Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:47

8 aylıq körpəni həyatda necə saxlamalı?..


Arxiv fotosu
Arxiv fotosu

Balacamız rabdomiosarkoma adı verilən xəstəlikdən əziyyət çəkən balaca Firuzənin həyatı təhlükə altındadır. Bu barədə AzadlıqRadiosunun “Qaynar xətt”inə xəstəlikdən əziyyət çəkən 8 aylıq Firuzənin ailə üzvləri müraciət edib. Onlar körpənin müalicəsinin həm bahalı, həm də çətin başa gəldiyini deyirlər. Anası Türkan Orucova danışır:

“Bu diaqnoz bizi çox məyus edib. Firuzənin uşaqlığındakı şiş onu hələ təzə-təzə anladığı dünyadan apara bilər. Həkimlər körpəmə 7-8 ay kimya terapiyası yazıblar. Ancaq bu, şişin inkişafını dayandırmır”.

AĞIR ƏMƏLİYYATLAR...

Həkimlər cərrahi əməliyyat məsələhət görür. Cərrahi müdaxilə ilə bədxassəli şiş körpənin uşaqlığından çıxarılır. Əməliyyatdan bir müddət sonra MRT olunur. Məlum olur ki, bədxassəli hüceyrələr tam təmizlənməyib və bir sm şiş qalıb. Yenidən aylarla davam edən kimya terapiyasına başlanılır. Çarəsiz valideynlər həkimlərin məsləhət gördüyü hər müalicəni edirlər. Təki Firuzə bu bəladan qurtulsun.

İkinci və daha faciəvi əməliyyat keçirilir. Heç öz uşaqlıq çağını yaşamamış Firuzə gələcəkdə ana olmaq hüququndan məhrum edilir. Əməliyyatla körpənin uşaqlığı çıxarılır. Amma ailə bu dəhşəti qəbul etməyə çalışarkən Firuzədə yenidən qanaxmalar başlanılır. Sən demə, qadın orqanlarının digər hissəsində rabdomiosarkoma formalaşmağa başlayıb. Ailə Firuzənin bütün analiz və müalicə sənədlərini xarici ölkələrdəki müxtəlif xəstəxanalara göndərir. Almaniya və İsraildən ailəni sevindirən xəbər gəlir.

Ana:

“Onlar balamın yaşamasına qarantiya verirlər. Amma bunun üçün bizə 50 min manat pul lazımdır. Bizim buna imkanımız yoxdur”.

Firuzənini atası fəhlə kimi çalışdığından 50 min AZN-i toplamaq imkanında deyil. Həmçinin son bir il aparılan müalicə və müayinələr zamanı 25 min AZN-ə yaxın pul xərclənib ki, bu da ailəni həm varından, həm də ev-eşiklərindən edib.

Hazırda Orucovlar ailəsi yaxınlarının evində yaşayır. Onları yaşadansa bir ümiddir. Bir gün Firuzənin gözlərinin dikildiyi qapıdan ümidləri gerçəklişdirəcək pul gələcək. Bu, onun gələcəkdə ana olacağına imkan verməsə də, ən azından yaşamağına zəmin yaratmış olar.

XS
SM
MD
LG