Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:57

"Çertmet"də narazılıq


Arxiv fotosu
Arxiv fotosu

Binəqədi rayonu, Yusifzadə küçəsi, 46 ünvanında, “Çermet” adlanan ərazidə yaşayan ailələr evlərinin sökülməsi müqabilində verilən kompensasiyanın azlığından və mənzillərinin xəbərdarlıq edilmədən başlarına uçurulmasından narazıdırlar.

Ərazidə sökülən mülklərdən birinin sahibi Miraslan Əkbərov AzadlıqRadiosunun "Qaynar xətt"inə şikayət edib. Onun sözlərinə görə, avqustun 21-də Binəqədi Rayonu Polis Şöbəsinin, Binəqədi Rayonu İcra Hakimiyyətinin və “Azəryolservis” ASC-nin əməkdaşları evinin bir tərəfini və 3,5 metr hündürlükdə olan hasarını xəbərdarlıqsız, heç bir məhkəmə qərarı olmadan söküblər.

"EVİMİ QƏZALI VƏZİYYƏTƏ SALIBLAR"

Şikayətçi:

"Mən Rusiyada idim. Eşitdim mülkümü sökürlər, təcili qayıtdım. Ev sökülən zaman ailəmə ciddi maddi ziyan dəyib, bizə evdən əşyaların çıxarılması üçün vaxt verilməyib, əşyalar yararsız hala düşüb. Ev hazırda qəzalı vəziyyətdədir".

Şikayətçi deyir, onun bu prosesə müdaxilə etməsi ilə söküntü yarımçıq dayandırılıb, ancaq evlərə verilən su, qaz, elektrik xətti kəsilib:

"Bu evdə hazırda 3 ailə yaşayır. Mənim ailəmlə yanaşı bacımın və mərhum qardaşımın ailəsi də bizim mənzildə yaşayır, 11 nəfər bir mənzildə qalırıq”.

Miraslan Əkbərov başına gələnlərlə bağlı prezidentə, daxili işlər nazirinə və baş prokuror Zakir Qaralova teleqram göndərib və onlardan cavab gözləyir.

"1 ildən çoxdur ki, bu məsələyə görə “Azəryolservis” ASC-nin əməkdaşları ilə mübahisə davam edir:

“2013-cü ilin mart ayında bizim evin yaxınlığında yerləşən və Cavid Qurbanovun rəhbəri olduğu Voleybol Federasiyasının nümayəndələri mənim mülkümün dövlət ehtiyacları üçün satın alınması ilə bağlı mənə müraciət etdilər. Əvvəlcə 300, daha sonra 350 min manat təklif etdilər. Mən bu təkliflərlə razı olmadım. Onların hesablamalarına görə, 150 kvadratmetr mənzil sahəsi və 7 sot həyətyanı sahənin qiyməti bu idi.

Bu ilin iyul ayında mən, vəkilim Aslan İsmayılov, Cavid Qurbanov, onun vəkili İlqar Abbasov, nümayəndəsi Faiq Məmmədovla bir yerdə görüşdük. Razılaşdıq ki, evin hər kvadrat metri 1500 manata, həyətyanı sahə isə bazar qiyməti ilə dəyərləndirilsin. Burada isə torpağın 1 sotunun qiyməti 50-70 min manat arasında dəyişir. Ancaq bu sözə əməl olunmadı. Bundan əvvəl - yanvar ayında bizə xəbərdarlıq bildirişi göndərilmişdi ki, sizin mənziliniz Ziya Bünyadov prospektinin genişləndirilməsi səbəbində sökülməyə düşür, "Kapital Bank"ın Nərimanov rayon filialında sizin hesabınıza 147 min manat pul köçürüləcək. Ancaq bu prospektin yenidənqurma işləri çoxdan yekunlaşıb və prospekt bizim evlərə tərəfə genişləndirilmədi. Bizim evlə həmin prospekt arasında 80 metr məsafə var. Bu, o deməkdir ki, mənim evim heç yolun mühafizə zolağına belə düşmür”.

Sakinlərin iddialarına görə həmin evlər heç də dövlət ehtiyaclarına görə deyil, deputat Cavid Qurbanovun şəxsi biznes məqsədləri üçün sökülür. Gəzən söz-söhbətə görə, orada otellər tikiləcək.

Onlar bildirir ki, Cavid Qurbanovun nümayəndələri onlara mənzillərin hər kvadratmetrinin 1500 manata dəyərləndirilməsini rəsmi yox, şifahi bildirirlər. Şifahi deyilən sözünsə hüquqi qüvvəsi yoxdur.

Miraslan Əkbərov deyir, Azərbaycan Voleybol Federasiyasında xadimə işləyən bacısı və qardaşının həyat yoldaşı işdən qovulub.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev hazırda vaxtının olmadığını, bu məsələyə aydınlıq gətirmək üçün əlaqə saxlayacağını bildirsə də, sonrakı telefon zənglərə cavab verməyib.

Miraslan Əkbərov Binəqədi rayon Prokurorluğunda da olub və prokuror Nazim İmanovla da görüşüb. Prokurorluqdan "Qaynar xətt"ə bildirdilər ki, Miraslan Əkbərovun ərizəsi və ziahatı alınıb. Məsələ araşdırılacaq".

“Azəryolservis” ASC-dən isə "Qaynar xətt"in sualları cavablandırmayıb.

XS
SM
MD
LG