Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:00

Naxçıvan müxalifətçiləri həbs olunan cəbhəçi ilə bağlı bəyanat verib


Hicran Qasımov
Hicran Qasımov

-
AXCP və Müsavat Partiyasının Naxçıvan Muxtar Respublika təşkilatları yerli fəal Hicran Qasımovun həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Hicran Qasımovun həbsi onun siyasi fəaliyyəti ilə əlaqələndirilir:

«Hicran Qasımov noyabrın 3-dən yoxa çıxıb. Yalnız 5 gün sonra Naxçıvan Muxtar Respublika Daxili İşlər Nazirliyi ailə üzvlərinə onun həbs olunduğu haqda məlumat verib. Buna baxmayaraq, onun hansı maddə ilə ittiham olunduğu haqda məlumat verilmir. Bu da bir sıra suallar doğurur. Görünür, Hicran Qasımovdan istədikləri izahatı ala bilməyiblər. Onun haqqında dəqiq məlumat verilməməsi bir çox şübhələrə yol açır. Hicran Qasımovun işgəncəyə məruz qalması ehtimalı böyükdür. Biz yerli hakimiyyətdən hicran Qasımovun həbsinin səbəblərinə aydınlıq gətirilməsini, onun dərhal azadlığa buraxılmasını tələb edirik».

AXCP Culfa rayon Təşkilatının fəalı Hicran Qasımovun noyabrın 3-dən yoxa çıxdığı bildirilirdi. Bundan bir neçə gün sonra onu polisin saxladığı və haqqında 2 aylıq həbs qətimkan tədbirinin seçildiyi bəlli oldu. Ailəsi onun siyasi mənsubiyyətinə görə şərlənərək həbs olunduğunu düşünür.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən isə onun həbsi ilə bağlı hər hansı açıqlama verməyiblər.

Hicran Qasımov hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Kəngərli rayonunda yerləşən təcridxanasında saxlanır.

Ailənin iddialarına münasibət öyrənmək üçün AzadlıqRadiosu dəfələrlə muxtar respublika DİN-i ilə əlaqə saxlasa da, ordan hər hansı cavab almaq mümkün olmayıb.

XS
SM
MD
LG