Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:41

Gəncədə yas mərasimlərinə dair tapşırıq


Arxiv foto
Arxiv foto

-

«GONGO»İDLƏR

«Azadlıq» qəzeti jurnalist Aynur İmranovanın araşdırmasını dərc edib. Yazıda qeyd olunur ki, Azərbaycanda dövlət qeydiyyatına alınmış 3000 Qeyri-Hökumət təşkilatından cəmi 1 %-i, yəni təxminən 25-30 təşkilat demokratiya və insan hüquqları sahəsində çalışır. QHT-lərə hücumların bir istiqaməti GONGO (Government Organized Non-Governmental Organization - hökumətin yaratdığı QHT) təşkilatların yaranması və mövcud təşkilatların GONGO-ya çevrilməsi prosesi idi. «GONGO» təşkilatlara hakimiyyətin öz dəstəyi azmış kimi bəzi beynəlxalq təşkilatların yerli nümayəndəlikləri, qrant təşkilatları da hakimiyyətlə münasibətləri korlamamaq üçün onlarla çalışmağa məcbur olur, nəticədə dolayısı ilə Azərbaycanda avtoritar rejimi dəstəkləyirlər.

Buna misal olaraq ən çox söz söhbətə səbəb olmuş ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Milli Məclisin üzvü Əli Hüseynovun rəhbərlik etdiyi Azərbaycan Hüquqşünaslar Konfederasiyasına verdiyi 1.5 milyon dollar qrantı və ya Hadı Rəcəblinin ailəsinə məxsus olduğu bildirilən «Həyat» təşkilatının, Əli Həsənovun kurasiyasında olan İsrail İsgəndərovun sədri olduğu ÜMİD Humanitar və Sosial Dayaq Mərkəzinin 20 ilə yaxındır BMT QAK-ın tərəfdaşı olmasını göstərmək olar. Belə misallar da GONGO təşkilatlar kimi yüzlərlədir.

«QƏRB İLHAM ƏLİYEVƏ TƏZYİQ GÖSTƏRMƏYƏCƏK»

Politoloq Zəfər Quliyev «Yeni Müsavat»a müsahibəsində deyir ki, Ukraynada Qərblə Rusiya arasında açıq qarşıdurma davam edir və Qərb indi öz təhlükəsizliyi ilə bağlı məsələlərə daha çox diqqət ayırır. «NATO Şərqi Avropa ölkələrində daha 5 baza açmağa hazırlaşır. Qərb anlayır ki, Rusiya ilə bu qarşıdurma uzun müddət davam edəcək. Ona görə də ilk növbədə öz təhlükəsizliyinə görə Azərbaycan kimi ölkələrdə daha çox iqtidarlarla işbirliyi qurmağa meyllidir. Bunun da nəticəsində insan haqları məsələsi arxa plana keçməkdədir. Bu gün Azərbaycan kimi ölkələrdə demokratiya problemləri Qərb üçün çox xırda məsələlərdir. Özümüzü aldatmağa ehtiyac yoxdur - Qərb hər zaman praqmatik maraqlardan çıxış edir. Azərbaycan-Qərb münasibətlərində ağırlıq enerji siyasətinin üzərindədir. Ona görə də Qərb İlham Əliyevi qərbyönlü yola qaytarmaq üçün ona heç bir basqı göstərməyəcək. Azərbaycan iqtidarı bəzən demokratiyanı imitasiya etdiyi kimi beynəlxalq qurumlar da demokratiyaya sadiqliklərini bəzən imitasiya edirlər».

AZƏRBAYCANLI DEPUTATIN QƏTNAMƏ LAYİHƏLƏRİ AŞPA-DA

Sentyabrın 2-də Avropa Şurası Parlament Assambleyasının Parisdə keçirilən Büro iclasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamə layihələri üzrə məruzəçi təyin olunması məsələsinə baxılıb. Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov AzərTAc-a məlumat verib.

Büro böyük səs çoxluğu ilə Elxan Süleymanovun müəllifi olduğu qətnamə layihələrini məruzəçi təyin olunması üçün Siyasi Komitəyə göndərib. Məruzə «Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində gərginliyin artması» adı ilə yazılacaq.

DƏCCALIN ARI YUVASINA TÜSTÜ VERMƏK

«Media Forum» saytı Oqtay Qorçunun yazısını dərc edib:

«Meşədə yuva quran arıların qəzəblə vəhşi yırtıcıya necə hücum etdiyini televizorda dəfələrlə görmüşəm. Bal arısı da belədir, özünü islah etməyi bacarır, fəqət bu qanadlı məxluq onu hirsləndirən adamları da bağışlamır. «Arı yuvası» da beləcə çalxalandı, arılar yeşikdən çıxıb öncə öz sahiblərinə hücum etdilər. Bu savaşda tək müsəlmanlar deyil, xristianlar da qurban getdi, qətlə yetirilən, oğurlanan amerikalı, italyan jurnalistlər, neçə-neçə dinc sakin...

«Arı yuvası» planının yaradıcıları olan üç dövlətin kəşfiyyat idarələri - MKİ, «Mossad» və Mİ-6 çaşqınlıq içindədir. İŞİD ümidləri puça çıxarıb, real vəziyyət bunu deyir, bütün gözləntilər əks reaksiya doğurur. Böyük plan yavaş-yavaş fiaskoya uğrayır. İŞİD-in və Bağdadinin ömrünə az qalıb. Çünki onlar heç zaman qiyamət gününün əsgərləri ola bilməz. Belələri ədalətlə davranmağı, imanlı olmağı bacarmırlar. İŞİD bu mənada həqiqət qəsbkarı olan bir təşkilatdır. Bizlər bu cür toplumları allahsızlar da adlandırırıq».

ABŞ SƏFİRİ QƏRBYÖNÜMLÜ FƏALLARI NECƏ TUTDURDU?

«Bizim Yol» qəzetində baş redaktor Bahəddin Həziyevin məqaləsində oxuyuruq:

«Azərbaycan da Yanukoviç Ukraynası kimi ötən ilin dekabrında Avropa İttifaqı ilə assosiasiya sazişinə getsəydi, sonra daha pisi - Rusiyanın təzyiqləri altında bundan imtina etsəydi, nələr olardı?! Təbii ki, İlham Əliyev Yanukoviç deyil və kəskin dönüşlər, düşünülməmiş, hesablanmamış manevrlər etmədi. Azərbaycan tamamilə haqlı bir sualı Avropa siyasətçiləri qarşısında qoydu - Gürcüstan, Moldova kimi ölkələr Avropanın enerji təhlükəsizliyində əsas rollardan birini oynamaq o yana qalsın, heç bir rol oynamaq iqtidarında olmadığı halda, nədən onların ərazilərindəki münaqişələrlə bağlı bir mövqe var, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı isə başqa mövqe (daha doğrusu, mövqesizlik) ortadadır? Bu halda Azərbaycan niyə o sazişlərə həmin ölkələrlə eyni əsaslarda qoşulmalıdır? Üstəlik, Ermənistanla Azərbaycana eyni (ən yaxşı halda eyni) şərtlər təklif olunur və Rusiyanın təhdidlərindən qorunmaqla bağlı heç bir qarantiya da yoxdur. İndi bəzi siyasətçilər və təhlilçilər Azərbaycanda da tez-tez vurğulamağı sevirlər ki, Bakı Avrointeqrasiyada qəti qərar verməlidir, Avropanı seçməlidir və sair. Baxın, Avropanı seçən Ukraynaya. İyunun 27-də assosiasiya sazişinin iqtisadi paketini də imzaladı. Sonra nə oldu? Azərbaycanı belə bir təhlükəli perspektivə, daha doğrusu, perspektivsizliyə, sonu qaranlıq olan yola, macəraya səsləməyin özü ən azı siyasi naşılıqdır, ən çoxunu isə bu düşüncə sahiblərinin özləri desin».

ELMAR VƏLİYEVDƏN YAS MƏRASİMLƏRİ İLƏ BAĞLI TAPŞIRIQ

Gəncədə yas mərasimlərində israfçılığın qarşısının alınması məqsədilə yenilik tətbiq olunub. Gəncə şəhər İcra Hakimiyyətindən «Qafqazinfo»ya verilən məlumata görə, icra başçısı Elmar Vəliyev şəhər aktivi və dini icma nümayəndələri ilə görüşündə yas mərasimlərinin 3 gün keçirilməsini, ehsan olaraq isə ancaq çay süfrəsi açılmasının məqsədəuyğun olduğunu bildirib. O, həmçinin dəfn xərclərinin də nəzarətə götürülməsi ilə bağlı ciddi tapşırıqlar verib:

«2012-ci ildən etibarən Gəncə şəhərində yas mərasimləri 7 gün deyil 3 gün keçirilir. Yas mərasimlərində dəbdəbəli ehsan süfrələrinin açılması, həddindən artıq israfçılığa yol verilməsi yaxşı hal deyil. Din xadimləri, ziyalılar, xüsusilə mollalar əhali arasında təbliğat aparmalı, yas yerlərində sadə ehsan süfrəsi açılmasını təmin etməlidirlər. Ehsan yalınız çay süfrəsindən ibarət olmalıdır.»

Görüş zamanı iştirakçılar bu təklifi dəstəkləyiblər. Ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun hesab edilib.

XS
SM
MD
LG