-
Tanınmış türkoloq Ramiz Əsgər böyük qırğız şair, bəstəkar və akını Toktoqul Satılqanovun 150 illik yubileyinə həsr olunan “Toktoqul Satılqanovun irsi və müasir mənəvi mədəniyyət” adlı beynəlxalq konfransda mükafat alıb.
TÜRKSOY 2014-cü ili “Toktoqul ili” elan edib.
Böyük şairin 150 illik yubiley tədbirində Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya doktoru Ramiz Əsgər də iştirak edib.
R. Əsgər Toktoqul Satılqanovun Azərbaycan türkcəsinə çevirdiyi “Şeirə, nəğməyə çevrilən ömür” adı 320 səhifəlik kitabını yubileyə ərməğan edib.
TÜRKSOY R. Əsgəri Toktoqul Satılqanovun 150 illiyi münasibətilə təsis etdiyi yubiley medalı ilə təltif edib.
Üstəlik, konfrans çərçivəsində şairin vətəni Kətmən-Töbödə düzənlənən “Toktoqul festivalı” nda Qırğızıstan hökuməti şairin təbliğinə və tədrisinə görə Ramiz Əsgəri Beynəlxalq Toktoqul Fondunun təsis etdiyi yubiley medalı ilə mükafatlandırıb.
Toktoqul Satılqanov 1864-cü ildə Oş bölgəsinin Kətmən-Töbö rayonunun Kuşçu Suyu kəndində doğulub. 13 yaşından şeir yazmağa başlayıb.
1898-ci ildə çar Rusiyası tərəfindən Əndican üsyanına qatıldığı üçün əvvəlcə edama məhkum edilib, daha sonra bu cəza Sibir sürgünü ilə əvəzlənib. Şair 4 il sonra sürgündən qaça bilb.
Eynən Göyçəli Aşıq Ələsgər kimi onun da yaratdıqları xalq arasında geniş yayılıb və yazıya alınmayıb.
Sovetlər dönəmində onun yaradıcılığı xalqdan toplanıb və nəşr edilib.
Qırğız ədəbiyyatına və mədəniyyətinə verdiyi töhfələrə görə şairin adı vətənində bir çox yerlərə verilib.
Qırğız Dövlət Filarmoniyası da onun adını daşıyır.
Qırğızıstanda şairin adına dövlət mükafatı qurulub.
Toktoqul Satılqanov 1938-ci ildə vəfat edib.