Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:26

Vaqif Əsədov: «Sürücülər yol polisi olmadan hərəkəti tənzimləməyi bacarmalıdırlar»


Bakı şəhər yol polis idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov
Bakı şəhər yol polis idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov

-

Həm yay mövsümü bitir, həm də yeni dərs ili başlayır. Ötən illərin təcrübəsi göstərir ki, bu müddətdə Bakının avtomobil yollarında nəqliyyat vasitələrinin sayı çoxalır, uzun tıxaclar yaranır.

Paytaxt yol polisi şəhər yollarındakı tıxaclarla mübarizə aparmaq üçün hansı işləri planlaşdırıb? Bakı şəhər yol polis idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov AzadlıqRadiosuna müsahibəsində deyir ki, onlar da yeni mövsümə hazırlaşırlar:

«Sözsüz ki, dərs ilinin başlaması ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulub. Polis gücləndirilmiş iş saatına keçəcək. Eləcə də yol hərəkətində təhlükəsizliyi təmin etməyə çalışacaq. Bununla bahəm, tədris müəssisələrinin ətrafını nəzarətə götürəcək, həm də bu yerlərdə parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizə aparacaq».

«SÜRÜCÜNÜN DƏ MƏSULİYYƏTİ VAR»

Vaqif Əsədov deyir ki, dərs ilinin başlanması ilə bağlı «yol zolaqları üzrə avtomobillərin sıx cərgələnməsi» ehtimalı var: «Sözsüz ki, bu ərəfəyədək avtomobillərin hərəkət intensivliyi də artacaq. Amma yol polisi ilə yanaşı sürücülərin də üzərinə böyük məsuliyyət düşür: sürət həddi düzgün seçilməlidir, yolayrıcı qaydalarına əməl etməlidirlər, normal ara məsafələri saxlanmalıdır, təhlükəli manevrlərdən çəkinməlidir, diqqəti yayındıran söhbətlərə yol verməməlidirlər».

MƏKTƏBİN QABAĞINDA DAYANMAYIN

Vaqif Əsədov deyir ki, şəhərdə avtomobillərin park edilməsi üçün 200-dək parkomatlar quraşdırılıb və qadağan edilən yerlərdə maşın saxlayan sürücülərə güzəşt edilməyəcək. O deyir ki, məktəblərdə şagird gözləyən sürücülər də bu parkomatların xidmətindən istifadə etməlidir: «Şagirdləri məktəbdən götürmək üçün özləri piyada getsinlər».

Paytaxt yol polisi sözçüsü deyir ki, tıxac inkişaf etmiş ölkələr üçün xarakterikdir, amma gərək belə vəziyyətlərdə sürücü davranış mədəniyyəti nümayiş etdirsin: «Çalışmalıyıq ki, yol polisi olmadan hərəkətimizi tənzimləyək. Məktəbin qabağında maşın saxlayıb uşaq gözləyəndə gərək fikirləşək ki, yolu daraldırıq, digər avtomobillərin hərəkətinə mane oluruq».

SVETAFORUN İŞLƏMƏMƏYİNDƏN NARAHAT OLMAQ LAZIM DEYİL

Vaqif Əsədov Bakıda bəzi yerlərdə svetoforların işləməməsini «faciə kimi qarşılamağın» əleyhinədir. O deyir ki, svetaforlar hər hansı səbəbdən, məsələn, ərazidə aparılan təmir işlərinə görə hətta uzun müddət işləməyə bilər, amma bu, narahatçılıq yaratmamalıdır: «Bu zaman sürücülər nizamlanmayan yol-hərəkəti qaydalarına əməl etməlidirlər».

Svetaforların iş rejiminə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, texniki vəziyyətinə isə DİN-in Siqnal İdarəsi cavabdehdir.

XS
SM
MD
LG