu gün biz uşaqlarımızı elmə, təhsilə, dəyişən dünyanın şərtlərinə uyğun hazırlamalıyıq…


CƏMİL HƏSƏNLİ İLƏ SÖHBƏTİ ƏTRAFLI DİNLƏYİN


XS
SM
MD
LG