Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:13

Yenikənddə mal-qara «görünməmiş» xəstəlikdən ölür...


Arxiv foto
Arxiv foto

-

Samux rayonunun Yenikənd kəndində əhali əsasən təsərrüfatla dolanır. Kənddəki bütün evlərinin həyətində ayrıca mal tövlələri, ot tayaları var. Səhərin ala-qaranlığında hamı mal qarasını Kürün suyunda sulamaq və örüşdə otarmaq üçün həyətindən çıxarır. Ancaq 10 günə yaxındır kəndlinin bu düzəni tamam alt-üst olub. Mal-qara elə bir xəstəliyə tutulub ki, nə yeriməyə taqətləri, nə də yeməyə iştahaları qalıb. 20 ildən çoxdur mal-qara saxlamaqla ailəsini dolandıran Səhər Kazımova deyir ki, indiyədək heyvanları belə xəstəliyə tutulmayıb:

«GAH DEYİRLƏR İRANDAN KEÇİB, GAH DEYİRLƏR ÇİÇƏKDİR»

Səhər Kazımova
Səhər Kazımova

«13 malım var. Xəstələnib. Bədənində şişlər əmələ gəlib. Mal-qara bikefləyib. Rayon həkimlərinə zəng elədik, gəldilər. Narahatıq ki, bu, kütləvi xəstəlikdir. Hamının mal-qarasında var. Narahatam, süddən-qatığından istifadə etmirəm. Elə adam var 10 inəyindən 1-i ölüb. Ağır xəstəlikdir. Həkimlər də iynə vurdular. Südünü satıram, qatığını satıram, ətindən istifadə edirəm. Dolanışığım bunlarladır. 8 baş ailəm var. Bəlkə sabah uşağıma düşəcək. Gah deyirlər İrandan keçib, gah deyirlər çiçəkdir».

KƏNDDƏ SON 10 GÜNDƏ 4 İNƏK ÖLÜB...

Heyvanda xəstəlik ilk olaraq dəridə yaranan sulu şişdən bilinir. Zamanla heyvan yeməkdən kəsilir. Əgər vaxtında müdaxilə edilməsə mal-qara tələf olur. Son 10 gündə Yenikənddə 4 iri buynuzlu heyvan ölüb. Ölən heyvanlardan birinin sahibi Hidayət Hüseynov deyir ki, ildə bir dəfə belə baytarlıq mal-qaraları dezinfeksiya etmir, müayinədən keçirmir, xəstəliklər də bu səbəbdən isti aylarda baş qaldırır:

«DEDİK, GEC GƏLDİLƏR, İYNƏ VURAN KİMİ ÖLDÜ»

«Vaksini vaxtında eləmirlər, bir neçə dəfə şikayət elədik, gəlib baxmadılar. 5-10 heyvanımız var. Xəstələndi. Dedik, gec gəldilər, iynə vuran kimi öldü. Deyirlər guya İrandan keçib. Yalandır, vaxtında vaksin vurmurlar, ona görə, milçək camaatı qırır».

Demək olar ki, kənddəki bütün həyətlərdə xəstə inəklər var. Əsas qazanc yerləri olan mal-qaranın naməlum xəstəliyə tutulması əhalini qayğıya salıb. Bəzi sakinlər deyir ki, artıq süddən istifadə etmirlər ki, ailə üzvlərinə və ya satdıqları adamlara xəstəlik keçər:

Hidayət Hüseynov:

«Malın bədənində səpkilər olur, selikli. Həkimlərə dedik, baytara, 4-5 gündür buradadırlar. Dolanışığımız ancaq budur. İstəyərik malımız sağlam olsun».

«KƏNDDƏ NƏ QƏDƏR MAL-QARA VARSA, ONUN YARISI XƏSTƏDİR»

Başqa bir sakin:

«Mal-qara ildə bir dəfə dezinfeksiya olunmalıdır. Analiz götürülməlidir. Heç kim eləmir. Hər yana müraciət edirik, kimdir gəlib edən. Kənddə nə qədər mal-qara varsa, onun yarısı xəstədir».

Xəstəliyin adı ilə bağlı kəndlilərə məlumat verilmir. Sakinlərin dediyinə görə, həkimlər də bu xəstəliyin adını bilmirlər.

Yenikənd Baytarlıq Sahəsinin baytarı Şıxzədi Mirzəyev isə deyir ki, xəstəliyin diaqnozu və ölən mal-qaradan götürülən analizlər laborator müayinəyə göndərilib. Yaxın günlərdə xəstəliyin səbəbi və mənbəyi də tam aşkar olunacaq.

«MİLÇƏKLƏR YAYIR, DƏRİDƏ ŞİŞLƏR YARANIR»

«Bu, dəri xəstəliyidir. Milçəklər yayır, dəridə şişlər yaranır. Xaricdən keçən milçəklər yayır. Qulluq edəndə tez sağalır. Bu xəstəlikdə ölüm faizi 3-4 faizdir. Günəşin altında qalanda olur. Fəsadlar dəri ilə bağlıdır. İnsan üçün riski yoxdur. İndi analizləri laboratoriyaya göndərmişik ki bilək mal-qara dəqiq nədən ölüb».

Əsasən maldarlıqla məşğul olan Yenikənddə 1240 nəfər əhali yaşayır.

XS
SM
MD
LG