Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:09

İran: «Pilotsuz İsrail təyyarəsi şimaldakı keçmiş sovet respublikasından havaya qalxıb»


Iran bildirir ki, bu, avqustun 23-də vurduqları İsrail pilotsuz aparatının qalıqlarıdır.
Iran bildirir ki, bu, avqustun 23-də vurduqları İsrail pilotsuz aparatının qalıqlarıdır.

-

İran ordusunun baş qərargah rəisinin müavini Massoud Jazzayeri deyib ki, İsrailin pilotsuz təyyarəsini vurublar, həmin pilotsuz təyyarə “İranın şimalındakı keçmiş sovet respublikasından” havaya qalxıb:

“Təyyarəni Qüdsdəki işğalçı rejimlə əməkdaşlıq edərək İrana göndərən ölkənin öz səhv hərəkətini etiraf etməsini gözləyirik, əks halda onun adını çəkəcəyik”.

Pilotsuz təyyarənin Natanzdakı nüvə obyekti yaxınlığında vurulduğu deyilir. İslam İnqilabı Keşikçiləri korpusunun generalı Hossein Salami deyib ki, pilotsuz təyyarə nüvə obyektinə çatmamış vurulub, onlar həmin pilotsuz təyyarənin bir neçə gün qabaq hansı ölkənin hansı bazasından qalxdığını bilirlər.

Salami deyib ki, İsrail istehsalı olan, radardan yayına bilən “Hermes” markalı pilotsuz təyyarəni İran hava məkanına girən kimi izləməyə başlayıblar, hansı missiyanı yerinə yetirəcəyini izləmək istədikləri üçün dərhal vurmayıblar. İran tərəfi bildirir ki, sözügedən markadan olan pilotsuz təyyarə bir dəfə yanacaq doldurmaqla 1600 kilometr məsafəyə uça bilir. Yüksək dəqiqliyə malik fotolar çəkə bilən 2 fotokamera ilə təchiz edilib.

Iran bildirir ki, bu, avqustun 25-də vurduğu pilotsuz təyyarənin qalıqlarıdır.
Iran bildirir ki, bu, avqustun 25-də vurduğu pilotsuz təyyarənin qalıqlarıdır.

İsrail mətbuatında pilotsuz təyyarənin havaya qalxdığı ölkə kimi Azərbaycanın adı hallandırılıb. İsrail ordusuna yaxınlığı ilə tanınan Debkafile portalı "Hermes-450" aparatının Naxçıvandakı kiçik aviabazadan havaya qalxdığını yazıb.

Azərbaycan Müdafiə Nazirliyi isə iddiaları qəti şəkildə təkzib edir.

Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı virtualaz.org saytına açıqlamasında bəyan edib ki, İsrail istehsallı "Hermes 450" tipli pilotsuz kəşfiyyat təyyarəsinin Azərbaycan ərazisindən buraxıldığı barədə yayılan məlumatlar təxribat xarakterıidir.

Vaqif Dərgahlının fikrincə, belə təxribat xarakterli məlumatlar Azərbaycanın qonşuları ilə münasibətlərini korlamaq məqsədi ilə yayılıb: "Bu tipli pilotsuz uçuş aparatları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin silahlanmasında yoxdur. Bu təxribat xarakterli informasiyanı təkzib edir və bildiririk ki, yayılan məlumatları yaxın qonşularla münasibətlərin korlanmasına cəhd kimi qiymətləndiririk".

Məsələyə münasibət bildirən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov virtualaz.org-a deyib ki, bu, bəzi xarici dairələrin Azərbaycana qarşı növbəti təxribatıdır:

“İşğalçı Ermənistan istisna olmaqla Azərbaycan bütün qonşuları ilə öz münasibətlərini qarşılıqlı etimad, səmimilik, dostluq, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurub. Bu ilin aprelində Prezident İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri yüksək səviyyədə keçib, qonşu ölkənin rəhbərləri ilə görüşlərdə ikitərəfli münasibətlər kompleks şəkildə müzakirə olunub, əvvəlki dövrdə mövcud olan bütün problemlərə aydınlıq gətirilib və sual doğura biləcək heç bir məqam qalmayıb. Görünür belə vəziyyət bəzi xarici dairələri narahat edir və bu tipli informasiyalar Azərbaycanın qonşuları ilə, o cümlədən İranla münasibətlərini korlamaq üçün bilərəkdən dövriyyəyə buraxılır. Birmənalı şəkildə bildirirəm ki, Azərbaycan üçün dost İran dövlətinin ərazisində xüsusi maraq kəsb edən, axtaracağı heç bir şey yoxdur və bu informasiya növbəti təxribat cəhdindən başqa bir şey deyildir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG