Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:02

Prezidenti tənqid edə-edə seçkiləri uddular - Mətbuat icmalı


-

Amerikada aralıq seçkilərdə respublikaçı namizədlər seçki şüarlarını bir qırağa qoyub, yalnız Obamanı tənqid etməklə məşğul idilər.

Avropa Komissiyasının sədrliyindən gedən Barroso Putin haqda.

Pakistanda müsəlman kütlə xristian ər-arvadı öldürüb. Yandırılan Quran yoxsa pul borcu?

Dünya mediası bu gün nədən yazır?

Washington Post qəzeti yazır ki, ABŞ-da noyabrın 4-dəki aralıq seçkilərində respublikaçılar Senatda çoxluğu demokratlardan aldı. Nümayəndələr palatasında isə çoxluq onsuz da respublikaçılarda idi.

Noyabrın 5-i səhərə olan məlumata görə, Senatda qızğın izlənən 13 yerə seçkilərin 10-da respubikaçı namizədlər qalib gəlib. Onlar demokratlarda olan Ayova, Kolorado, Arkanzas, Montana, Cənubi Dakota, Qərbi Virciniya və Şimali Karolina ştatlarında qalib gəliblər. Bu da Senatda əksəriyyəti qazanmağa lazım olandan çoxdur. 2007-ci ildən bəri ilk dəfədir ki, Senat respublikaçıların nəzarətinə keçir.

Respublikaçılar Nümayəndələr palatasında da əlavə 10 yer qazanıblar. 1940-cı ildən bəri Respublikaçılar belə böyük uğur qazanmamışdı. Qəzet yazır ki, bu səsvermə uzun, bahalı, kəskin seçkini başa vurdu. Seçkidə əsas məsələ isə prezident idi. Seçkilərlə Obamanın imicinə zərbə dəydi. O gördü ki, onun səhiyyə proqramı və dünyadakı böhranlara reaksiya verə bilmənəsi onun imicini korlayıb.

Bu seçkidə respublikaçılar ona qarşı çıxırdı, demokratlar isə ondan qaçırdı. Kentukki ştatında Senata namizədliyi verən demokrat , yəni prezidentin öz demokrat partiyasının üzvü Alison Lindergan Grimesdan seçki kampaniyasında dəfələrlə soruşulub ki, o, prezident seçkilərində Obamaya səs vermişdimi? Grimes dəfələrlə bu suala cavab verməkdən imtina edib.

Qəzet sonda yazır ki, ekzit-pollar Obamanın bu seçkidə simvola çevrildiyini göstərir: onun özü vaxtilə prezidentliyə hansı şüarla gəlmişdisə, indi respubikaçılar eyni şüarlarla demokratları udurlar. Obama həmişə Vaşinqton rəhbərliini tənqid edirdi ki, Vaşinqton rəhbərliyində “tıxac”dır, hərəkət etmək olmur, Vaşinqton liderləri partiyaların mübarizəsindən qırağa çıxa bilmirlər.

DEMOKRATLAR ÖZLƏRİNİ OBAMADAN QIRAĞA ÇƏKİRDİ

New York Times qəzeti yazır ki, seçkidə demokratlardan olan namizədlərin hamısı özünü Obamadan qırağa çəkirdi.

Hətta ABŞ üçün görünməmiş iş olurdu- heç bir demokrat namizəd Obama hakimiyyəti dövründə yeni iş yerlərinin açılmasında əhəmiyyətli irəliləyiş olduğunu və iqtisadi artım olduğunu mövzuya çevirmirdi.

Niyə? Qəzet yazır ki, Senata seçkiləri neqativlik uddu.

Respublikaçıların seçkilərdə nəzəri olaraq şüarları - yeni iş yerləri, vergi islahatı və xərcləri azaltmaq idi.

Ancaq bunlardan heç kim danışmırdı. Onlardan soruşan da yox idi, bunu necə edəcəklər. Çünki hər bir respublikaçı namizəd öz kampaniyasını yalnız Obamanın uğursuzluğu üzərində qururdu.

Respublikaçıların Konqresi tam nəzarətə götürməyi nəzəri olaraq onlara Obama administrasiyası ilə kompromissə gəlməyə imkan verir. Respublikaçılar göstərə bilərlər ki, onlar təkcə tənqid etməyi yox, həm də idarə etməyi bacarırlar.

Ancaq praktiki olaraq Senat və Nümayəndələr palatası daha mühafizəkar ola bilər. Hazırda seçkini udanlar seçki kampaniyasındakı vədlərini yerinə yetirməyə başlayacaq və daha neqativ olacaq.

Ancaq qəzet məqaləsini pozitiv tonda bitirir. Senatda çoxluğun lideri olacaq McConnel deyib ki, ikipartiyalı sistem o demək deyil ki, biz daimi münaqişədə olmalıyıq. Qəzet yazır ki, Senat çoxluğunun lideri indi bu sözlərinin boş olmadığını sübut etməlidir.

PUTIN BARROSOYA NƏ DEYİRMİŞ?

Financial Times qəzeti yazır ki, Avropa Komissiyasının vəzifədən bu yaxınlarda getmiş sədri Barroso deyib ki, onun vəzifədə etdiyi heç də hər şey düzgün olmayıb.

Ancaq o, 10 il gənc olsaydı, yenə eyni işlə məşğul olardı, eyni işləri görərdi.

Barrosonun sözlərinə görə, Brüsseldə ümumi bir əhval var ki, guya keçmiş Fransa prezidenti Mitteranın, keçmiş Almaniya kansleri Kolun dövrü qızıl dövr idi. Barroso deyir ki, bu, illüziyadır, guya əvvəllər çətin problemlər olmayıb.

Barrosonun Putin haqda fikirləri maraqlıdır. Almaniya kansleri Merkel hesab edir ki, Putin irrasional olub, Avropa Birliyinin ticarət komissarı Karel de Gucht mətbuata deyib ki, “Putin Avropanı sevməyənin birisidir”.

Barroso isə deyir ki, Putin öz ölkəsinin gələcəyinin Qərbdə olduğunu başa düşür.

Barroso Putinlə 20 dəfədən çox görüşüb. O cümlədən Putinin daçasında. Putin bir dəfə ona deyib ki, Avropa Birliyi və Rusiya terrorizmlə üzləşən Xristian ölkələr komandasının iki üzvüdür. Putin ondan soruşub ki, “biz nə qədərik?”. Yəni bu xristian komandası üzvləri dünyada nə qədərdir?

Barroso deyir ki, Putin özünü xristian sayır və özünü avropalı hesab edir. Ona görə Barroso Putinin Avropaya müxalifətdə olması fikri ilə razılaşmır.

Barrosonun sözlərinə görə, Putin ona dəfələrlə deyib ki,”Ukraynanın Avropa Birliyinə üzvlüyünün də prinsipcə əleyhinə deyil. Üzvlüyünün!”

Bəs Putin nəyin əleyhinədir? Və ya nə istəyir? Barroso deyir ki, Putin ona dəfələrlə bildirib ki, onun üçün əhəmiyyətli olan Avrasiya Birliyidir və Barrosonun sözlərinə görə, Putin Ukraynaya spesifik rol ayırır.

Barroso deyir: “Biz gerimi çəkilməliyik? Deməliyik ki, OK, Vladimir, Ukrayna sənindir? Ukrayna ilə nə edirsən, et? Biz bunun məntiqi nəticəsi olaraq deyirik ki, bütün bunlar qəbul edilməzdir!”.

YANDIRILAN QURAN?

Wall Street Journal qəzeti yazır ki, Pakistanda müsəlman kütlə xristian ər-arvadı ölıdürüb. Kütlə həmin ailəni Quranın səhfələrini yandırmaqda ittiham edirdi.

Bu hadisə noyabrın 4-də, Pəncab vilayətinin Kot Radha Kişan kəndində oilub. Polis 42 sakini saxlayıb. Polis rəsi deyir ki, “kənddəki kərpic zavodunda mühasib, kərpic zavodunda təsərrüfat müdiri həmin ər-arvadın- Shama Bibi və Shahbaz Masihin Quran səhifələrini yandırdığını deyir”.

Ancaq qəzet yazır ki, bu kənddə yaşayanlar çox kasıbdırlar. Shama Bibi və Shahbaz Masihin bu kənddə yerləşən kərpic zavodunun sahibi Yousaf Gujjara borcları olub. Insan haqları fəalları deyirlər ki, Pakistanda kasıblar işə düzələndə avans kimi pul alırlar, sonra bu pulu maaşlarından qaytarırlar.

Hadisədən qabaq bu ər-arvadı borclarına görə məhz kərpic zavodunda tutub-saxlayırlarmış.

Polis bildirir ki, Quran səhifələrinin cırılması, yandırılması faktdır, ancaq bunu kimin etdiyi dəqiq sübut olunmayıb.

Qəzet onu da yazır ki, Pakistanda işçilər sahibkara borcu qaytarana qədər gündə 2-7 dollar pul alırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG